Azərbaycanda ailələrin oğul istəyi,”qayınana” qanunları və bir qızın faciəsi…

“Heç bir ailə təzyiqi olmadan bir-birimizi sevib ailələrimizin razılığı ilə yoldaşımla ailə qurmuşam. Artıq 4 ildir ailəliyəm. Yoldaşımgil ailədə 3 qardaş olublar. Hər üçü evlidir. İkisinin də ilk övladı qız olduğu üçün qayınanam mənim oğlan dünyaya gətirməyimi istəyirdi. Həkim yoxlanışına gedəndə məlum oldu ki, övladım qızdır. Qayınanam bu uşağın dünyaya gəlməsini istəmədiyini deyərək, yoldaşımı da razı salıb hamiləliyimi sonlandırdı. Artıq 2 ildir övlad sahibi olmaq istəsəm də, alınmır. Həkimlər növbəti hamiləlik zamanı düşük riskinin yüksək ola biləcəyini, hətta ümumiyyətlə, övlad sahibi ola bilməyəcəyim riskinin də yüksək olduğunu deyirlər”.

Hər il minlərlə ailə bu problem üstündə dağılır, minlərlə ailədə qadınlar analıq hissindən məhrum edilir, minlərlə qadın ölüm riski ilə qarşı-qarşıya gəlir. Yuxarıda qeyd edilən sözlər adının açıqlanmasını istəməyən həmsöhbətimizin dilindəndir. Ölkəmizdə ailəsi tərəfindən bu cür təzyiqlərə məruz qalan qadınların sayı isə təəssüf ki, az deyil…

Müasir dövrdə ən aktual problemlərdən biri də selektiv abortlardır (hamiləliyin sonlandırılması). Cəmiyyətdə oğlan uşaqlarına üstünlük verilməsi insanların beynini yeyib bitirir. Əgər qadın hamilədirsə, onun və uşağın sağlamlığı qalır bir kənarda, ağıla gələn ilk sual isə bu olur – “uşaq oğlandır, yoxsa qız” Məlum olanda ki, uşaq qızdır, təəssüflər olsun ki, müxtəlif yollarla ana bətnində tələf edilir. Bu problemin aradan qaldırlması üçün ekspertlər cəmiyyətdə çoxsaylı maarifləndirici tədbirlərin aparılmasının önəmli olduğunu vurğulayırlar. Qadınların ikinci dərəcəli şəxslər kimi görülməsi bu məsələnin birinci tərəfidir.

Xatırladaq ki, ötən il Azərbaycanda boşanma və selektiv abortlarla bağlı vəziyyətin öyrənilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) müxtəlif sorğular, maarifləndirmələr aparmasına baxmayaraq, bu problem ilbəil artaraq qarşısıalınmaz vəziyyət yaradır.

Ailə “böyükləri” dünyaya gələcək körpəni cinsiyyətinə görə ayırmaqdan çəkinmirlər. Lakin bu artıq ailəvi məsələ olmaqdan çıxıb. Aparılan araşdırmalar göstərir ki, Azərbaycan doğulan körpələrin cins nisbətinin pozulmasına (oğlanların sayı qızların sayından çoxdur) görə dünya ölkələri sırasında (ikinci) ən ön pillələrdədir. Dünyada ilk dəfə Sovet hökuməti tərəfindən qanuniləşdirilən selektiv abortlar bu gün Ümumdünya Səhiyyə Təşkilatının bu istiqamətdə gördüyü bütün tədbirlərə rəğmən, hələ də aktuallığını qoruyur.

Bu gün selektiv abortların hansı dərəcəyə çatması, bu problemlərin qarşısının alınması istiqamətində görülən ən son tədbirlər barədə suallarımızı tibb işçilərinə, hüquqşunaslara, millət vəkillərinə və psixoloqlara ünvanladıq.

İlk olaraq suallarımızı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev cavablandırdı. Millət vəkili Publika.az-a açıqlamasında bildirib ki, sözügedən məsələ “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində öz əksini tapıb və selektiv abort edən ginekoloqların həkimlik adından, həkimlik peşəsindən məhrum edilməsi ilə bağlı məsələ cari ilin sonunadək Milli Məclisdə müzakirəyə çıxarılacaq. Düşünürəm ki, bu həkimlər üçün ən böyük cəzadır:

“Bu məsələ bizim rəsmi iş planımızda ayrıca mövzu kimi müzakirə ediləcək. Çalışırıq bu kimi hadisələrin qarşısının alınması üçün ən əlverişli üsul seçilsin. Hazırda nəzərdə tutduğumuz cəza tədbiri, yəni həkimlərin peşələrindən azad edilməsi isə ilbəil artan məsələni gözəçarpacaq dərəcədə aşağı endirəcək. İnanmıram hansısa bir həkim illərlə çəkdiyi zəhməti bir prosedura qurban verə”.

