(Yazdıqca çox ağır stress keçirdiyim əsər)
Payız idi. Soyuq noyabr ayı. Şiddətli yağış yağırdı. Evimizdə müqəddəs bir qadının nəfəsi əksik idi. Sanki evimizi onun nəfəsinin istiliyi isidirdi… Amma indi üşüyürdüm. Yanağımdakı göz yaşları hətta donurdu. Çünki o müqəddəs qadın nəfəsini artıq bu dünyanı, evimizi isitmək əvəzinə yuxarılara qalxmaq üçün bir addım etmişdi. O son nəfəsini yuxarılara getmək üçün, gözlərimin önündə vermişdi. Gözlərində doyumluluq görmüşdüm. Hə bir də həsrət. Həmişə həsrət çəkən qadın yenə həsrət çəkəcəkdi. Buna əminəm. Çünki o bizi çox sevirdi. Bizim həsrətimizi çəkəcəkdi oralarda. Başqalarını sevən qadın idi o, çox əzab çəkmişdi, amma heç vaxt insanları sevməkdən vaz keçməmişdi, fədakar idi. Biz sevməyi, fədakarlığı, qorumağı ondan öyrənmişdik. O həmişə deyirdi, ” bəzi insanların gündəliyi olur, dərdlərini, sevinclərini yazırlar ora. Mənim gündəliyim şeirlərimdir. Məni tanımaq istəsəz, şeirlərimi oxuyun”. Bəli, nənəm şairə idi. El-oba içində hörməti, adı olan xanım idi. Həqiqi xanım idi. İncə, zərif, gözəl. Nə qədər qocalma da gözəlliyini itirmədi. O ən çox güzgüyə baxıb əzabını dilləndirərdi, danışar, ağlıyar, sonra kinayə ilə gülərdi. Nənəmi çox sevirdim ta uşaqlıqdan. O mənə dünyanın ən anlayışlı, ən qayğıkeş, ən zəhmətkeş atasını bəxş etmişdi. Nənəm bibimə də, atama da çox gözəl tərbiyə vermişdi. Onu tərifləyərək o insanı tam ifadə edə bilmərəm. O qədər dəyərli qadın idi. Evimizdə nənəmin ayrıca otağı vardı. Orda köhnə-yeni əlyazmaları vardı. Bir gün şeirlərini əlyazma şəklində oxumaq istədim. Qarşıma qara üzlü qalın bir dəftər düşdü. Tozlanmışdı. Tozunu əlim ilə silib dəftəri açdım. Vərəqləri saralmışdı. Gözucu baxarkən vərəqlərin hər yarpağında damcı izləri gördüm. Yazılar isə şeir deyildi. Sanki roman yazmışdı. Diqqətimi cəlb etmişdi. Otağın qapısını bağlayıb, oxumağa başladım.
“O 14 yaşında qadın olmuşdu. Hətta ana. Amma axı özü uşaq idi, o necə ana ola bilərdi? Balaca qız, ona təcavüz edən şəxsə zəng edib, mən hamilə yəm deyəndə belə “Mən hardan bilim o uşaq məndədir?! Məndəndirsə də lap yaxşı. Desənə ata oluram” deyərək qızı məsxərəyə qoymuşdu. Çarəsiz qız aptekə gedərək, anasının adını istifadə edib, dərman almışdı. Onu içmişdi. Və unitazın üzərində oturub Allaha onu bağışlaması üçün dua edib, imtina etdiyi körpəsindən üzr istəyərək səhərə qədər ağlamışdı… Manyak təcavüzcü qızdan əl çəkmək istəmirdi. Hətta qızı başqalarına təklif etmək fikrində idi. Yox. Əlbəttə bacarmadı. 14 yaşlı balaca qız özünü düşmək üzərə olduğu bataqlıqdan çıxara bildi. Öz izini itirməyə nail olaraq, özünü dərslərinə verdi. Ali məktəbə qəbul oldu. İllər keçmişdi. Qız sanki sağalmışdı. Ən doğrusu yarası qabar bağlamışdı. Gözəl qız idi. Sevəni çox idi. O isə münasibət qurmağa çəkinirdi. Axı o bakirə deyildi. Kimə desə ona qarşı fikri dəyişəcəkdi. Faciəsini gizlədərək bir – iki uğursuz münasibət yaşadı. Nəticədə o da insan idi. Kimləsə münasibət qurmağa haqqı vardı. Sonra elə biri çıxdı ki, həmin adama bağlandı. Həm də çox. Amma o ona təcavüz edən şəxsin tanışı idi. İlahi sən bir işə bax! Günlərin bir günü sevgilisinin telefonuna baxarkən bildi bunu. Və bitirmək lazım idi. Zəngini görərkən əlləri sevincdən əsən qız bir bəhanəylə bitirdi münasibəti. Sonra bir adam gəldi. Bu qızı sevdi. Həm də çox sevdi. Qız onu sevə bilməsə də ona etibar etdi. Həm də çox. O qədər çox ki sirrini etibar etdi. Sevgisi isə özünü sübut etdi. Adam “hər halınla qəbulumsan” dedi. Amma olmurdu. Heç cürə olmurdu. Qız o adamı sevmir, sevə bilmirdi. Qarşılıqlı səhvlər hər ikisini yordu. Qız ayrılmaq qərarına gəldi. Bu fikir ağlında dolanarkən kimsə onu bərk qucaqladı. Başını qaldırıb göz yaşlarını sildi. Hər daim qucaqladı. Qız əzab çəkirdi. Vicdan əzabı. Adamı tərk etmişdi deyə. Adam isə divanə olmuş, soyuq, isti, gecə, gündüz hey ağlayırdı. Onu qazanmaq üçün cəhdlər edirdi. Amma qızı başqası elə qucaqlamışdı ki o sehrlənmişdi. Elə bilmişdi ki, axtardığı adamı tapıb, əsl sevgini tapıb. Hə, bu adama da sirrini vermişdi. Həm güvəndiyi, həm sevdiyi üçün. Amma bu qıza sanki bədbəxtlik diləmiş kimi güvəndiyi, əsl sevgi sandığı əsl xəyanətkar çıxdı. Qızın hisləri puç olmuşdu. Səhərə qədər qışqıra – qışqıra, hıçqıra – hıçqıra ağlamışdı. Bəddua etməyən bu qız bəddualar yağdırmışdı. Və onu sevən adama dedi hər şeyi. Puç etdilər dedi, heç etdilər dedi… Bax, o adam var ha, o adam qızı bağrına basdı. Başqalarına sığınma daha, mənə sığın sadəcə dedi. Qarşılıqlı ağladılar. Hey, sən ordakı, qarşılıqlı ağlamaq bilirsənmi nə deməkdir? “
Dəftəri sona qədər oxuya bilməyərək çırpdım yerə. İlahi, bu qadın dağ idi, daş idi, yoxsa mənim nənəm idimi?!
Bənövşə Mahmudqızı