Gecikirsən, üsyan elə, ay ürək

“Gənclərə söz verək” layihəsində Əyyub Məmmədov 

(Şeirlər)

Məzarlar da danışır…

Məzarlar da zamanla,
Dostlaşıb tanış olur.
Bəzi daşlar orda da,
Fəhləyə məmur olur.

 

Məzar var ki, başında
Bir abidə ucalır.
Məzar var ki, başında,
Adi bir daş dayanır.

 

Məzar var, il boyu
Həmişə yada düşür.
Məzar var, tarix boyu,
Heç ora yolun düşmür.

 

Məzar var, yanı hasar

Bir qoruğa bənzəyir

Məzar var, kol-kos basır,

Kim olduğu bilinmir.

Adama elə gəlir,
O daşlar da danışır
Ona yaxın məzarla,
Öz dərdini paylaşır.

 Gecikirsən ay ürək

Arzuları bir-bir gerçək etməyə
Vaxt azalıb, gecikirsən ay ürək.
Bu həyatda əməl qoyub getməyə,
Gecikirsən bir az tələs, ay ürək.

Çoxdandır heç yoxlamırsan özünü
Bəlkə sağlam, bəlkə xəstəsən bilək
Deyirdin ki, qəm bağlayıb üzünü
Gecikirsən sil dərdini ay ürək.

Hiss edirəm içində bir boşluq var
Vaxt ötsə də dola bilmir bu ürək.
Çox sakitsən bilirəm ki, sözün var
Töküb, boşalt öz içini ay ürək.

Pünhan tutmusan neçə sirrini,
Bilirəm vəfada tayın yox ürək.
Hərçənd bilməsələr bəzən qədrini,
Gecikirsən üsyan elə ay ürək.

Əvvəlkitək zövq almaqda acizsən
Əl-qolunu itirmiş bir əlilsən.
Son mənzilin uzaq deyil bilirsən
Gecikirsən aman yoxdur ay ürək.

 Alov kimi

Bu bahar da payız kimi,
Sarı, qırmızı keçdi..
Yaşıllığı görmədim
Ya da gördüm,

hiss etmədim.
Çoxdandı fəsilləri,
Yaman qarışdırmışam
Bircə sən qarışmırsan.
Beynimə qoyduğum kimi,
Yerində dayanmısan.
Dünən küləklə qar,
Yaman çovğun yaratdı
Bütün cismim üşüdü.
Təkcə başımdan başqa
Orda elə qalmısan,
İsti daş kömür kimi
Məni yaman qızdırır,
Xəyalın alov kimi…

 

 

Yarımçıq sevgilər

Məhəbbət yolunda yıxılmaq olar
Yetər ki, qalxmağa bir yolun olsun
Ayrılıb yenidən sevmək də olar
Yetər ki, sevməyə bir üzün olsun

Bir ürək nə qədər sevgi daşıyar
O olar, bu olar, o biri olar
Qəlb boxça deyil kim gəldi tuta
Axırda cırılıb, partlayıb daşa

Demə sevənlərim günahkar idi
Yarı yolda qoyub tərk etdi məni
De mən qəlbimi açıq qoymuşam
Hər gələn atını oynadıb getdi

Bir gün geriyə dönüb baxanda
Alnının qırışı çaşdırar səni
Yarımçıq sevgilər bir alov kimi
İçində qaynayıb yandırar səni

 Mərhum şairə Rəhilə Elçinin xatirəsinə

Bir çiçək idin ki, ömürlük təzə
Araz yadigarı qalmışdın bizə
Qəlbində nə böyük gözəl arzular,
Heyf xəyalların düşdü dənizə.

Səndən bizə qalan dəyərli miras,
Təmiz duyğuların, hisslərin oldu.
Yazdığın alovlu, odlu şeirlər,
Bir də kitab dolu xatirən oldu.

Gözəl nümunədir həyat yolların
Vaxtsız yol çıxdı ömür karvanın.
Bilməzdik Rəhilə ziyarətinə,
Şahidlik edəcək nurlu məzarın.

Nə xoşbəxt insansan sevənin çoxdur
Sənin ürəklərdə heykəlin tuncdur.
Uzanır cənnətə indi qolların,
Qovuşar ruhuna Məmməd Arazın.

 Şeirləri İradə AYTEL təqdim etdi

 

Share: