“Bakı-Təbriz qatarına səyahət…”- Rəbiqə Nazimqızı…

Bakı-Təbriz qatarına səyahət
 
Bakıdan Təbrizə qatar reysi var?
 
Yadıma salıram. Yadıma salıb dəqiqləşdirirəm ki, yox…
 
Təbrizdə olmamışam, amma istədiyim vaxt gedə bilərəm. Heç vizaya da ehtiyac yoxdur, üstəlik, qiymətlər çox münasibdir…
Azərbaycan Yaradıcılıq Fondunun, Azərbaycan Bəhailəri Dini Mərkəzinin, “Zenfilm”lə birgə çəkdikləri qısametrajlı ekran əsərinin beynimdə yaratdığı ilk assosiasiyalar bunlardır.
Film bütünlükdə iki aktyorun – Hikmət Rəhimovla Kamran Yunusun mükaliməsi üzərində qurulub. Bu da təbiidir, məqsəd bəhailiklə bağlı maarifləndirmədir. Hərçənd, ekran əsərində bu dini təriqətin adı bir dəfə də çəkilmir. Çünki maarifləndirmə üçün təməl biliklərdən başlamalısan. Məsələn, “həyatın mənası nədir” sualından. Bu sualına cavab tapan insanın həyatı dəyişir, çünki bütünlükdə ömrünü prioritet saydığı məqamlara hesablayır. İntəhası, suala cavablar fərqli olduğu kimi, prioritetlər də fərqlənir.
Zaman-zaman hamımız bu sualı özümüzə və başqalarına vermişik. Yəqin, oxşar və fərqli cavablar eşitmişik. Din də, elm də həmişə bu sualın cavabını axtarıb. İnanan da, inanmayan da, oxuyan da, oxumayan da hansısa anda özündən soruşur: Mən niyə dünyaya gəlmişəm, niyə yaşayıram. Və ya başqa sual: Allah birdirsə, niyə dinlər müxtəlifdir? Hamı Adəmlə Həvvanın övladıdırsa, insanlar qardaşdırsa, yer üzündə bu qədər çəkişmə hardandır? Doğrudan da, Allahın təkliyini qəbul edən adamlar niyə müxtəlif dinlərə ibadət eləsinlər ki? Bir din olsa, birgə yaşamaq daha xoş, daha gözəl olmazmı? Bununla nə qədər müharibədən xilas ola bilərdik axı…
Hikmət Rəhimovun qəhrəmanı demişkən, maraqlı fikirlərdir. Gözəl niyyət, gözəl arzudur. Buradaca Kamran Yunusun qəhrəmanına müraciət etməli oluram, gerçəklik, yəni bugünümüzün reallığı başqa cürdür. Reallıq hələ həqiqət demək deyil. Həqiqətə xəyanət etmək isə fəsadsız ötüşmür. Necə yəni? Çox sadə. Belə müqayisə aparaq: rüşvət almaq olmaz, amma alırıq, könül qırmaq olmaz, amma qırırıq, paxıllıq, kin-küdurət… olmaz, amma var… Nəticə isə göz qabağındadır.
Bəşər vahid dinə tapınsaydı, nə olardı? Bəlkə, dünya daha gözəl olardı, bəlkə, əksinə, fərqli baxış fərqli fikir yaranmazdı. İnkişaf müəyyən bir mərhələdə dayanardı, bilmirəm.
İstənilən halda, bəhailərin yanaşmalrındakı dünya utopik təsir bağışlayır – insanlar yenə qardaş olacaq, dünya daha gözəl olacaq. Heç mənim özümün də bu nağıla inanmağım gəlmir. Amma elə ilk cümləyə qayıdaq. Çox demirəm, elə cəmi 40 il əvvəl Təbrizə getmək arzudan başqa bir şey deyildi. İndi Bakıdan Təbrizə cəmi 30-35 manata avtobusla gedə bilərsən.
 
Belə. “Qatar mənzili” filmini bəhailərin dünyasıyla tanışlıq yolunda ilk addım kimi uğurlu hesab etmək olar. Bu dünyaya daha dərindən nüfuz etmək istəyirsinizsə, yenə də Yaradıcılıq Fondunun Azərbaycan Bəhailər Mərkəzi ilə birgə çəkdiyi “Vəd Olunmuş Gün” sənədli filminə baxın.
Rəbiqə Nazimqızı
Share: