Bakıda şagird qalmaqalı: Çarə tapılmadı

Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin 3Ç sinif şagirdləri 4 gündür ki, dərslərdə iştirak etməkdən imtina ediblər. Valideynlər uşaqlarını dərsə buraxmamaqda israrlıdır.

Müstəqil.Az bildirir ki, məsələ ilə bağlı Axar.az-ın sorğusunu cavablandıran Bakı Şəhəri Təhsil İdarəsindən bildiriblər ki, uşaqlarını dərsə buraxmayan valideynlərlə aparılan söhbətlər də heç bir nəticə verməyib:

“Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və Təlimə Dəstək Mərkəzinin psixoloqu məktəbdə olub, valideynlərlə söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Ancaq təəssüf ki, problem aradan qalxmayıb”.

Təhsil İdarəsindən bildirilib ki, problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır. Bunun üçün məktəb rəhbərliyi də əlindən gələni edir. Lakin valideynlər problemin həllində ortaq məxrəcə gəlmək istəmirlər:

“Bəzi valideynlər uşaqlarını hələ də dərslərdə iştirak etməyə imkan vermir. Sinfə çox az sayda uşaq gəlir”.

Təhsil İdarəsindən onu da bildiriblər ki, problemlə əlaqədar məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib:

“Bəzi yanlış məlumatlarda qeyd olunduğunun əksinə, məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib. Bu, sadəcə qeyd olunan məsələ ilə bağlı bir neçə valideyn arasında yaranmış problemdir. Məktəbdə tədris prosesi normal şəkildə davam edir. Övladlarını dərsə göndərməyən valideynlərə uşaqları dərsdən yayındırmamaq, bu məsələyə təmkin və anlayışla yanaşmaq tövsiyə olunub”.

Qeyd edək ki, 27 noyabr tarixindən Nəsimi rayonunda yerləşən 14 nömrəli orta məktəbin 3 Ç sinfinin şagirdlərini valideynləri dərsə buraxmayıb. Səbəb 14 nömrəli tam orta məktəbin rus bölməsinin 3 Ç sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) davranışı ilə bağlı problem olub. Məktəb rəhbərliyi şagirdi təhsil aldığı 3 E sinfindən 3 Ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3 Ç sinfinə gətirilməsinə narazılıqlarını bildiriblər və uşaqlarını dərsə buraxmayıblar.

Etiraz edən valideynlər bildirib ki, sözügedən oğlan uşağı oğlanlara siqaret çəkməyi öyrədir, özü ilə dərsə alışqan, deşici alət gətirir, uşaqlara hər yeri yandıracağını deyir. Dərs vaxtı uşaqların imtahan vərəqlərini cırır. Paltarlarını soyunub qız uşaqlarına bədənini göstərir.

Müstəqil.Az

Share: