Nə fayda…
(Şamil Ənvəroğlu)
Dönmürsə arzular bir xoş gerçəyə,
Bu Yerlə birlikdə dönsən, nə fayda.
Dayaz ürəklərin,dayaz hislərin
Baş vurub dibinə ensən, nə fayda.
“Keçər bu günlər də” deyib keçərkən,
“Mənim də Günəşim doğar” deyərkən.
İçində hıçqıran bir “mən” in varkən,
Üzdə saxta-saxta gülsən, nə fayda.
Gözlərin uzağa çox baxacaqsa,
Qoynunda boşluqlar uyuyacaqsa.
Hələ bu sevgin də dərd olacaqsa,
Qəlbini kül edib sevsən, nə fayda.
Səni ovudacaq sözlər yoxdursa,
Baş qoyub yatmağa dizlər yoxdursa.
Səni anlayacaq ürək kordursa,
Ömrünü şam edib yansan, nə fayda.
Xoş günlər yanından ötüb keçibsə,
Ruhun da əlindən cana gəlibsə.
Səni “sən” edənlər çoxdan gedibsə,
Bir quru bədənlə qalsan, nə fayda.