Çoxuşaqlı ailələrə dövlət tərəfindən ayrılan müavinətin bu məsələyə nə dərəcədə təsir etməsinə dair sualımızı millət vəkili belə qiymətləndirdi:

“Çoxuşaqlı, yəni 5-dən çox uşağı olan ailələrə dövlət tərəfindən yardım olunur. Bunun üçün xüsusi fond yoxdur. Bu, birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerli sosial müdafiə fondunda verilir. Ola bilər ki, həmin qanuna da dəyişiklik edilsin, müavinətin miqdarının artırılması ilə bağlı. Artıq biz demokratik dövlətdə yaşayırıq. Bəli, bu amil də təsir edə bilər, amma 2018-ci ilin büdcəsində bu barədə hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb. Hazırda hər uşaq üçün minimum 30 manat sosial yardım ayrılıb. Əgər ailədə 6 uşaq varsa, Sosial Müdafiə Nazirliyi tərəfindən onlara hər ay 180 manat müavinət ödənilir”.

Millət vəkili aparılan təbliğatlara da toxunub:

“Bilirsiz, bu mövzu hər zaman olub. Təəssüf ki, hələ də aktualdır. Amma bu istiqamətdə təbliğatı cəmiyyət arasında insanlar özləri də aparmalıdır. Səhiyyə Nazirliyi və digər QHT qurumları tərəfindən çoxsaylı maarifləndirici tədbirlər aparılır. Lakin bu yalnız Səhiyyə Nazirliyinin öhdəliyində deyil. Bunu belə qiymətləndirmək də doğru deyil. KİV-lər bu məsələyə yer ayırmalıdır, yerli televiziyalarda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təbliğat xarakterli layihələr hazırlanmalıdır, orta məktəblər, universitetlərdə, bölgələrdə fəaliyyət göstərən təhsil ocaqlarında (xüsusilə bölgələrdə bu stereotiplərin dağılması önəmlidir) və s. təbliğat aparılmalıdır.

Prosedurun gerçəkləşdirilməsində iki tərəfin (ana-ata) razılığı olduğu üçün bu, yalnızca qadınların problemi hesab edilə bilməz. Amma onu da qeyd edim ki, Səhiyyə Nazirliyi bu mövzuda daha çox diqqəti öz həkimlərinə ayırmalıdır. Ultrasəs müayinəsinin nəticələrini açıqlayan, selektiv abortları həyata keçirən tibb işçilərinə nəzarəti gücləndirməlidir. Yenə deyirəm, nəticə əldə olunması üçün bütövlükdə cəmiyyətdə güclü maarifləndirmə işləri aparılmalıdır”.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri, ginekoloq Turab Canbaxışov selektiv abortların statistikasında keçən il ilə müqayisədə artımın olmadığını vurğulayıb:

“Bilirsiz, bu mövzunun tamamilə aradan qaldırılması o qədər də düzgün deyil. Abortun ləğvi həm də qeyri-qanuni, kriminal abortlara gətirib çıxara bilər. Selektiv abortlar arzuolunmaz hamiləlik, dölün inkişafında müəyyən qüsurların olması, ailə problemləri, sağlamlıqla bağlı problemlər və s. səbəblərdən də gerçəkləşdirilə bilir. Lakin hamiləliyin sonlandırılması prosesində ən çox gətirilən arqumentlər sırasında cinsiyyət məsələsi üstünlük təşkil edir. Təəssüf olsun ki, ailələr oğlan övladına üstünlük verir. Mental dəyərlər, hər hansı dini, etnik səbəblərdən bu proses danılmazdır. Amma hamiləliyin sonlandırılması asan prosedur deyil. Burada ananın həyatı da risk altına düşür. Hazırda qanunvericiliyə əsasən, hamiləliyin 12-ci həftəsinə qədər abortlara icazə verilir. Lakin 10-12-ci həftələrdə belə hamiləliyin sonlandırılması riskli hesab edilir. Bu, ən riskli dönəmlərdən biri hesab olunur. Yaxşı olardı ki, qanunvericilikdə abortlar 12 həftədən 10 həftəyə qədər endirilsin. Bu həm cinsiyyət ayrı-seçkiliyinin, həm də gənc ana ölümlərinin qarşısının alınmasına xidmət edəcək. Bizim klinikamızda qanunsuz prosedurlar həyata keçirilmədiyi üçün bu cür prosedurların fəsadları ilə bağlı heç nə deyə bilmərəm. Lakin, keçirilən prosedurun yeri və həkim düzgün seçilməzsə, ölüm halları ilə nəticələnə bilər”.

