İradə AYTEL.Yeni şeirlər
Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, yazıçı-şair, publisist
Qəribəm
Duam Allaha yetmir,
Mən bu dində qəribəm.
Bir qərib də içimdə,
Birəm mində,
Qəribəm.
Məni doğan ögeyim,
Göynəmə göyüm-göyüm,
Suçuyam Yerin, Göyün,
Dolan gendə, qəribəm.
A balamın bələyi,
Yer, sənnəndir diləyim,
Aç köksünü gələyim,
Mən bu təndə qəribəm.
Ona deyin
Ona deyin, verdiyi
Dərdi də sevər oldum.
Gözüm hər acısını
Gördü də, sevər oldum.
Ona deyin, əcəl də
Məndən üz çeviribdi.
Təxti olan köksümü
Atəşi deviribdi!
Ona deyin, bahara
Çıxmam!
Çıxmam bu qışla.
Ona deyin can verən,
“Can” deyəni bağışla!
Ona deyin,
Bağışla!