Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən BİR nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılmaqla sərhəd pozucusu təqib edilib, ərazidə axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənən 1 nəfər sərhəd pozucusu saxlanılıb.
Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqavimət göstərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə baxış zamanı bir ədəd bağlamada 790 qram marixuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.
Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, Tərtər rayonunun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub.
Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.