T.Canbaxışov selektiv abort prosedurlarını gerçəkləşdirən həkimlərin peşələrindən məhrum edilməsinin olduqca ağır cəza olduğunu qeyd edib:

“Söhbət qanuni üsullarla proseduru aparan tibb işçilərindən gedir. Burada yalnız həkimləri günahlandırmaq olmaz. Çünki ailələr düzgün müdafiə olunmadıqları üçün arzuolunmaz hamiləlik ilə qarşılaşılır. Belə olan halda isə ailənin 12-ci həftəyə qədər kifayət qədər vaxtı olur ki, övlad sahibi olmaq istəyib-istəmədiyinə qərar versin. Amma ailələri hamiləliyi davam etdirib elə bir dövrə çatdırırlar ki, bu, artıq birbaşa cinayətdir. Yəni bu sahədə ciddi maarifləndirici tədbirlər görülməlidir. 21-ci əsrdə yaşayırıq və hazırki dövrdə çoxuşaqlı ailələrin də sayı az deyil. Lakin məsələ sağlam övlad yetişdirməkdirsə, maddi durum, ailə vəziyyəti nəzərə alınmalıdır. Buna ki, həkim qərar verə bilməz. Yaxşı olardı ki, xanımlar bu məsələdə daha diqqətli olsunlar. Çünki hamiləliyin sonlandırılmasından sonra növbəti hamiləlik üçün də bir sıra riskli məqamlar ortaya çıxa bilir”.

Tibbi ekspert Adil Qeybulla isə mövzu ilə bağlı hazırlanan qanun layihəsindən danışıb:

“Qanunlar qəbul edilirsə, buna riayət edilməlidir. Sözsüz ki, qanunlar müəyyən ekspertizalardan keçir, araşdırılır və qüvvəyə minir. Lakin zaman-zaman bəzi qanunların ictimai cəhətdən heç bir fayda vermədiyinin şahidi oluruq. Belə qanunlara isə mütləq şəkildə dəyişiklik edilməlidir. Məsələn, arzuolunmayan hamiləlik. Bu halda qadın nə etməlidir? Hamiləlik iki cür olur – dediyimiz kimi, arzuolunmaz hamiləliyin sonlandırılması və cinsiyyət ayrı-seçkiliyi səbəbindən gerçəkləşdirilən selektiv abortlar. Təxmin edərsiz ki, Azərbaycan mentalitetində oğlan uşağına meyl çox olduğu üçün əksər hallarda tələb edilən döllərin cinsiyyəti qız olur. Tibbi göstəriş olmadan gerçəkləşdirilən (arzuolunmaz hamiləlik istisna olmaqla) selektiv abortlar cinayət hesab edilir. Tibbi göstəriş hansı hallarda verilir – ananın böyrəyində hər hansı ciddi problem yaşanarsa, dölün sağlam inkişafında fəsadlar müşahidə edilərsə və ya ananın həyatını riskə atacaq hər hansı bir problem mövcuddursa, hamiləlik sonlandırıla bilər. Bu, tibbi abort hesab edilir. Düşünürəm ki, bu məsələnin bu qədər sıxışdırılması kriminal abortların sayını artıracaq. Bu proseslərin qarşısını hansısa adminstrativ yollarla almaq mümkün deyil. Belə olan halda gizli şəkildə, müxtəlif başqa üsullarla bu abortlar yenə gerçəkləşdiriləcək. Məsələn, müəyyən dərman preparatları var ki, onları qəbul etdikdə qanaxma başlayır. Və belə olan halda xəstəxanaya müraciət olunarsa, vəziyyətə uyğun olaraq prosedur yerinə yetirilir. İstənilən qədər yollar sadalamaq olar, yəni, bu, düzgün çıxış yolu deyil. Bunu sovetin 70 illik təcrübəsi sübut edib”

Həkimlərin peşələrinin əlindən alınması ilə bağlı irəli sürülən fikirə münasibət bildirən eskpert qeyd edib ki, həyatını tibbə qurban vermiş insanlara bu kimi cəza tətbiqi fikrimcə, çox ağırdır və bu, heç bir nəticə verməyəcək:

“Əgər bir həkim insani, bəşəri dəyərlərə zidd addım atıbsa, Helsinki deklorasiyasına zidd əməl törədibsə, onun peşəsindən azad edilməsi qəbul ediləndir. Lakin başqa bütün hallarda bu, düzgün deyil. Çünki belə olan halda, həmin həkimlər özlərinə başqa ölkələrdə iş axtaracaqlar. Rusiyada, Amerikada yenidən təhsil alıb peşə fəaliyyətini davam etdirmək olar. Hesab edirəm ki, qanunlar sərt olduğu qədər adekvat olmalıdır. Həkimlərə bu qədər basqı tətbiq etmək düzgün çıxış yolu deyil. Məsələn, ölüm cəzası tətbiq edildi ki, cinayətlər azalsın, amma cinayət törətmək istəyən bunu edəcək. Yəni, bu, əlverişli çıxış yolu sayılmadı. Düşünürəm ki, faktiki olaraq bu qərar kifayət qədər adekvat deyil. Belə halda abort elətdirmək istəyən, gedib İranda, Rusiyada və ya başqa ölkədə bu proseduru gerçəkləşdirəcək. Bununla da ölkədə doğulan körpələrin cinsiyyət fərqinə görə balans pozulmağa davam edəcək”.

Çoxuşaqlı ailələrə ayrılan sosial müavinət məsələsi çox uğurlu qanun layihəsi olsa da, təyin edilən müavinətin miqdarı indiki dövr üçün olduqca çətindir:

“Bilirsiz qanun layihəsi çox gözəl təşəbbüsdür. Təqdirə layiqdir. Lakin bir uşaq üçün nəzərdə tutulan stimulyasiya miqdarı (30 AZN) olduqca azdır. Yaxşı olardı ki, nəzərə alınardı ki, süni qidalar, uşaq bezləri, müəyyən yaşa qədər təyin edilən vitaminlər və s. ümumi dəyəri təyin olunan müavinətdən daha çoxdur. Valideyn bilir ki, uşağın cəmiyyətə inteqrasiyası məsələsi çox çətindir. Bu səbəbdən də, bəzi ailələr hətta 2-3-cü uşağın olmasını belə istəmir. Hesab edirəm ki, bu qanunda nəzərdə tutulan məbləğ bir az optimal olarsa, ailələri həvəsləndirmə baxımından yaxşı olar. Eləcə də, yerli televiziyalarda efirə gedən faydasız, mənasız verilişlərin əvəzinə, tibbi klinikaların şişirdilmiş reklamlarının əvəzinə əhaliyə selektiv abortların riskli tərəfləri, fəsadları haqqında layihələr verilsə, daha yaxşı olar. Bu mövzuda səhiyyə işçiləri tibbi cəhətdən izah versə, din xadimləri bunun digər tərəflərinin günah olduğunu təbliğ etsə və s. belə-belə bu mövzu müxtəlif düşüncədə olan çoxsaylı insan kütləsinə qısa zamanda çatdırılar və düşünürəm ki, effekti də olar. Cəmiyyətdə insanlar arasında ünsiyyət olduqca aşağıdır. Digər tərəfdən də etiraf etmək lazımdır ki, əhali hər hansı bir mövzuda qayda-qanunun deyil, dini aspektdən irəli sürülən fikirlərin təsiri altına daha tez düşür”.

İlahiyyatçı Hacı Şahin Həsənli deyir ki, “Qurani-Kərim”də abortun cinayət və günah olduğu qeyd olunub. Bir insanı öldürmək, bütün bir bəşəriyyəti öldürməyə bərabərdir:

“Ümumiyyətlə, ananın həyatına heç bir təhlükə yaratmadığı təqdirdə gerçəkləşdirilən bütün abortlar dini nöqteyi-nəzərdən günah hesab olunur. Allah qatında bu qəbul edilməz haldır. Dinimiz bunu qadağan edir. Xüsusilə ana bətnində 4 aya çatmış dölün tələf edilməsi, bir insanı qətlə yetirməyə bərabərdir. Belə olan halda dinimizdə “diə” adlanan “qan bahası” ödənilməlidir. Bu hamiləliyin müxtəlif dövrlərinə görə dəyişir. Allah Quranda buyurur ki, övlad fiziki qüsurlu olarsa belə, valideynin borcu onu qayğı ilə böyüdüb cəmiyyətə qazandırmaqdır. Çünki, bu, Allahın bir sınağıdır. Qərbdə bunu sübut edəcək olduqca çox fantastik həyat hekayələri var. Gərək insanlar bir az mərhəmətli olsun. Sevgi, mərhəmət hissi təbliğ olunmalıdır”.

Selektiv abortlar sözün əsl mənasında cahillik əlamətidir:

“Bilirsiz bizim xalq dininə çox bağlı xalqdır. Millətimizdə Allah qorxusu var. Dinə bağlı olan millətə isə mərhəmət, sevgi aşılanmalı bunun təbliği aparılmalıdır ki, insanlar bu kimi fikirlərdən uzaqlaşsın. Xüsusilə də, cəmiyyətdə cinsiyyət fərqinə görə, qız övladlarının ana bətnində tələf edilməsi birmənalı şəkilə vəhşilikdir. Bunun heç bir insani tərəfi yoxdur. Əvvəllər Ərəbistanda qız övladlarını diri-diri basdırırdılar, abort da məhz bunun eynisidir. Həyat sınaq meydanıdır və hər şey həmişə bizim istədiyimiz kimi olmaya bilər. Övlad Allahın göndərdiyi bir paydır və cinsiyyətindən asılı olmayaraq, onu qəbul edib səbrlə, məhəbbətlə ona həyat bəxş etmək lazımdır”.

Share: