Bu gün prezidentlərin Tehran sammiti başlayır

Azərbaycan, Rusiya və İran dövlət başçıları üçlü formatda ikinci dəfə bir araya gələcəklər; Bakı üçün əsas hədəf…

Noyabrın 1-də Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçlü sammiti keçiriləcək. Qeyd edək ki, Tehran sammiti bu formatda keçirilən ikinci tədbirdir. Ötən il avqustun 8-də Bakıda üç prezident bir araya gəlmişdi. O vaxt bir sıra sənədlər və yekun bəyannamə imzalanmışdı.

Bugünkü Tehran zirvəsində də ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək. Eyni zamanda prezidentlər arasında ikitərəfli görüşlər nəzərdə tutulur. Yeri gəlmişkən, az öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, prezidentlərin Tehranda gözlənilən üçtərəfli görüşü “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına həsr olunacaq.

Ötən il Bakıda keçirilən toplantıda gündəlikdə iqtisadi əməkdaşlıqla yanaşı, regional təhlükəsizlik, terrora qarşı mübarizə, narkotik ticarəti problemi kimi mövzular vardı. Bu il də böyük ehtimalla regional təhlükəsizlik, terrorun bölgəni təhdid etməsinə qarşı birgə əməkdaşlıq kimi mövzular müzakirə olunacaq. İran və Rusiya İraq və Suriyada başa çatan terror müharibəsinin və konkret olaraq İŞİD təhlükəsinin bizim regiona sıçramasından narahatdır. Həmçinin, ehtimal ki, Azərbaycan tərəfi Qarabağ münaqişəsinin həlli məsələsini qaldıracaq, hər iki güclü region ölkəsinin Ermənistana təsir etməsini istəyəcək.

Ancaq şübhəsiz ki, Tehranda əsas mövzu “Şimal-Cənub” dəhlizi nəqliyyat layihəsi olacaq. Söz düşmüşkən, ötən həftə Azərbaycan hökuməti və İran arasında “Şimal-Cənub” layihəsinin maliyyələşməsi ilə bağlı razılaşma əldə olunub. Razılaşma Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi haqqında olub. “Trend”ə açıqlamasında İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə baş direktoru Hüseyn Yaqubi bildirib ki, İran Mərkəzi Bankının, İqtisadiyyat və Maliyyə Nazirliyinin, eləcə də “İran Dəmir Yolları”nın nümayəndələri Bakıdakı keçirilən görüş zamanı azərbaycanlı həmkarları ilə dəmir yolunun tikintisi üçün kredit ayrılması şərtləri barədə razılığa gəliblər.

Qeyd edək ki, Rəşt-Astara dəmir yolu məntəqəsi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanın, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsinə hesablanmış “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm hissəsidir. İlk mərhələdə dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

Maraqlıdır ki, iki gün əvvəl Bakıda başqa bir qlobal nəqliyyat layihəsinin – Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılış mərasimi keçirilib. Böyük İpək Yolu layihəsinin bir hissəsi olan bu dəmir yolu Orta Asiya ilə Qafqaz və Avropanı birləşdirəcək. “Şimal-Cənub” layihəsi isə Rusiyadan Hind okeanı sahilinə çıxacaq böyük bir nəqliyyat dəhlizi deməkdir. Hər iki layihənin həm coğrafi olaraq, həm də iqtisadi baxımdan mərkəzində Azərbaycan dayanır. Layihələrin təşəbbüskarı və maliyyələşdirən Bakıdır. Bu isə gələcəkdə Azərbaycanın nəqliyyat sahəsində önəmini artıracaq.

Məsələ ondadır ki, İran nüvə anlaşmasını imzaladıqdan sonra Avropa ilə ciddi iqtisadi əlaqələr qurmağa başlayıb. Avropa İran kimi böyük bir bazarda işləməkdə maraqlıdır. Hətta Trampın nüvə anlaşmasına yenidən baxılması təklifinə Avropanın reaksiyası göstərdi ki, Tehran Avropa üçün xeyli vacib bir tərəfdaşdır. Çünki İran həm regionda sabit, yatırım üçün təminat verən, böyük enerji ehtiyatlarına, sərvətə malik olan, eyni zamanda 80 milyonluq daxili bazar deməkdir. Üstəlik, Tehranın indi həm Yaxın Şərq, həm də Mərkəzi Asiya, Əfqanıstan, Pakistan kimi ölkələrə də ciddi çıxışları var. Belə bir bazar hər kəsi maraqlandırır. Azərbaycanın yeni nəqliyyat layihəsi yalnız İran və Rusiya arasında dəmiryol xətti deyil, həm də Hind okeanından Rusiya və Avropaya qurulan körpüdür.

Digər tərəfdən, “Şimal-Cənub” dəhlizi siyasi əhəmiyyətinə görə də yüksək qiymətləndirilir. Çünki bu layihə vasitəsilə Bakı həm Moskva, həm Tehranla yaxın əlaqələrini qoruyub saxlaya, bu ölkələrin siyasi elitasına təsir etmək imkanına sahib olacaq. Qafqazda enerji və nəqliyyat dəhlizinə çevrilən ölkənin iqtisadi dividentləri ilə yanaşı siyasi önəmi də artacaq.

Share: