Ağ Ev Putin-Tramp danışığının mövzularını açıqladı

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin terrorla mübarizə sahəsində əməkdaşlıq, həmçinin Suriya, Ukrayna və KXDR-lə bağlı məsələləri müzakirə edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı bir saatdan çox davam edib.

“Prezidentlər ABŞ və Rusiyanın noyabrın 11-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində yaydığı birgə bəyanatı bir daha təsdiqləyib.

 

Hər iki prezident BMT TŞ-in 2254 saylı qətnaməsinin icrasının və Suriyada vətəndaş müharibəsinin dinc yolla nizamlanması naminə Cenevrə prosesinin dəstəklənməsinin, qaçqın düşən suriyalıların yurdlarına dönməsinin, vahid Suriyanın stabilliyinin təmin edilməsinin zəruriliyini qeyd ediblər”, – deyə məlumatda qeyd olunub.

“Prezidentlər bütün Yaxın Şərq və Mərkəzi Asiya boyu terrorla birgə mübarizənin zəruriliyini təsdiqləyiblər, onlar həmçinin İŞİD, “Əl Qaidə”, “Taliban” və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi yollarının araşdırılmasına dair razılığa gəliblər”, – deyə məlumatda bildirilir.

“Prezidentlər həmçinin Ukraynada dayanıqlı sülhün reallaşdırılması yollarını, Şimali Koreyanın nüvə silahının yaradılması proqramının dayandırılması üçün bu ölkəyə beynəlxalq təzyiqin artırılmasının zəruriliyini vurğulayıblar”, – deyə Ağ Evin məlumatında bildirilir.

Share: