Deyirlər insan qüruba qovuşan Günəş kimidir… Vaxtı tamam olanda haqq dünyasına qovuşur. Yaxşı insanların özlərindən sonra adları yaşayır. Şair-tərcüməçi Əhəd Muxtar (Əhədulla Qənbərov) 60-cı illər nəslinin tanınmış nümayəndəsi, dəyərli insan kimi çoxlarının yaddaşında yaşayır. O, 1937-ci ildə Azərbaycanın mirvarisi sayılan Astara rayonunun Kakalos kəndində doğulub. 1960-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Şairin vəfatı ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin vaxtilə imzaladığı nekroloqdan sətirlər:
“… Əhəd Muxtar ali məktəbi bitirib, bir müddət başqa sahələrdə çalışsa da, sonralar “Ulduz” ədəbi jurnalında ədəbi işçi, şöbə müdiri və məsul katib kimi işləmişdir. Ömrünün son illərində “Azərbaycan” jurnalında və “Şəhriyar” qəzetində çalışırdı. Həddindən artıq işinə, sənətinə bağlı adam idi. Zəhmətsevər idi.
İlk kitabı “Şəfəq seli” 1969-cu ildə çap olunmuşdu. “And iç”, “Salam insanlar”, “Qönçələr açılır”, “Doğmalıq”, “Dünya yaman dünyadı” və başqa şeir kitablarının müəllifidir.
Əhəd Muxtar ömrünün çox hissəsini tərcüməçiliyə sərf etmişdi. Georgi Markovun “Sibir” romanını, Narmurad Nərzullayevin “Məhəbbətdən doğulmuşam” şeirlər kitabını, Təşli Qurbanovun “Barı gül” povest və hekayələr kitabını, Zdenek Pluqrajın “Gümüş pul” romanını, V. Hayfun “Nağıllar”ını, B. Prusun “Firon” romanını, İ. Mojeykonun “Yeddi və otuz yeddi möcüzə” əsərini və s. Azərbaycan dilinə məharətlə tərcümə etmişdir. Adları çəkilən tərcümə əsərləri oxucuların rəğbətini qazanıb”.
Nekroloqda qeyd edildiyi kimi, Əhəd Muxtar ömrünün çox hissəsini tərcümə işinə həsr etmişdi. O, rus dilində təhsil almasa da, bu dili hələ tələbəlik illərindən müstəqil şəkildə öyrənmişdi, incəliyinə kimi bilirdi. Tərcümə etdiyi əsərlərdə də dilimizin çalarları olduğu kimi görünürdü. Ona görə də tərcüməsindən çıxmış əsərlər oxucular tərəfindən rəğbətlə qarşılanırdı.
…Mən Kakalosda olanda anladım ki, bu kəndin adına şərəf gətirən neçə-neçə dəyərli övladları olub. Onlardan biri də zəngin yaradıcılıq yolu keçmiş şair-tərcüməçi Əhəd Muxtardır. Onun bir çox şeirlərindən Kokolosun gözəl təbiətinin ətri gəlir. O yazıların rişəsi bu kəndin torpağından pərvəriş tapıb. O, Kakalosun füsunkar təbiətini, insanlarının qonaqpərvərliyini şairanə dillə tərənnüm edib. Şair şəhər havasında sıxılanda nəfəsini kəndin səhər havasına qatıb. Şeirlərini oxuduqca hər misranın, hər bəndin arxasında şairin ürək döyüntülərini, qəlb çırpıntılarını asanca duymaq mümkündür.
Əhəd Muxtar həyatda olduğu kimi, şeir yaradıcılığında da səmimidir. Fikirlərində, zərif duyğularında, incə hisslərində bir həzinlik, həyatsevərlik və insansevərlik duyulur. Elə bu misralar da şairin qəlbinin ən dərin guşələrindən süzülüb gəlib. Şair bu şeirində də bütövlükdə hissin, duyğunun, kökləndiyi ovqatın obrazlı mənzərəsini yaratmışdır:
Torpağa nə qədər budaq sancmışam,
Hamısı böyüyüb ağac olubdu.
Mənim becərdiyim neçə qovaq, şam
Yorğun yolçulara kölgə salıbdı…
Bir gün yer altında olarsa yerim,
Üstümdə ağac-zad əkməyin ancaq –
Mənim qələm tutan şair əllərim
Torpaqdan göyərib ağac olacaq…
… Kakalosda olanda günəşli və gözəl bir gün idi. Belə bir gözəl gündə görüşdüyüm, həmsöhbət olduğum insanların Əhəd Muxtar haqqında sözü-söhbəti, şirin xatirələri günəşin zərrin şəfəqləri kimi qəlbimi isindirdi, könlümə hərarət bəxş etdi. Məhz həmyerlilərinin şairə olan sevgisi (mənə elə gəlir ki, insanın öz həmkəndliləri tərəfindən bu cür məhəbbətlə sevilməsindən böyük mükafat ola bilməz), ehtiramı – bu istilik – işıq, bu nur şairin haqqında yazmağa uca könüldən səslədi məni… Onun sadəliyi, xeyirxahlığı və təmənnasız yaxşılıqları haqqında ürəkdolusu danışırlar. Onun üçün insani dəyərlər də, qohumluq bağları da önəmli idi. Şairi el-obasına, qohumlarına, əzizlərinə sevdirən də elə o cəhətləri olub.
Dəfələrlə rast gəlmişəm ki, elə şairlər var, öz el-obasında heç tanınmır. Amma tale Kakalosun şair oğluna öz el-obası, həmyerliləri tərəfindən bir ziyalı, bir şəxsiyyət kimi sevilmək qisməti nəsib etmişdi. O, Bakıda yaşayıb yaratsa da, doğma kəndinə bağlı insan idi. Canından da artıq sevdiyi ana kəndinə tez-tez gələrdi. Meşənin, dənizin vurğunu idi. Təbiətin gözəlliklərini heyranlıqla seyr edər, quşların səsini, suların zümzüməsini dinləməkdən doymazdı. Bu gözəlliklər qoynunda xatirələri yada düşərdi, qayğısız uşaqlıq illəri kino lenti kimi gözləri önündən gəlib keçərdi.
Şairin yaxın dostu Mehman Qaraxanoğlunun “Xatirələrin qurbanına çevrilməyən şair” sərlövhəli yazısında Əhəd Muxtarın doğulduğu kəndə sidq-ürəkdən bağlılığını çox orijinal şəkildə oxuculara çatdırmışdır:
“… əminlik hissi ilə deyirəm ki, tanıdığım yazı adamlarından heç biri Əhəd Muxtar qədər kəndə can atmırdı, olur ki, kimisə kəndin yayı çəkir, kimisə payızı, toyu, yası çəkir, onu isə bu görünənlərdən savayı təkcə ona, bir də Allaha bəlli olan mübhəm bir sirr çəkirdi və şairin uyuduğu qədim kənd qəbiristanlığından cəmi bir neçə mil aralı yaşasam da, bu sirrin nədən ibarət olduğunu özümçün ayırd edə bilmirəm və ən qəribəsi oydu ki, o, kənddə olarkən məni də – bütün ömrü boyu kənddə yaşayan bir adamı da sanki kəndə çəkirdi”.
Gücü-qüvvəti bu torpaqdan aldığına görə öz el-obasının adına, şərəfinə layiq ömür yaşayıb. Vətən məhəbbəti, həyat eşqi, torpağa bağlılıq onun şeirlərinin qayəsini təşkil edir. Sağlığında Kokolosu unutmayan şairin, rəhmətə gedəndən sonra da Kakalosun unutmadığı insan kimi adı ürəklərdə yaşayır.
Bu kənddə həmsöhbət olduğum insanlar Əhəd Muxtarın nəcib insani keyfiyyətlərindən ağızdolusu danışır, işıqlı fikirlərindən söz açırdılar. Qəlbində nur, işıq olan bir şairin haqqında onu sevənlər kövrələ-kövrələ, gözləri yaşla dolu danışırlar. Kakalosda hər evdə, hər ocaqda onun şeirlərini duyan tapılar. Amma Zahir müəllimin (Zahir Rzayev – şairin bacısı oğlu) Əhəd Muxtar sevgisi bir yazıya sığan deyil. Onun ürəyində Əhəd Muxtarın ayrıca yeri var. İşi, vəzifəsi ədəbiyyatdan uzaq olsa da, şeirin, sözün vurğunudur. Əhəd Muxtarın özü və sözü haqqında saatlarla danışmaqdan doymur. Deyir ki, şeirləri ruhuma o qədər yaxındır ki, cazibəsinə düşəndə ayrıla bilmirəm.
Şairdən yadigar qalan nə varsa (haqqında yazılmış qəzet məqalələrindən tutmuş rəflərdə ömr edən kitablara qədər), Zahir müəllim göz bəbəyi kimi qoruyur. O, Əhəd Muxtarı təkcə doğma dayısı kimi deyil, həm də şeirləri oxucuların qəlbinə yol tapan bir şair kimi daha ehtiramla xatırlayır. Sanki şairin ömrünün hər gününü yaddaşında yaşadır, könül gündəliyinin səhifələrində yazıb, əhədsevərlərə ərməğan edir. Onu xatirələrin işığında belə yaşadır:
– İndi haqq dünyasında olsa da, illər arxada qalsa da onunla hər görüşüm bu gün də gözlərim önündə canlanır. Əhəd Muxtarın gözəl boy-buxunu, yaraşıqlı qədd-qaməti, parlaq istedadı vardı. O, böyüklə böyük, kiçiklə kiçik – uşaq kimi rəftar edirdi. Ürəyinin təmizliyi, qəlbinin saflığı onu tanıyanlara sevdirmişdi. Sadəliyi və təvazökarlığı da onu doğma kəndinin adamlarına sevdirən uca keyfiyyətlərindən biri idi. Xalqını, el-obasını canından artıq sevirdi. Amma bu sevginin qarşılığında heç bir təmənna ummurdu.
Talış dilində yazdığı nəğmələri və şeirləri Əhəd Muxtar yaradıcılığının çox az bir qismini təşkil edir. Amma o şeirlər və nəğmələr Astarada çoxlarının dillərində əzbərə dönüb. Bu nəğmələrdəki ahəngdarlıq və musiqililik də yaddaşlarda əzbər qalmasında böyük rol oynayır. Misraların axıcılığı ilə populyar nəğmə mətnlərini xatırladan “Kakalos bülbülləri” şeiri də bu baxımdan maraq kəsb edir və həzin bir musiqi ahəngini özündə əks etdirir:
Qış haqlımı, yaz haqlımı bilmirəm,
Toy haqlımı, yas haqlımı bilmirəm.
Sevinc bizə yasaqdımı, bilmirəm,
Qəm yeyirik axı haçandan bəri,
Kakalos bülbülləri…
Zahir müəllimi dinlədikcə içindəki ağrıları, keçirdiyi hissləri duymamaq olmur. Elə Əhəd Muxtar haqqında yazarkən ürəyim bu duyğuya kökləndi. Həm də Zahir müəllimin sözü-söhbəti Əhəd Muxtarın kimliyini bir insan kimi tanımaqda mənə kömək etdi. İndi Astaranın mərkəzi küçələrindən biri şair Əhəd Muxtarın adını daşıyır. Zahir müəllim də böyük qürur hissi ilə dayısının adı verilən küçədə yerləşən idarədə çalışması ilə fəxr edir.
…Bunları düşünəndə Əhəd Muxtar poetik duyğuları, vüqarlı görkəmi, şair təbiəti ilə gəlib dayanır gözlərim önündə. Yaxından ünsiyyətim olmasa da yeniyetməlik çağlarımda Əhəd Muxtarı tanıyırdım. Dəfələrlə Yazıçılar Birliyində şair və yazıçıların əhatəsində deyib gülən, şahmat və nərd oynayan zaman, ədəbi polemikalar edən zaman şən əhval-ruhiyyədə görmüşdüm. O həm də gözəl məclis adamı idi. Qələm dostları ilə birgə keçirilən məclislərdə, toy şənliklərində, çay süfrələrində mənalı və məzmunlu sözü- söhbəti ilə diqqəti çəkirdi. Həm də ucaboylu olduğundan adamlar arasında daha tez gözə dəyirdi, daha tez seçilirdi.
Onun haqqında çoxsaylı xatirələr yazılıb. Əhəd Muxtarı yaxından tanıyanlar, onunla birgə işləmiş həmkarları şairi yaxşı bir insan kimi xarakterizə edirlər. Xalq yazıçısı Mövlud Süleymanlının təbirincə, “Desək də, deməsək də yaddaşımızın dərinliklərində yaşamaqdadır”, Xalq şairi Sabir Rüstəmxanlının “Əhəd Muxtar sözün əsl mənasında ciddi ədəbiyyat adamı idi, taleyi sözə bağlıydı, ömrü boyu bu yola xidmət etmiş, öz dediyi kimi ədəbiyyatın qara fəhləsi, külüng vuranı olmuşdu”, Sevimli şairimiz Musa Yaqubun “Əhədin söz üstündə möhürü vardı”, – kimi sanballı fikirləri Əhəd Muxtarın orijinal yaradıcılığından və zəngin həyat təcrübəsindən xəbər verir.
Professor Kamil Vəli Nərimanoğlu öz xatirələrində çox incə bir məqama toxunaraq qeyd edir ki, Əhəd Muxtar gözəl şair idi. Poetik tapıntılarının incəliyi onun zahiri rəsmiyyəti, bir az da ilk baxışdan quruluğu arasında qəribə bir ziddiyyət vardı. Vidadi zarafatla: “Ay Əhəd, adam heç inanmır ki, bu zərif təşbeh və kövrək duyğunu sən yazmısan”. O, gülümsəyib “İnanmasan yaxşıdı. İnansan şeir adiləşər”, – dedi.
İnsan və insanlıq adına yazılası ülvi hisslərlə yaşayan şair…Əhəd Muxtar Kakalosun sevilən oğlu olub və onun şərəfli adının üstündən şərəf gətirən, bu kəndin adına yazdığı şeirlərlə Azərbaycanda tanınmasında xidməti olan şairdir. Onun yazdığı parodiyalar o zaman ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanırdı.
Kakalosda bir Mədəniyyət Evi var. Qərib duyğuların soyuqluğundan qübarlaşan, üşüyən bir ev. Əhəd Muxtarı bir zamanlar bu mədəniyyət ocağına aparan yollar uzaqlaşsa da, içərisində Əhəd Muxtar ünvanlı xatirələr yer alıb. Elə bu səbəbdən də yolumuzu Kakalos kəndində yerləşən Mədəniyyət Evindən saldıq. Orada muzey eksponatları üçün ayrılmış geniş və işıqlı otağa göz gəzdirərkən Əhəd Muxtarı qədirbilənliklə yad edən Mədəniyyət Evinin müdiri Fərbiyə Şabanova dedi:
– Muzeyimizdə Əhəd Muxtara həsr olunmuş guşə də var. Orada şairin foto-şəkilləri və kitabları yer alıb.
Doğrudan da yaxşılar unudulmur!.. Şairin kitablarında toplanmış şeirləri, o kitabların səhifələrini çevirdikcə duyulan qoxu bir daha Əhəd Muxtarı gözlərimiz önündə canlandırır.
…Doğru deyiblər ki, şairi özündən sonra sözü yaşadır. Dünyanın cənnətməkan diyarı kimi tanınan Azərbaycanda bir kənd var. Torpağı cənnət qoxuyan Astaranın Kakalos kəndi. O kəndin qəbiristanlığında Əhəd Muxtar kimi bir şair də uyuyur. Poeziya gülşənində sözə qüdrət verən, öz şeirlərində azərbaycanlı ruhunu yaşadan bir şair.
Kakalosun şair oğlunun haqqındakı duyğu-düşüncələrimi özünün yazdığı “Şair ömrü” şeiri ilə tamamlayıram:
Günəş şəfəqlidir şair baxışı,
Bir yerdə ilişib dayanmaz heç vaxt.
Bu ulu dünyada nə varsa yaxşı,
Onun nəzərindən yayınmaz heç vaxt.
Mizan tərəzidir şairin gözü,
Oyular, dəyişməz haqqı nahaqqa.
Yanar ocaq kimi, qalanar közü,
İstisi bəs edər bütöv bir xalqa!
Bir ahənrübadır şair ürəyi,
Hey çəkər özünə dərdi-qəmi o.
Dar gündə həmişə olar gərəyin,
Xoş gündə yox olar ilğım kimi o.
İlıq təbəssümlə aşar üfüqü,
Hər səhər Günəşlə birgə oyanar.
Batandan sonra da qızıl şəfəqi
İnsan taleyində, gözündə yanar…
Bu şeiri oxuduqca nəcib və həssas qəlbli Əhəd Muxtarın heç kəsə bənzəməyən xarakteri, onu sevənlərin yaddaşında yaşayan poetik yaradıcılığı, şairanə təbiəti, şair obrazı gözlərimiz önündə canlanır. Kakalosun unudulmaz şair oğlunun ruhuna Allahdan rəhmət diləyirik. Yaşasaydı, bu günlərdə 80 yaşı olacaqdı…