Rikkardo Bakıya heyran oldu – Formula 1 pilotuna “Qarabağ”dan hədiyyə – FOTOSESSİYA

2017 Formula 1 Dünya Çempionatı başa çatdıqdan dərhal sonra Red Bull komandasının avstraliyalı pilotu Daniel Rikkardo dünən Bakıya gəlib. Çempionatın 5-ci ən güclü pilotu seçilən D.Rikkardo ötən yay Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı birinci bitirməklə builki çempionatda qazandığı yeganə qələbənin sevincini təkrar yaşamaq üçün Azərbaycanın paytaxtına səfər edib.

BŞH-dən Milli.Az-a verilən məlumata görə, D.Rikkardo Bakıya səfərinin ilk günündə möhtəşəm qələbə qazandığı trekdə gəzintiyə çıxdı və trekin ən maraqlı yerlərinə, o cümlədən Formula 1 tarixində ən əlamətdar yerlərdən birinə çevrilmiş 7,6 metrlik ən ensiz yerə – İçərişəhər divarlarının yanından keçən 8-11-ci döngələrdəki hissəyə baş çəkib. O, həmçinin Bakının tarixi Qız Qalasının yaxınlığında yerləşən 18-ci döngədə və trekin gözəl mənzərəyə sahib Dənizkənarı Bulvara paralel olaraq uzanan “iki istiqamətli” hissəsində də olub.

Trek gəzintisindən başqa D.Rikkardo UEFA Çempionlar Liqasında mübarizə aparan ilk Azərbaycan komandası “Qarabağ” FK-nın heyəti ilə də görüşüb. Red Bull pilotunun ziyarəti zamanı komanda gələn həftə “Roma” komandası ilə keçirəcəyi növbəti görüşə hazırlıqlarını davam etdirirdi. Burada Red Bull pilotu komandanın təlim-məşq keçirdiyi meydana çıxaraq öz futbol bacarığını nümayiş etdirib.

D.Rikkardo yenidən Bakıda olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi, artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq, həqiqətən də, çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı keçən yarışda iştirak etməmişəm. Yarışa 10-cu yerdə başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda ən önə keçərək qələbə qazandım. Bu, hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda bu yarış çox əyləncəli idi. Bu Qran Pri mənim ən çox sevdiyim yarışlardan birinə çevrilib. Mən şəhər treklərində yarışmağı sevirəm və bu trek olduqca sürətlidir. Burada olduğum hər səfərdə – bu gün də daxil olmaqla – böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bu şəhər, həqiqətən, çox gözəldir və avtoidmanın yeni azarkeşlərinə burada bizim təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur. Mən apreldə yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu səfər yarışa daha ön sıralarda başlayaraq təkrar qələbə qazanacağam!”

Red Bull pilotu səfər çərçivəsində trek gəzintisi ilə yanaşı, Bakıda yerli azarkeşlər, media nümayəndələri və BŞH-nin kollektivi ilə də silsilə görüşlər keçirəcək.

Xatırladaq ki, Formula 1 təqvimində ən yeni şəhər treki olaraq yer alan Bakı Şəhər Halqası ötən yay 2017 Formula1 Dünya Çempionatının ən həyəcanlı və ən dramatik yarışına ev sahibliyi etdi. Avtoidman tarixinin unudulmaz günlərindən biri sayılan bu yarışda məşhur Red Bull pilotu möhtəşəm çıxış nümayiş etdirərək podiumun ən yuxarı pilləsinə çıxdı.

Sıralanma turunda keçirdiyi qəza nəticəsində yarışa 10-cu yerdə başlayan D.Rikkardo trekdə olan qırıntılara görə bolidin əyləc sisteminin həddindən artıq qızması səbəbindən 5-ci dövrədə pit-stop etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, o, böyük əzm nümayiş etdirərək itirdiyi mövqeləri təkrar qazanaraq yarışı ən öndə başa vurdu. Onun təbəssümlü üzündəki qələbə sevinci heç vaxt Bakıdakı qədər olmamışdı.

Burada Luis Hamiltonla Sebastian Fettelin trekdə toqquşması son illər Qran Pri yarışlarında qeydə alınmış ən yaddaqalan hadisələrdən biri oldu. Həmçinin, 18 yaşlı Lens Strol məhz bu yarışda Formula 1 tarixində podiuma çıxan ən gənc pilot adını qazandı. Bu məqamlar Azərbaycanın paytaxtı Bakı şəhərinin gözoxşayan mənzərəsi fonunda və Formula 1 təqvimində yer alan ən çətin treklərdən bir olan Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı unudulmaz etdi.

Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində keçiriləcək. Hazırda Qran Pridə dördgünlük biletlərə olan ilkin 20 %-lik endirim kampaniyası hazırda davam edir. Üstəlik, yerli sakinlərə 25 %-lik əlavə endirim də təklif olunur. Biletləri indidən almaq və Bakıya səfəri planlaşdırmaq istəyənlər daha ətraflı məlumatları www.bakucitycircuit.com saytından əldə edə bilərlər.

Müstəqil.Az

Share: