Kamran Nəzirli – İkinci nəfəs

(novella)

İnessa Markovna liftdən çıxıb ağır təkərli çamadanını dalınca sürüyə-sürüyə qapısının ağzına çatdı, azca nəfəsini dərdi, sonra əl çantasından mənzilin açarını çıxarıb ingilis kilidinin deşiyinə saldı. Oyan-buyana fırlatmaq istədi, açar ilişdi. İkinci dəfə cəhd eləyib sol tərəfə burdu, yenə açılmadı.

Qadın dərhal əsəbiləşdi, açarı dəlikdən çıxarıb gözlərinə yaxınlaşdırdı – özününküydü. Dilinin ucunda deyinməyə başladı: “Lənət şeytana! Həmişə açdığım qapıdı, görən buna nooldu belə? Bəlkə Ales evdədi? Ya bəlkə…”. Başında min cür fikir dolaşdı, növbəti dəfə açarı kilidə salıb sağ tərəfə buranda qapı asanca açıldı. Ürəyi yerinə gəldi, arxayın duyğularla mənzilə girib çamadanı dəhlizin küncündəki güzgülü dolabın qabağına dartdı; ayaqqabılarını çıxartmadan bir anlıq oturub evinin doğma qoxusunu aldı.
O düz on beş gün idi ki, evdə yox idi, cənuba, dincəlməyə getmişdi və bu doğma qoxu üçün darıxmışdı. Amma nədənsə çox üzgün və kədərli görünürdü, heç sanatoriyadan gələnə oxşamırdı; elə bil nəsə itirmişdi, ya da nəyisə yaddan çıxarıb sanatoriya otağında, ya da elə Xəzərin ayaq yandıran qumsal sahillərində qoyub gəlmişdi. Bəlkə də yol yorğunluğuydu sadəcə; təxminən dörd saata yaxın yorucu uçuş, yuxusuzluq, yanındakı sərnişinlərdən birinin körpəsinin yolboyu zır-zır zırıldaması (cavan ana nə billah edirdi, uşaq döşünü əmmirdi ki, əmmirdi, təyyarə bələdçiləri də uşağı kiritmək üçün nələr eləmədilər; axırda ortayaşlı bir qadın körpənin anasına yaxınlaşıb dedi ki, südünə bir damcı dimidrol qatsın, uşaq uyusun, amma səhər mütləq həkimə göstərsin, bəlkə boğazında çöp qalıb!) və əlbəttə ki, ilk dəfə gördüyü Bakıyla bağlı isti xatirələrinin elə o səs-küy və uğultudaca pərən-pərən olması onun hikkəli ovqatına iynə sancmışdı. Əslində isə qadının buna oxşar hal vəziyyətləri otuz beş illik evlilik həyatında tez-tez baş veriridi. Bəzən ona elə gəlirdi ki, evdə nəsə çatışmır, ya da bugünkü həyatı dünənki kimi deyil və dərhal günahı Alesdə görürdü, ərini iynəli sözlərlə sancırdı. Hərdən də ona elə gəlirdi ki, əri həddən artıq simicləşib, evə və ya onun özünə nəsə bir şey almaq lazım gələndə elə bil canını Allah alır, yaxud Larisanın təhsil haqqını ödəmək vaxtı çatanda az qala dəliyə dönür. Halbuki ailənin aylıq gəliri pis deyildi, ər-arvad, üstəlik oğlu Alyoşa da işləyir, yaxşı qazanırdı. Ailə varlı olmasa da, kasıb da deyildi. Buna baxmayaraq, qadın elə bil doqquz yetimlə bir mağarada qalmışdı, yoxluq barədə şikayət etməyə haqqı olmasa da, ona elə gəlirdi ki, evdə (bəlkə də öz iç dünyasında!) hər zaman nəsə çatmır. Onun ən çox sevdiyi və təkrarladığı ifadə də buydu: “əgər belə olsaydı…”
Təbiidir, insan yaşa dolduqca ona elə gəlir ki, dünən bu gündən yaxşıydı və çox vaxt elə bu ovqatla da ömrünü başa vurur. Amma ağıllı adamlar bu günün ətəyindən yapışırlar, gələcək üçün plan qururlar və yaş barədə də düşünmürlər. Keçmişi nə qədər az xatırlasan, ömrün də bir o qədər uzun olar. Bir vaxtlar İnessa Markovna bunları anasından eşitmişdi; müharibənin dəhşətli günlərini və məşəqqətli partizan həyatını yaşamış Yuliya Maksimovna yeganə qızına həmişə xatırladırdı ki, heç vaxt “əgər belə olsaydı…” demə, özünü sonrakı düzgün addımlardan məhrum edərsən.
– Yadında saxla, qızım, yolun əvvəli çətin olur, amma nə qədər ki, cavansan, qayğıları vecinə almırsan, sən əzirsən onları; yolun ortasına çatırsan, görürsən ki, qayğılar sənin əl-ayağına dolaşır, yolun axırında isə səni xurd-xəşil edir…Ona görə də həyatın mənasını axtarmağa dəyməz, elə həyat bir ovuc qayğı deməkdi…
İnessa anasının sözlərinə əvvəllər bəlkə də az əhəmiyyət vermişdi; indi artıq onun altmış  yaşı vardı, düşünürdü ki, bəlkə də o zamanlar anası haqlıymış. Larisanı məzəmmət etdiyi vaxtlarda (dizi yırtıq cins şalvar geymə, gözünü telefona çox zilləmə, çiməndən sonra soyuq havada başına papaq qoy, evə gec gəlmə və s.) bu barədə daha tez-tez düşünürdü. İçi özü qarışıq bütün uşaqlar belədi – iyirmi yaşında valideynə qulaq asmırlar, qırx yaşında ağılları başına gəlir… Axı indi, internet əsridir, sürət, sıçrayış əsas göstərici hesab olunur, anaların düzgün hesab elədiyi şeylər də köhnəlib, zamanla ayaqlaşmaq lazımdı. Bunu da Ales xatırladırdı ona. “Yox, yox, sən nə danışırsan, hər şeyin mənası və rolu var. Həyatını dəyişməsən də, heç olmasa ildə bir dəfə həyat tərzini dəyişdirməlisən”.
Vay o gündən ki, evdə İnessa Markovnanın sözünün üstünə söz gətirəydilər, qadını saxlamaq olmurdu, od tökülürdü ağzından: “Çörəyiniz dizinizin üstündədi! Hamınızı mən böyütmüşəm! İnsafsızlar! İndi məni başa düşmək istəmirsiz! Mənimlə maraqlanmırsız!”. Sonuncu cümləni də elə vurğuyla deyirdi ki, o biri otaqda futbola, ya da “Heyvanlar aləminə” baxan Ales eşitsin. Hə, hə, əslində ərinə görə deyinirdi. Oğlu işdən gələn kimi kompüteriylə əlləşir, Larisa da telefon xəstəsi – nə veclərinə! Əsas Alesdi, bütün günü işdə, gələn kimi də televizor! Kişilər altmışdan sonra əntiqə məşuqə tapırlar da!..
Belə vaxtlarda Ales arvadını sakitləşdirməyə çalışırdı.
– Əzizim, innən belə heç kimi dəyişdirməyə çalışma, özün də rahat olarsan, ətrafdakılar da. Noolub axı? Nəyin çatmır? Özün cavan olmamısan? Qoy uşaqlar öz həyatlarını yaşasınlar da…
İnessa düşünürdü ki, əri hardasa haqlıdır, amma bunu onun üzünə demirdi, əksinə, onu cin atına mindirən “özün cavan olmamısan?” ritorikasıydı, bu sözlər onun içini alt-üst edir, yanıb tökülürdü. Ona elə gəlirdi ki, Ales gərək o ifadəni işlətməyəydi. Axı onun qadın qüruruna toxunur bu sözlər, nə yaşı var ki! Hələ onun gözəlliyinin əsarəti altına düşənlər var, canı, əndamı suludu, barmaqlarında, üzündə, gözlərinin altında bir dənə də qırış görməzsən. Balzak da qəbirdən çıxıb ona baxsaydı, mütləq sözlərinə düzəliş verər, qadının ən gözəl çağlarının altmışdan sonra başladığını deyərdi.
Belə vaxtlarda İnessa Markovna öz otağına çəkilər, kədərini öldürmək üçün fransız yazıçılarının kitablarını oxuyardı. Səhəri gün məktəbdə oxuduğu kitablardan müəllim yoldaşlarına maraqlı epizodlar danışar, rəfiqələri isə ona diqqətlə qulaq asar, hətta bəziləri onun təhliletmə qabiliyyətinə heyran olduqlarını gizlətməzdilər. Qəribəydi ki, evdən fərqli olaraq İnessa Markovna çöldə-bayırda, məktəbdə özünü çox yüngül və rahat hiss edir, ona göstərilən diqqətdən vəcdə gəlirdi. Hətta ən pis şagirdləri belə onun gözəlliyi və şuxluğu qarşısında asanca əriyib ram ola bilirdilər…
Bütün bu ziddiyyətli ruhani hallar ailənin dinc və rahat həyatına mane olmurdu. Ales memarlıq sahəsində xidməti işiylə bağlı tez-tez əyalətlərə, gah da xarici ölkələrə gedirdi, şəhər və rayonların ərazi üzrə kompleks sxemini, yaxud da, özünün dediyi kimi, şəhər və qəsəbələrin baş planını hazırlamaq zarafat deyil ki! Əlbəttə, Ales bu işlərdə çiyninə düşən yükün öhdəsindən bacarıqla gəlirdi, getdiyi, tanış olduğu ölkələrdəki müvafiq layihələrdən təcrübə toplamışdı. Hərdən arvadına zarafatla deyirdi:”Markovna, bir zamanlar məni də Korol  kimi xatırlayacaqlar, mən Vladimir Adamoviçin yerişini yeriyə bilməsəm də, hər halda, xalq görür,  xidmətlərim var…”. Belə vaxtlarda İnessa ürəyində ərinin həqiqətən ağır əməklə məşğul olduğuna inansa da, gülürdü; boz, soyuq gülüş idi bu, qadının içindəki və gözlərindəki mənanı ifadə eləmirdi.
İnessa Markovna yay tətillərində imkan daxilində Belarus sanatoriyalarına güzəştli putyovkayla dincəlməyə gedirdi; lap əvvəllər Alyoşayla gedərdi; oğlan həddi-buluğa çatdı, institutu bitirəndən sonra əsgər getdi, xidmət elədi, arada Nataşa adlı bir qızla nişanlandı da… Sonra aralarında nəsə oldu, deyəsən, qız uşağa qalmışdı və Alyoşadan gizlin gedib uşağı götüzdürmüşdü. Bu da Alyoşanın xoşuna gəlmədi, qızdan ayrıldı. İndi heç xoruzu banlamır, çətin evlənsin, bütün sevgisini kompüterə salıb, bu sahə üzrə mühəndisdi.
Markovna bir müddət dincəlməyə Larisayla getdi. Lakin Larisa da sürətlə böyüdü, vaxt uçurdu. Bir də ayılıb gördü ki, Larisa əməlli-başlı yekə qız olub. İndi onun ərə gedən vaxtıydı. Bu gün-sabah universitet bitirəcək, diplom alacaq. Hələ qayğılar bundan sonra başlanacaq. Məktəbdə İnessa Markovna yaşıdı olan rəfiqələrindən tez-tez nəvə şirinliyi və şıltaqlığı barədə məzəli sərgüzəştlər eşidirdi; o, nənə-qadınların hisslərini başa düşə bilmirdi. Ona elə gəlirdi ki, bu qadınlar ağıllarını itiriblər, axı nə yaşları var, həyatın ən ehtiraslı və şirin çağları bundan sonradı.
Bu il yay girməmiş Ales evə iki putyovkayla gəldi. Ər-arvad sevinirdi (bəlkə də daha çox İnessa sevinirdi!), axı sonuncu dəfə birlikdə nə vaxt istirahətə getdikləri tarixi də unutmuşdular. Cavan vaxtlarında Rusiya, İspaniya, Tayland, Avstriyada olmuşdular, Belarusu kəndbəkənd gəzmişdilər. İndi bu putyokalar göydən düşmüşdü, özü də hara olsa yaxşıdı, həmişə arzuladıqları və görmək istədikləri Azərbaycan. Ordan söz düşəndə Ales hər zaman əsgərlik xatirələrinə qol-qanad verir, sovetin vaxtında xidmət elədiyi günəşli cənub şəhərindən, yerli camaatın hədsiz qonaqpərvərliyindən ağızdolusu danışırdı. İndi  budur, o, uzun illərdən sonra ikinci dəfə o yerlərə gedəcək, özü də arvadıyla gedəcək; Xəzərin  sahillərində dincəlmək ailə üçün əsl cənnət olacaq. Amma sən saydığını say, gör fələk nə sayır! Son anda Alesi nazirlikdən buraxmadılar, daha doğrusu, vacib işlər üçün Çinə ezamiyyətə göndərdilər. Putyovkanın o birinə heç kim (nə uşaqlar, nə də İnessanın rəfiqələri razı oldu!) sahib durmadı, axı hamının öz planı vardı! Qabaqcadan bilsəydilər, bəlkə də müəllim yoldaşlarından kimsə razılıq verib gedərdi. Ona görə də İnessa sanatoriyaya tək getməli oldu, özü də könülsüz. Qadın deyəsən ordan da könülsüz qayıtmışdı; kim bilir, bəlkə elə onun bugünkü dilxorçuluğunun əsl səbəbi də buydu…
İnessa beş otağın hamısını gözdən keçirtdi: hər şey qoyub getdiyi kimiydi, tərtəmiz, səliqə-sahmanlı. Sonra əynini soyunub çarpayıya uzandı. Qadını dərhal yuxu apardı…
İnessa Markovna telefon zənginə ayıldı. Gün saralmışdı. Gör haçan gəlib? Deməli, səhər  doqquzdan yatıb…”Aman Allah! Yayın ortasında qış yuxusudu, nədi?” deyinərək durub gözlərini ovuşdura-ovuşdura telefona sarı yeridi.
– İnes, əzizim, gəlmisən?
– Kimdi? – bir anlıq rəfiqəsinin səsini tanıya bilmədi, hələ də yuxuluydu. – Ah, Sveta, əzizim, səhərdən elə yatmışam ki, dünyadan xəbərim olmayıb…
– Səhərdən düz on dəfə zəng eləmişəm, çox narahat oldum…Televizora baxmırsan?.. Aç bax…Aleksandr İvanıç…
– Nə dedin? Nəəə? Ola bilməz….O Mogilyovdadı axı?! Dünən zəng vurmuşdu mənə… Necə yəni? Həbs ediblər?..
İnessa özünə gələndə qapı zənginin fasiləsiz çalındığını eşitdi. Güclə dəhlizə yeridi, qapını açan kimi Sveta onun boynuna sarıldı.
– Əzizim, sakit ol, təmkinli ol… Bu saat… sakitləşdirici həblər hardadı?..
Sveta rəfiqəsinin qoluna girib onu yataq otağına apardı, cəld mətbəxə cumdu, dolabın gözündən həbləri götürüb yataq otağına qayıdanda İnessa artıq çarpayıda oturmuş, əl telefonuyla əlləşirdi.
– Bağlıdı… heç biri cavab vermir…Mikola Matveiç də cavab vermir…
– Al, əzizim, iç, iç, sakitləş bir az…
– De görüm, noolub axı?
– Vallah, heç özüm də anlamıram…Televizordan eşitdim…Orda, Mogilyovun hansısa kəndində qazıntı zamanı insan sümükləri tapıblar…
– Bunun Alesə nə dəxli var, hə? Ona demişdim, Mogilyova getmə…Sözümə baxsaydı, belə olmazdı…
– Mən də təəccübləndim…Aləm dəyib bir-birinə…Camaat qalxıb, deyirlər, qazıntını dayandırın…
– Ah! Bu da sənin dincəlməyin! Elə səhərdən ürəyimə dammışdı ki, nəsə olacaq…
İnessa hələ də havalanmış kimiydi. Alyoşa yoxdu, Rusiyada kompüter texnologiyası üzrə beynəlxalq seminardaydı. Larisa da rəfiqələriylə birlikdə Litvaya, səyahətə getmişdi. Məsələdən tam agah olmamış uşaqlara xəbər vermək istəmirdi. Axı Ales ona zəng vuranda dedi ki, işlər yaxşıdı…Öyrənmişdi ki, ərinin təsdiq elədiyi Layihə üzrə artıq işlərə başlayıblar…
Qadınlar hava qaralana kimi vurnuxdular, ora-bura zəng vurdular, ailənin tanıdığı adamlarla, Alesin yaxın dostlarıyla, bir sözlə, tanış-biliş, qonum-qonşu qalmadı, hamıyla danışdılar. Məlum oldu ki, Mogilyovda hansısa rayonun ərazisində əyləncə kompleksinin tikintisinə başlamaq üçün yerli orqanlar tərəfindən aparılan qazma işləri zamanı kütləvi insan sümükləri tapılıb. Əslində Ales bundan ötrü gedibmiş ki, görsün, işlər necə gedir; hələ bir neçə ay bundan qabaq tikinti üçün ərazinin seçilməsinə dair akt tərtib edilmişdi,  layihə-axtarış işlərinin aparılmasından ötrü icraiyyə komitəsinin qərarı da vardı. Qazma işlərini aparmaqdan ötrü o qədər kağız-kuğuz hazırlamışdılar ki!  Alesi də göndərmişdilər ki, aparılan qazma işlərinin gedişatını izləsin, inşaatçılar onun hazırladığı cizgidən kənara çıxmasınlar. Hər şey axarıyla gedirmiş, lakin Ales evə qayıtmağa hazırlaşanda xəbər veriblər ki, qazmaçılar Kirov rayonu ərazisində çoxlu insan sümükləri aşkar ediblər, ilkin versiya da bu olub ki, bunlar müharibə vaxtı faşistlərin yandırdığı və amansızcasına qətlə yetirdikləri yaxınlıqdakı kəndlərin əhalisinin kütləvi məzarlığıdır.
Beləliklə, aşkar edilmiş insan sümükləri bütün ölkəni ayağa qaldırıb, yerli əhali etiraz əlaməti olaraq işlərin dayandırılmasını tələb edib. Təbii ki, qəzetlər, televiziyalar tökülüşüblər hadisə yerinə. Əlaqədar qurumların rəhbərləri, hətta Alesin naziri də oraya gedib. Layihə ilə bağlı olan qurumlar və şəxslər əməlli-başlı təşvişə düşüblər. Məsələ dərhal böyüyüb və yuxarılara çatıb…
İnessagilin ailəvi dostu Matveiç zəng vurdu; danışığından belə çıxırdı ki, məsələdə cinayət tərkibi yoxdu, amma, axı hüquq-mühafizə orqanları, ekspertlər, Elmlər Akademiyasının mütəxəssisləri də rayona tökülüşmüşdülər.
– İnes, canım, məncə, narahat olmağa dəyməz, tezliklə hər şey aydınlaşacaq. Yuxarıdan ciddi göstəriş gəlib ki, işləri dayandırın! Araşdırın! Məlumat verin! Doğrudu, ordan verilən xəbərlərə görə, guya elə dünən axşam şəhər icraiyyə komitəsində müşavirə olub, yerli hakimiyyət orqanları və müvafiq nazirlərin iştirakıyla…Mənə dedilər ki, müşavirədə tikinti və memarlıq işlərinə baxan bütün qurumlar top atəşinə tutulub. Guya hamıya möhkəm təpiniblər. Hara baxırdınız? Gözləriniz kor idi? Ərazini niyə vaxtında dəyərləndirməmisiniz? Niyə baxış keçirməmisiniz? Hanı layihənin texniki-iqtisadi əsaslandırması?..O biri tərəfdən yaxşı olub ki, o günahsız insanların heç olmasa sümükləri tapılıb…Bilirsən də, sənin ananla biz 42-də oralarda döyüşmüşük. Orda bizim sümüklərimiz də ola bilərdi…Kim tapacaqdı onları?
Mikola Matveiç Belarusun köhnə kişilərindən idi, İnessanın anası Yuliya ilə birgə Maşerovun  partizan dəstəsində vuruşubmuş. Elə o zamandan Maksimovnanı tanıyırdı və nə qədər ki, arvad sağ idi, tez-tez gediş-gəlişləri olurdu. Ötən il doxsan yaşlı Yuliyanın ulduzu axıb getdi, dəfndən sonra qohum-əqraba, dost – tanış İnessagilə yığışdı, ürək-dirək verdilər, ananın ruhu şad olsun deyə, içdilər. Matveiç qapıdan çıxanda dedi:”Qızım, indi sənin atan da, anan da mənəm, hələ ki, sağam və bir işinizə yaraya bilərəm. Məni unutmayın”. İnessa Matveiçə çox inanırdı, bilirdi ki, Matveiç elə belə, sözü ağzında bişirməmiş çölə çıxarmaz.
– Matveiç, bu işlərin axırı noolacaq? Yəni deyirsiz, Alesin günahı var?
– Əzizim, İnes, sakit ol görək, dəqiq bilmirəm… Hər halda, artıq komissiya yaradıblar, araşdırırlar. İlkin qərar da bu olub ki, tapılan kütləvi məzarlıqda əyləncə kompleksi yox, xatirə abidəsi ucaldılsın, vəssalam. Düşünürəm ki, anlaşılmazlıq olub. Layihəni də, bildiyimə görə, elə Alesin özünə tapşırıblar…
– Ah, bu nə işdi başımıza gəldi? Matveiç, yalvarıram, öyrənin görün Ales hardadı. Mən onsuz yaşaya bilmərəm…
– Yaxşı, yaxşı, zırıldama… Lazım olsa, lap yuxarıya da gedəcəm…
Görürsən də, hər dəqiqənin bir hökmü var! Yox e, saniyəyə söhbət var! Hər an hər şey alt-üst ola bilər, yaxud da tərsinə. Dünən xoş ovqatla ayrıldığın sanatoriya ilə bu gün başına gələn pis şeylərin nə əlaqəsi var axı? Həyat bu əlaqələr üstündə qurulub bəlkə? Ah, necə gözəl hisslər yaşamışdım! Ah, necə pis xəbərlər eşidirəm! İnsan beynindəki müxtəlif neyronlar doğulandan ta qocalanadək dəyişirlər, ölürlər, dirilirlər;  görürsən ki, xarici aləmdəm məlumatları alıb-ötürür, bizim hiss və duyğularımıza havadarlıq edirlər.  Həssasları lap poçtalyon kimidi, bizi xarici aləmlə bağlayır, müxtəlif məlumatlar alır, qəfil pis xəbərləri, ağrı-acıları alanda məhv olurlar; şüşədən də nazik və dəymədüşərdilər – bircə anda çat verə bilərlər; qəfil pis xəbəri qəbul edəndə kütləvi surətdə məhv olurlar, yaxşı xəbərlər isə ölü neyronları dirildir, onlara yeni həyat verir. Bunları deyəsən o bakılı yazıçı var e, onun kitabından oxumuşdu. Oxumuşdu və yadda saxlamışdı. Bu anlarda İnessaya elə gəlirdi ki, onun həqiqətən yaşı çoxdu, lap çoxdu, çox! Və o, bir qadın kimi heç cür Balzak qadınlarıyla müqayisəyə gəlməz. Halbuki bundan əvvəl o, tamam başqa cür düşünürdü, mühafizəkar qadın kimi. Düşünürdü ki, qadın heç vaxt qocalmır, qadın hər yaşda gözəldi, xüsusilə onun yaşında olan qadınlar üçün həyat indi-indi başlayır. Amma indi elə bil birdən-birə anladı ki, pis xəbərlər insanı qocaldır, özü də dərhal qocaldır, yaman qocaldır…
– Əzizim, həyat qurtarmır ki, özünü ələ al, baxarsan, elə günün axırına Alesdən bir xəbər çıxar…- Sveta kofe fincanlarını mizin üstünə qoydu.- Bir də axı, bəlkə anlaşılmazlıq olub, görmürsən Matveiç dedi ki, təzə işi də Alesin boynuna qoyublar….
– Məni də toxdadan elə budur, Svet…Ah…bircə Ales telefona cavab verəydi…
Axır ki, Ales telefonu açdı.
– Narahat olma, əzizim, hər şey qaydasındadı. Evə gəlirəm…
Qadınların ovqatı durulaşdı, dərhal əl-ayağa düşdülər. Heç onca dəqiqə keçmədi ki, qazan qaynadı, soyuducuda nə vardısa, mizin üstünə qoyuldu; evi ətirli belarus kartofunun qoxusu bürüdü. Sveta dərhal mağazaya qaçdı, salat üçün çatışmayan ərzaqları alıb gətirdi; süfrə təzəcə açılmışdı ki, qapının zəngi çalındı. Qadınlar ikisi də qapıya yüyürdü, Alesi görüncə, boynuna sarıldılar.
– Düzünü de, hər şey qaydasındadımı, əzizim?
– İnes, dedim ki, hər şey yaxşıdı, əslində mənə yeni Layihə tapşırdılar, özü də təcili təhvil verməliyəm…
– Urra!- Sveta qışqırdı,- mütləq bunu qeyd etməliyik.
– Əlbəttə! Həm də İnesin gəlişini!
Təzəcə oturmuşdular ki, Matveiç də gəlib çıxdı. Əlindəki “Bulbaş”ı stolun üstünə qoyanda İnessa dedi:
– Yox, yox, Matveiç, bu gün sizə Azərbaycan konyakı verəcəm,- deyə hələ də açılmamış çamadanından üstündə “Gəncə” yazılan büllur şüşəni çıxarıb yeyin addımlarla stola tərəf yeridi. – Bunu mənə bakılı dostlarım hədiyyə verib. Məncə, bu gün onu açmağa dəyər!
– Həə, həəə, əlbəttə, əlbəttə…- Matveiç əllərini bir-birinə vurdu.- Onların konyakı yaxşı olur…
– Onların hər şeyi yaxşıdı…- İnessa ah çəkdi.- Lap neft kralları kimi yaşayırlar…
– Doğru deyirsən?- Svetanı maraq bürüdü.
– Hə, hə, doğru deyir,- Matveiç yenə əllərini bir-birinə şappıldatdı. – Neft, neft… neft ölkəsi belə olur…
– Di yaxşı, yaxşı, söhbəti dəyişin…Gəlin bügünün şərəfinə… – Ales dedi.
Qədəhlər cingildədi, hamının üz-gözündən məmnunluq yağırdı. Gecə yarısı artıq süfrə başına yığışanların sayı çoxalmışdı. Qonşu mənzildən İrina Arkadyevna əriylə, ikinci blokda yaşayan Larisanın ingilis dili müəlliməsi Diana Şiffer böyük oğluyla gəlmişdilər. Hamı Aleslə maraqlanırdı, hamı həyəcanla gəlsə də, təntənə və ziyafətlə qarşılaşdı. Və bu da onları qane edirdi, süfrədəki konyaka moldovan şərabları və belarus araqları da qoşuldu.
Nəhayət, Matveiç ayağa durdu.
– Di bəsdi, getmək vaxtıdı. Ümid edirəm ki, Alesin işləri bundan sonra daha yaxşı olacaq. Mənimsə ondan bircə xahişim var: İnesdən muğayat olsun, vəssalam.
Sözlər İnessanın ürəyinə yağ kimi yayıldı. Əslində, bu bir neçə saat ərzində heç kim onunla maraqlanmamışdı; necə getdi, necə gəldi, özünü necə hiss edir…Əlbəttə, Aleslə bağlı hadisə olmasaydı, bəlkə də maraqlanardılar. Amma yox, heç olmasa, Ales özü soruşaydı, halımı xəbər alaydı. Qadın yenə özünü o yerə qoymadı, düşündü ki, ötüb keçəcək. Əsas odur ki, əri yanındadır. Gör bir neçə saat içində nə qədər həyəcan, təşviş yaşadı! Nə qədər əzab çəkdi! Heç Ales belə etməzdi! Amma o, həyəcandan çox pis oldu. “Müqəddəs Məryəmə and olsun, Sveta olmasaydı, bəlkə də çoxdan havalanmışdım!”
İnessa Markovna qonaqlar gedəndən sonra fikirli-fikirli yatağa girdi. Ales həmişəki kimi onun alnından yüngülcə öpdü. Qadın qısılıb doluxsundu. İsti bir damcı Alesin qolunun üstünə düşdü.
– Niyə ağlayırsan, əzizim?
– Bilmirəm…
Bir müddət ikisi də susdu.
– De görüm, məni sevirsən?- İnessa qəfil soruşdu.
– Başa düşmədim, bu nə sualdı belə?
– Yox, düzünü de, məni yenə əvvəlki kimi sevirsən?
– Əlbəttə, əzizim! Niyə birdən-birə ağlına belə sərsəm sual gəlir?
– Sərsəm sual deyil, Ales, sən heç mənimlə maraqlanmırsan…Məgər mən yaşlaşmışam?
– Yaxşı, yaxşı, yum gözlərini, əzizim, yat, sabah danışarıq. Bu gün çox gərgin olub.
– Sən heç sabah da mənə cavab verməyəcəksən…Həmişə belə deyirsən, səni yalnız iş maraqlandırır. Gah o şəhərə, gah bu şəhərə, gah o ölkəyə…Nə bilim…Günlərin ezamiyyətlərdə keçir. Mən özümü yalqız hiss edirəm. Ha vaxta kimi belə olacaq?
– Əzizim, sabah yenə Mogilyova gedirəm. Başa düşürsənmi, çox vacib və məsuliyyətli iş tapşırıblar. Nazirlə birlikdə gedirəm… Zarafat deyil. Bilirsən, əslində bizi  ora, nazirin yanına aparmışdılar… bütün ekspert və layihəçilər… müzakirə elədik, yeni xatirə kompleksinin czgilərini cızdıq… məlumatlar, cizgilər… yuxarıya qədər gedib çıxdı, gözlədik… nəhayət cavab gəldi… bəyəndilər…Bilirsən, bu nə deməkdi? Sən belə şeyləri hardan biləsən? Sən axı dincəlirdin…Mən hər gün işləyirəm. Məcburam işləməyə. Bura sənin üçün neft ölkəsi deyil e! Bax sən, artıq pul xərcləyəndə, ya da bir israfçılıq edəndə, bilirsən niyə əsəbləşirəm? Maaşa baxıram, əlavə qazanc yerim də yoxdu… Pulu göydən tökmürlər. Bilirsən niyə, əzizim? Eşidirsən?..
İnessa Markovna yuxulamışdı, ərini eşitmirdi. Görünür, qadın bilirdi ki, ərindən yenə könlü istədiyi cavabı ala bilməyəcək. Ya da, bəlkə dəfələrlə eşitdiyi eyni çeynənmiş sözləri eşidəcək.
Səhər Ales yenə Mogilyova getdi. Qapıdan çıxanda İnessa dedi:
– Ümidvaram ki, bu dəfə yaxşı xəbərlər eşidəcəyəm.
– Sən heç görmüsən ki, Mogilyovdan yaxşı xəbər gəlsin?- Ales zarafata salıb gülə-gülə qapıdan çıxdı.
Əri gedəndən sonra qadın əvvəlcə oğluna zəng vurdu, arxayın oldu ki, Alyoşa yaxşıdı,  gecəki hadisədən də xəbəri yoxdu. Telefonda öpücüklər göndərib sağollaşdı. Sonra Larisanı yığdı. Qızı telefonu açan kimi anasına aman vermədi.
– Ana, evdəsən? Lap yaxşı, atam necədi?
– Yaxşıdı…
– Ana, bura elə gözəldi ki! Rəfiqələrim sənə salam söyləyir…
– Sağ olsunlar. Məndən də salam. Özündən muğayat ol…
– Sən də. Öpürəm…
Telefonu söndürəndən sonra xeyli fikrə getdi. “Heç biri maraqlanmadı. Hərə öz hayındadı. Elə bil bu evdə təkcə ata var, ana yoxdu. Ay sizi! Elə bilirsiz, mən yaşlaşmışam? Əgər mən…”
Birdən-birə nə düşündüsə, cəld vanna otağına girib duş qəbul elədi, sonra güzgünün qabağına keçib ətirli şampunla yuduğu saçlarını quruladı; üz-gözünü qaydaya saldı, təzə libasını, qara dikdaban ayaqqabılarını geyindi. Anasındanqalma qızıl boyunbağını taxdı… Güzgünün qabağında özünə heyran-heyran baxdı, o yan-buyana fırlandı, zümzümə edə-edə rəfiqəsini yığdı.
– Svet, gəl görüşək. Hə, hə, Qələbə meydanının yanındakı kafedə, həmişəki yerimizdə.
Qadına elə bil ikinci nəfəs vermişdilər, ya da bax, elə bu gün o, sanki orta məktəbi bitirib, son zəngə tələsir; özünü çox şux və gümrah hiss edirdi. Gözləri gülür, çöhrəsi gül açmışdı. Sveta rəfiqəsini görən kimi bu təravətdən heyrətləndi:
–  Ay qız, nə gözəl görünürsən? Maşallah, ay parçası…İndi bilinir ki, sanatoriyadan gəlmisən…
–  Məgər əvvəllər belə deyildim?
–  Beləydin, əzizim. İndi lap su sonasına oxşayırsan!
– Bilirsən, Svet, evdə olanda sanki özümü ölü hesab edirəm. Çölə çıxanda elə bil dirildirlər məni. Mənə elə gəlir ki, evdə məni sevmirlər, çöldə isə hamı mənə baxır, hamı mənim gözəlliyimə heyrandı…
– İnes, sənə noolub? Əməlli-başlı dəyişmisən! Danış görüm, oralarda sənə nə ediblər belə? Qafqazlılar şuluq adamlardı yaman…
– Məncə, sən bir qədər şişirdirsən. Əvvəla, adamlar qoz kimidi, sındırmasan bilməzsən içində nə var. Hər halda, onlar haqqında ilk təəssüratım çox müsbətdi, qonaqpərvər və diqqətcildilər. Evcanlı, ailəcanlı adamlardı. Doğrudu, bizim kimi səliqə-sahmanlı deyillər. Şəhər və qəsəbələri təmiz deyil, xidmət bizdəki kimi deyil, adamlar və maşınlar qırmızı işıqdan da keçirlər. Amma yeməklərinə söz ola bilməz. Kişilər nəqliyyatda qadınlara yer verirlər…
– Deyirlər, kişiləri iki-üç arvadlı olur, düzdü?
– Ay qız, qanunla icazə verilmir. Amma onlar evdə də, çöldə də arvad saxlayanda hər ikisinə eyni gözlə baxırlar. Hə, hə, bunu mənə orda dostlaşdığım yerli sakinlər dedilər. Mənə də yaman baxırdılar…Görən deyirdi “ah, siz necə də gözəlsiniz!”
– Gözəl qadını kor da görər…Bir də axı, sən hələ cavansan.
– Çox sağ ol, əzizim, sən çox diqqətlisən…
Qadınlar düşündüklərini öz aralarında paylaşanda daha arxayın və rahat olurlar. İnessa Markovna da özünü çox arxayın, rahat hiss edirdi, dünən axşamkı həyəcan və sarsıntı yaz küləyi kimi uçub getmişdi; səsi ipək kimi yumşalmış, gözəl bir yay səhəri dərənin dibində sakit-sakit axan çayın zümzüməsinə bənzəyirdi. Bu anlarda İnessa ona ikinci nəfəs verəcək varlığın ayaqlarını ətir saçan saçlarıyla belə silməyə hazır idi, Lazarın bacısı Məryəm  kimi; təki o varlıq ölmüşləri diriltməyə qadir Məsih olsun…
KAMRAN NƏZİRLİ 
Qrodno, iyul, 2019-cu il
Share: