Alim-filoloq: “Nəsiminin bu portreti haqda fikir bildirin…” – Foto

Bildiyimiz kimi, “Nəsimi İli” münasibəti ilə ölkəmizdə İ.Nəsimi irsinin təbliğatı gücləndirilir və şairin yaradıcılığı daha geniş kütlələrə çatdırılır.

Xatırlayırsınızsa, sentyabr ayında son iki ildə istər bu məqsədlə keçirilən tədbirlərdə istifadə olunan portretlərdə, bannerlərdə, Nəsimi ilə əlaqəli nəşr olunan kitablarda, istərsə də sosial şəbəkələrdə dahi şairimizin ikrah doğuran fotolarından istifadə olunmasının əleyhinə bir yazı ilə çıxış etmişdim. Şairin boyanmış şəkillərinin yayılmasının Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, milli dəyərlərimizə hörmətsizlik olduğunu qeyd etmişdim. Aidiyyatı dövlət orqanlarından – Mədəniyyət Nazirliyindən, Təhsil Nazirliyindən, Azərbaycan Yazıçılar Birliyindən, Azərbaycan Rəssamlar İttifaqından və digər məsul qurumlardan bu problemin aradan qaldırılmasını xahiş etmişdim. Lakin, xahişimizə heç bir qurumdan cavab gəlmədi.

Buna baxmayaraq, qeyd etməliyəm ki, Azərbaycan xalqı hər zaman öz dəyərlərinə sahib çıxmışdır və daima da çıxacaqdır.

Mən müraciət edəndə düşünürdüm ki, bu işdə səlahiyyətli adamlar Nəsiminin boyalı şəkillərinin yığışdırılmasına kömək edəcək. Amma, belə olmadı.

Pisin yox edilməsi üçün ortaya yaxşını qoymaq lazım imiş.

Bu çağırışıma aidiyyatı qurumlardan cavab gəlməsə də, cavab yenə xalqdan gəldi…

Şair-rəssam Sehran Allahverdi Azərbaycan şairi, mütəfəkkiri İ.Nəsiminin yeni portretini (45 x 75 kətan, yaglı boya ) yaratdı. Portretdə mənə görə Nəsiminin əqidəsi, fəlsəfəsi, həyat yolu ilə bütövləşmiş təsviri var. Müəllifə dərin təşəkkür edirik.

İndi bu rəsmi yeni nəşr olunacaq kitabların, jurnalların üz qabığına verərək, beləcə o boyalı şəkillərin də özlüyündə ortadan qalxmasını təmin edəcəyimizi düşünürəm. Və bu məsələlərlə bağlı fəaliyyəti olan hər kəsin, xüsusilə ədəbiyyatşünasların, yazıçı və şairlərin, rəssamların, sənətşünasların və b. portret haqqında fikirlərini bildirmələrini arzu edirəm.

Adilə Nəzərova

Filologiya üzrə fəlsəfə doktoru, şair,

“Kitab evi” İstimai Birliyinin sədri

Share: