QABİL DƏRDLİ
(yeni şeirlər)
SƏN HEÇ KİMİ İTİRMİRSƏN
Yəqin ki, sən darıxmırsan,
Axı qəlbim səninlədir.
Sən yanmırsan, yaxılmırsan,
İntizarın mənimlədir.
Həsrət nədir, sən bilmirsən,
Həsrətini mən çəkirəm.
Sən heç kimi itirmirsən,
Sən itgisən, mən itirən…
TƏK SƏNİ DÜŞÜNÜRƏM
Oturub gecənin qaramatında,
Yenə də tək səni düşünürəm mən.
Bir sərin küləyin, mehin altında
Yenə də tək səni düşünürəm mən.
Külək tellərini saçaqlayaydı,
Tellərin boynumu qucaqlayaydı.
Mən də o telləri daraqlayaydım,
Yenə də tək səni düşünürəm mən.
Dayanmışıq sanki, sənlə üz-üzə,
Sevgimi verməsəm bir an biruzə.
Azacıq nəm dolar o ala gözə…
Yenə də tək səni düşünürəm mən.
Sərilim yoluna bir xalı kimi,
Gözləyim aşiqin vüsalı kimi.
Olsa da bir, körpə nağılı kimi,
Yenə də tək səni düşünürəm mən.