(Günay Günəş)
Gəl bənövşə ətirlim…
Sən getdin!
Bütün gözəllikləri özün ilə götürdün.
Məsələn,
Daha əllərim belə “Bənovşə” ətri vermir.
İndi yoxdu saçımda barmaqlarının izləri.
Bu yerə neçə fəsil daha bahar gətirmir,
Bil ki, sənlə gedənlər mənə qayıtmır geri.
Bir tək mənə sənsizlik, birdə hələ sandıqda,
Xəzəl ətri qoxuyan “Nərgiz” çələngi qalıb.
Hələ də qoruyuram, əlim gəlmir atmağa,
Sandığı həsrətinin iyi başına alıb
Bitib sözüm, gümanım
Daha səndən kimsəyə danışıb söz açmıram.
Hər gün dolu döyəclər, qapımı pəncərəmi,
Burda payızdı hər gün, yağışdan göz açmıram,
Yollar darayıb yenə xəzəl kimi saçını,
Dolaşıqlar sındırıb neçə “Ağac” darağı.
Küləklər pıçıldayır qulağıma səsini
Sənsiz yaman darıxdım, yenə bu axşamçağı.
Gecə olur , mürgüləyir yorğun düşən ümidlər,
Xəyalım cırmaqlayır boz yolların üzünü.
Gəl yollardan yığışdır gecələrin gözünü
Mən bütün kölgələri sənə bənzədirəm, gəl!
Mən hələ də səniəm, sənin izzətinəm gəl!
Səndən sonra Göylərin qucağına çatmışam
Səndən sonra nə qədər şeirlər yaratmışam
Gəl ki, səpim ömrünə,
Bənovşə ləçəyi tək.
Gəl, lalədən gözümə
öz əlinlə sürmə çək.
Daha ” sevirəm” lərin neçə əsrlik yolu,
“Ümid edirəm” lərin sonsuz zülməti varmış.
Yenə də fəsillərin yolu düşüb qürbətə,
Mənim payız ömrümün belə qisməti varmış.
Saçlarımın naləsi ərşə qədər yol alıb,
Daha susmağım üçün, bir nəfəslik güc qalıb.
Günün qürub çağıyam,
Solub bətnim bənizim.
Tavanı göz göz olan ,
Bir evim var əzizim.
Dur topla yol çantanı,
Gəl daha, qulağı kar, ürəyi daş sevgilim-
-Bənovşə ayınacan yetiş bənövşə gətir,
Ey əlləri “Bənövşə”, üstü “Nərgiz ətirlim.”
Sadəcə qoy sevim səni…
Sən bir qış günəşi kimi elə dolursan ki, otağıma.
İllərdi buz bağlamış bu ürəyə, təpər olur işığın.
Sən elə bir nur olursan ki, mənim zülmət taleyimə.
Toxunma qoy ilişsin boynuma
Qollarının dolaşığı
Bir damcı yağış ol dodağıma
Susuzluğum sənlə keçsin.
Gülüşnə bürü məni,
Qoy boyuma libas biçsin.
Yada ki, heç sevmə daha
Bircə kərə baxışınla ovut məni
Nə işıq ol zülmətimə
Nə Günəş ol ərit məni,
Demirəm ki, gəl dəniz ol,
Dalğaradan qop gəl mənə.
Mən özümü itirmişəm,
Bircə onu tap gəl mənə.
Demirəm ki, gəl ocaq ol, sönüb qalmış ocağıma
Demirəm ki, qanad al, uç, yetim qalmış qucağıma.
Sadəcə, qoy sevim səni, səni sevdiyim qədər.
Mənə bir sevgi çək!
Bir sevgi çəkə bilərsənmi mənə,
Eynən qaranlığa əks olmuş ay işığı kimi?
Dolaya bilərsənmi boynuma,
Yaz boyunca günəşə sarı uzanan sarmaşıq kimi?
Bir sevgi çəkə bilərsənmi mənə,
Yağlı boyanın kətan üstünə yaraşdığı kimi?
Məni də bulaşdıra bilərsənmi ona,
Bütün rənglərin qarışdığı kimi?!
Mənə sevən birinin hekayəsini danışa bilərsənmi?
Deyə bilərsənmi, dadı nədir, rəngi nə?
Ya da, ya da dur, danışma!
O duyğuları kirayə ver mənə.
Öyrət mənə,
Öyrət sevməyi!
Öyrət yenilənməyi,
Duyğularını ancaq yuxulara satan biri üçün necə olur sevgi?
Bax… Bax , bunu danış mənə!
Mənə bir sevgi yaz!
Dodağı barmaq uclarında.
Mənə bir sevgi yaz!
Barmağı saçlarında.