Ukrayna təyyarəsinin İranda raketlə vurulması versiyası istisna olunmur.
“Vesti”nin məlumatına görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib.
Bununla belə o, bu məlumatın təsdiqlənmədiyini də vurğulayıb.
Qeyd edək ki, Zelenski bundan əvvəl qəzanın səbəblərinin araşdırılması ilə bağlı komissiyanın rəsmi nəticələri açıqlanana qədər fərziyyələrdən çəkinməyə çağırmışdı.
“Araşdırma komissiyasının heç olmasa ilkin hesabatını gözləmək lazımdır. Ukraynanın informasiya müharibəsində olduğu bir şəraitdə hər kəsdən manipulyasiyalar, fərziyyələr, sui-qəsd nəzəriyyələri, tələsik qiymətləndirmələr və yoxlanılmamış məlumatlardan uzaq durmağı xahiş edirəm”, – prezident bildirmişdi.
Ukrayna prezidenti eyni zamanda, “Facebook” səhifəsində bütün beynəlxalq tərəfdaşları, ilk növbədə Amerika Birləşmiş Ştatları, Kanada və Böyük Britaniya hökumətlərini qəza barədə məlumatları İstintaq Komissiyasına təqdim etməyə çağırıb. Onun sözlərinə görə, komissiyaya daxil olan ukraynalı mütəxəssislər işlərini davam etdirir.
Xatırladaq ki, yanvarın 8-də Ukraynanın MAU şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehran aeroportundan uçuşdan iki dəqiqə sonra yerə çırpılıb. Həmin vaxt göyərtədə olan 176 nəfərin hamısı həlak olub.