Ağanın nökər sevdası: rus tatara necə boyun əydi?

Təkcə sovetlərdən deyil, çar Rusiyasından bu yana rusun caynağına keçmiş türk dövlətlərinin həmişə bir dərdi olub;Rus dilinin yerli dil üzərində ağalığı. Fikir verdinizsə, ağalığı dedim, üstünlüyü deyil. Üstünlük əlbəttə yerli dildə olacaqdı. Çünki əhalinin 70-80 faizi bu dövlətlərdə öz doğma dilində danışıb. Ağalıq isə rus dilinin məhz yuxarı instansiyalarda tələb olunması ilə əlaqəli idi. Sıravi təsərrüfat, fəhləlik və ya digər aşağı işlərdə çalışmaq istəyənlərə gözün üstündə qaşın var deyən olmayıb bu dönəmdə.

 

Amma bir balaca yuxarı addımlamaq, “adam” olmaq istədinmi, mütləq ağa dilini mənimsəməliydin. Keçmiş türkdilli sosialistlər az qala 30 ildir, müstəqilliyini qazansalar da, bu problem hələ də qalmaqdadır. Orta Asiya xalqlarında bu daha çox özünü göstərir, yəni könüllülükdən daha çox zəruridir: rus dilini bilmirsənsə, əlini yüksək vəzifədən üz. Bu baxımdan biz azərbaycanlılar, nə qədər rusdilli təbəqəni qınasaq da şükürlüyük. Amma şükür etməyə macalı olmayanlar, yaxud şükürü də rus dilində edən digər türk dövlətləri də var ki, Rusiyanın tərkibindədirlər. Məsələn Tatarıstan. Kənardan baxanda müstəqilliyi olmayan, boyunduruq altında qalmış böyük türk toplumu kimi görünür. Amma bir az daxilə girib orda qurdalansaq, boyunduruğun kimin əlində, kimin boynunda olduğuna şübhə edəcəyik. Rusiya kimi nəhəng və güclü dövlətin tərkibində olan bu türk respublikası daim bütün diqqətləri, həmçinin gücü özünə cəmləyə bilib. Rusların özünün bir deyimi var: “Hər üç rusdan biri tatardır”. Hələ bir az da irəli gedib “hər üç sözdən biri tatar sözüdür” həqiqətini dilə gətirirlər. Həqiqətən də müasir rus dilini təhlil edəndə çoxsaylı türk sözləri və sonradan ruslaşmış, yaxud hərfən ruscaya çevrilmiş türk ata sözlərinə rast gəlmək olar.

Məşhur rus yumoristi var: Pavel Volya, tatar qızı Leysan Utaşeva ilə evlənib. Qadın böyük qüvvədir, boşuna deməyiblər. İpə-sapa yatmayan, hətta “ipləmə” adına tam oturan Paveli tatar qızı elə ram edib ki, adam hər fürsət düşdükcə tatar xalqının böyüklüyündən, türk dilinin gözəlliyi və axıcılığından danışır. Hətta çıxışlarından birində həqiqəti zarafatla deyə-deyə soydaşlarına etiraf etdirir ki, rus dilini formalaşdıran məhz tatar türkcəsidir. Və buna öz çıxışında çoxsaylı misallar çəkir.

Yuxarıda rus dilində at oynadan türk sözlərindən bəhs etdim, amma konkret misal çəkmədim. Misalın yeri indi genəldi deyə, rahatlıqla sözü ora oturda bilərəm: məşhur “ayda!” nidası var. Bizdə də, qardaş Türkiyədə də işlənir. Dünənə qədər hansı sıravi rusdan soruşsaydın, bu sözün öz lüğətlərinin məhsulu olduğuna təkid edərdi. Amma bu gün inad etmir. Dünənin ağası, nökər saydığı millətin qarşısında boynunu qıldan incə edib. Niyə də etməsin?! 146 milyonluq Rusiyanın böyük hissəsi türk xalqlarından ibarətdir. Nəzərə alsaq ki, türk xalqları aborogen xalqlardır, deməli ərazi də türkdilli xalqlara mənsubdur. Bir sözlə, gəmidə oturan əslində ruslardır, gəmiçi isə türk xalqları. Dava eləyib mindikləri gəmidən “Volqa”laşmış “İtil”də, “Yenisey”ləşmiş “Anaçay”da, “Kaspi”ləşmiş Xəzərdə boğulası deyillər ki!

Rus burnudik xalqdır (sözün hər iki mənasında: həm təkəbbür baxımından, həm də fizioloji olaraq). Birbaşa etiraf etmək onlara sərf etməz, təkəbbürlərinin başı zədələnər. Amma altdan-altdan mənimsədikləri türk sözləri və adətləri həmişə işlərinə yarayıb. Hərdən Qumilyov kimi fədailəri olur, elm xatirinə sandığı açıb pambığı tökürlər. Təbii ki, bunların arasında fədai filoloqlar da var ki, elm və tədqiqat naminə gerçəkdən qaçmırlar. Krılov adına etimoloji lüğətdə “Ayda” sözünün türk dilində “Haydı” çağırışından götürüldüyü bildirilir. Amma işlənmə yerinə baxıldıqda isə sözlərin sadəcə zahirən bənzədiyi bəlli olur. Ən son filoloji araşdırmalar isə “Ayda” sözünün “Ay ədə!” həqarət xarakterli müraciətdən qaynaqlandığını üzə çıxarır. Daha çox ağalar, ev sahibləri əl altındakı nökərləri belə çağırırmışlar. Tədricən söz “Aydə” kimi qısalır, sonra hərf dəyişikliyi ilə qismən məna da dəyişir. Amma istənilən mənasında ruslarında dilinə və ağlına batıb ki, sıx-sıx işlətməyə başlayıblar.

Düzdür, araşdırma yiyələri qəti qərara gələ bilmirlər ki, “ayda” sözü tatar, yoxsa qırğız türkcəsindən gəlmədir. Amma bunu özləri də yaxşı bilirlər ki, hər iki dil türk dilidir, sonucda söz türk dilinin bazasından çıxıb.

Şəfiqə ŞƏFA

Share: