“Əlil arabasında əyləşən qızın ayaqqabı hirsi, harasa çıxıb gedən ayaqlarının yaddaşını yandırır indi.”- Allahşükür Ağa…

Qatarlar

(Allahşükür Ağa)

Yuxulu – yuxulu gedən qatarlar,
Götürüb bir kəndi ürəyinizə
O gecə haraya aparırdınız?
Ana yuxusutək itkin qatarlar,
Bilirəm, siz harda oyanmısınız?

Şütüyüb işıq tək yarıb gecəni,
Sən demə zülməti qandallayırmış.
Bəlkə də qatarlar ana vətənin,
Içinə yığılan qanadlarıymış.

Içi sevgi dolu ötən qatarlar,
Nə yerdə, nə göydə vağzalınız var.
Nə də ki, dənizdə dayanırsınız.
Qırx birdə baş alıb gedən qatarlar,
Bu gün ürəyimizdə dayanırsınız.

Çağırıram

Darıxıram göy köynəyimin içində,
Yer çox balacadı,
Budur,
Ayağımı atdım,
Düşdüm yerdən…
Bir maşın üstümdən keçincə
Darıxıram belə.
Güllə ürəyimə girincə
Darıxıram belə.
Darıxıram,
Darıxıram,
Yeddi arxa dönənimi
Çağırıram.

Torpaq üçün darıxdım

Çıxdım yaşıl ağaca,
Ağac hər şeydən uca.
Qolumu aça – aça,
Göy üzünə axırdım.

Dilləndi göy dodağı,
Allandı göy dodağı.
Dişlədim göy dodağı,
Durnaları çığırdı.

Mən həsrəti seçməmiş,
Buludları içməmiş.
Bir dəqiqə keçməmiş,
Torpaq üçün darıxdım.

Ay dunya…

Güllə varsa açılacaq,
Bəs indi biz neyləyək?
Bir əlimizdə bayraq, birində güllə,
Bir əlimizdə Quran, birində güllə,
Bir əlimizdə uşaq əli,
Birində güllə,
Biz kimi qoruyuruq, İlahi, kimi?

Taxıl əkirik, tank düzəldirik,
Məktəb tikirik, top düzəldirik,
Dərs söyləyirik, düşmən göstəririk,
Kimi aldadırıq kimi, İlahi?
Biz neyləyək,
Kimin yanıda duraq?
Deyəsən dərs qurtardi, zəng çalındı,
Bəlkə dünyadan çıxaq?

Külək

Külək hardan qaçıb gəlib,
Külək kimin uşağıdı.
Bəlkə külək bu dünyanın,
Pıçıldayan dodağıdı.

Tumurcuqlar ağaclarda,
Külək qəlbli, külək səsli.
Axı külək baharlıdı,
Əzəl gündən yer kürəsi.

Bu küləyə biz neyləyək,
Külək bulud ayağıdı.
Dəli külək Xəzərimin,
Dünya çəkən qulağıdı.

TƏZAD

Gözümdə ildırım çaxır,
Ürəyimdə günəş doğur.
Təzad deyilmi?
olum və ölüm kimi.

Və yaxud
Əlil arabasında əyləşən qızın
ayaqqabı hirsi,
harasa çıxıb gedən ayaqlarının
yaddaşını yandırır indi.

Bəzi adamlar bilmir,
əlil arabası ilə qolboyun olan həyatın şirinliyini.
Ayaqları olanla yerimir həyat,
Amma şikəst ayaqları ilə
Dördnala çapır həyat.
Nə qəribə təzad.

Müstəqil.Az
Share: