“Biblioqrafik göstərici – 2018” işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2018-ci il üçün biblioqrafik göstəricisi nəşr olunub. “Biblioqrafik göstərici – 2018” kitabı İnstitutun Elmi Şurasının 14 iyun 2019-cu il tarixli, 5 saylı qərarı ilə çap olunub.
Biblioqrafiyanın layihə rəhbəri və baş elmi məsləhətçisi Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir.
Kitabın elmi redaktoru dosent Aygün Bağırlı, tərtibçiləri dosent Zakirə Əliyeva və Sona İbrahimovadır. Biblioqrafiya filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyevanın “Gələcək illərin təməli olan ədəbiyyatşünaslıq elmi biblioqrafiyası” adlı ön sözlə başlayır.
Elmi informasiya və tərcümə şöbəsində hazırlanmış biblioqrafik göstərici Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2018-ci ildə nəşr edilmiş monoqrafiya, dövri mətbuatda və elmi toplularda dərc edilmiş, həmçinin müxtəlif elmi əhəmiyyətli internet saytlarında yer almış məqalə, müsahibə və bədii əsərlərini əhatə edir.
Dörd hissəli, 462 səhifədən ibarət olan biblioqrafiya “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi