Şahnaz ŞAHİN
Deməli, unutmusan
Daha həyəcanın yox,
Gördün əsmir əllərin…
Qarsmır yanaqlarını
Payızın sərt yelləri –
Deməli, unutmusan!
Deməli, dəyişmisən,
Dur güzgüyə bax hələ…
Gör can necə ağrıyır,
Canın uçub gedincə…
Sürtülür, pası çıxır,
Qara-qura qəlblərin.
Daha kömək eləmir
Mənə ürək həbləri…
Sınaq yeridi dünya,
Sınayan sən deyilsən!
Qan uyuşmazlığım var.
Qan verən ki, deyilsən!..
Görüş üçün titrəmir
Ürəyin yarpaq kimi…
Dodağın susuzluqdan
Qurumuş torpaq kimi
Çatlamırsa, deməli,
Unutmusan!..
Unutmusan, deməli!..
Eşq ilahəsi
Sən bir eşq ilahəsi,
Səni nə bilir nadan.
Ağzınla quş tutasan
Eyninə deyil, Adam!
Deyirsən yorulmusan,
Elə mən də.., nə danım.
Məndən başqa kim alar
əzizləyər qadanı?!.
Gəlib çıxıram başa,
Qayıdıram geriyə.
Nə bir iş yarıdıram
Nə də yola gedirəm
Bu köhnə dərd, sərimlə…
Yalvarsam qayıdarsan?
Günə, Aya yalvarım…
Gecə gündüz əl açım
Boz sükuta yalvarım…
Boş yellənir yelləncək,
Qanayır xatirələr…
Sən bir eşq ilahəsi
Ünvanın xatirələr….
Hələ də otaqlarda
Sənin ətirin qalıb.
Qəlbilin sahilində
Duzlu, şor ləpirlərin..
Qalıb, yemək yediyin
qabı da yumamışam!
əlindən düşüb sınan
o şəkil çərçivəsi…
onu da atmamışam…
Hər gün dodaqlarımla
Silirəm şəkilini.
Anam kədərlə baxıb
Desə də ki, neçə yol,
Şəkildən adam olmaz…
Gözündən oğurlanıb
Öpürəm şəkilini…
Gözümdən damcı düşür
Yeməyimin içinə.
Sən saldın, sən, insafsız
Deyib gülən şən qızı
Bax belə bir biçimə!..
Sevinc tək də yaşanar,
Kədərə ortaq gərək.
Hər gün qarşıma çıxır
Qapılar hönkürərək.
Kədər dərir üzümdən
Ləkələnmiş güzgülər.
Quş da yuva bağlamaz
Tənhadısa, təkdisə.
Bu yay da keçib getdi,
Yağış yağdı, düşdü qar.
Bizdən bizə nə qaldı –
Bir künc, bir də dörd divar.
Sataq yalanları aldananlara
Mən ürək alanam, könül satanam,
İlahi, bir fərli alıcı göndər.
Amma bazarında bazar açmasın,
Uzaqdan, yaxından seyrçi göndər.
Köhnə dəyirmanda bayquş ulayır,
Balıqçı tilovu qurdsuz qalıbdı.
Dağılan tifaqlar odsuz, ocaqsız,
Döğulan körpələr adsız qalıbdı.
Baxıram, gözlərim yol tutub gedir,
Yoluma çıxmağa adam gəzirəm.
Bəhanə axtarır ayrılıqlara,
Əlimdə yüz belə xatam, gəzirəm!..
Nə bilim, deyirlər, nəsə olacaq…
İlahi, uşağam, inandır məni..
İlahi, bir yaxşı alıcı göndər,
Sataq yalanları aldananlara…
Sənə məktub, ona namə, özümə mesaj
Lap hərdən təklikdən gizlənib
yazıram –
Sənə məktub,
Ona namə,
Özümə mesaj…
Uçub düşür qollarıma küçələr,
Yollar yatıb sinəm üstə dincəlir.
Buruq-buruq saçlarındı and yerim,
Çağırıram, sevincindən tellənir..
Baş gicəldən hava çalır havalar,
Yırğalanır köpük-köpük dənizlər.
Sınıq-salxaq qayıqlar var uzaqda,
Əlim çatmır bircəciyin düzəldəm…
Təyyarələr bomboş uçur, əzizim,
Biletim yox, uçub gələm yanına…
Bir də nə vaxt yuxu görər gözlərim,
Bir də haçan and içərəm saçına…
Müstəqil.Az