“Qarabağ”ın İspaniyadakı matçı gender zorakılığı ilə mübarizəyə həsr olunacaq

UEFA Avropa Liqasının “Sevilya” – “Qarabağ” matçı gender zorakılığı ilə mübarizəyə həsr olunacaq.

Oxu.Az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşdən əvvəl gender zorakılığı ilə üzləşənlərə dair informativ xarakterli videoçarx nümayiş etdiriləcək.

Bu barədə Sevilya şəhərinin hökumət nümayəndəsi Karlos Toskano Sançes bildirib. Onun sözlərinə görə, bu barədə “Sevilya” klubu ilə razılıq əldə olunub. Eyni videoçarx, həmçinin, bu bazar günü “Real Betis”in basketbol matçında da tətbiq olunacaq.

Bu ilin sentyabrına kimi Sevilya şəhərinin aid olduğu Əndəlüs vilayətində 3269 qadın polisə aktiv müdafiə olunmaq üçün müraciət edib. 016 xidmətinə 235 qadın tərəfindən zəng olunub.

2019-cu ilin ilk altı ayında vilayətdə gender zorakılığına dair 3680 şikayət ünvanlanıb. 2006-cı ildən bu şikayətlərin sayı 75150-yə, müdafiə üçün sifarişlərin sayı isə 19668-ə çatıb.

Qeyd edək ki, 1981-ci ildə üç qadının ölümündən sonra aktivistlər 25 noyabrı zorakılıq əleyhinə gün kimi qeyd edir. 1999-cu ilin dekabrın 17-də isə 25 noyabr tarixi BMT-nin Baş Assambleyası tərəfindən Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması Günü kimi tanınmağa başlayıb.

Share: