İbrahim Rüstəmli
Əziz Rüstəm!
Şəxsinə göndərdiyim bu məktubumu oxuyanda, bəlkə də, azadlıqda olacaqsan, ancaq sənin həbs xəbərini eşidən andan keçirdiyim ruhi sarsıntılarım və bu sarsıntılardan sonra ürəyimdə yaranmış ağrılarım, yəqin ki, hələ uzun müddət məni rahat buraxmayacaq. Öz şagirdini müdafiəsiz vəziyyətdə, qolları qandallı halda görmək bir müəllim üçün, bəlkə də, dünyanın ən ağır əzabı, allahın ən böyük cəzasıdır!..
Əgər sən qanunu pozmusansa, cinayət törətmisənsə, bil və həmişəlik yadında saxla: buna görə ilk növbədə şəxsən mən və mən başda olmaqla sənə dərs demiş bütün müəllimlərin günahkardır! Yox, əgər səni haqsız yerə həbs ediblərsə, buna görə də ilk növbədə özümü günahkarlar cərgəsində gördüyümü bəri başdan dilə gətirir, sıradakı tənhalığımı axına qarşı üzmək cəsarətimlə yozur və bu anlarda özümü nəinki qalib kimi görmədiyimi, əksinə, uduzmuş, məğlub olmuş birisi kimi hiss etdiyimi diqqətinə çatdırıram.
Hələ bığ yeri təzəcə tərləyən, həyatın keşməkeşli və dolanbac yolları haqqında doğru-düzgün təsəvvürlərə malik olmayan bir gəncə bu yaşda soyuq və ruhsuz həbsxana divarlarını tanıtmaq biz böyüklər üçün bağışlanmaz qəbahətdir!..
Xüsusilə sənin Təhsil Nazirliyinin binasında həbs olunmağın mənə sındırılmış bir ümid, itirilmiş bir inam, əldən verilmiş bir şans qədər ağır gəldi. Yəni, o qədər böyük-böyük adamların – ölkənin ən ünlü pedaqoqlarının sırasında səni polis nəzarətindən, həbsxana kamerasından qoruya biləcək bir nəfər tapılmadımı!? Yəni, doğrudanmı, problemin həllinə aparan yeganə yol sənin qollarının qandallanmağından keçirdi!? Yəni, doğrudanmı, o boyda nazirlikdə sənin günahını bağışlayacaq qədər mərhəmətli bir ürək sahibi ilə rastlaşmadın!?.
Bütün hallarda bu kiçik məktubumda nə səni, nə də başqalarını qınamaq, ittiham etmək fikrindən çox-çox uzaq olduğumu da bilməyini istəyirəm və “atəşi öz üzərinə götürən” bir hərbçi – müəllimin kimi baş verən insidentin məsuliyyətini bütün ağırlığı ilə öz çiyinlərimdə duyduğumu gizlətmirəm. Yəqin elə buna görədir ki, sənin qollarına taxılan qandalı öz qollarıma taxılmış qandal kimi dəyərləndirir və onların soyuq, soyuq olduğu qədər də ruhsuz iddiası və məhdudiyyəti önündə bu sətirləri yaza bildiyimə görə təəccüblənirəm!
Sonda sənə iki il dərs demiş müəllimin kimi bu fikrimi də acı təəssüf hissilə diqqətinə çatdırmağı özümə borc bilirəm: Həbsxana kamerası sənin nəinki 15 gününü, heç 15 saniyəni belə yaşamalı olduğun məkan deyildi! Ancaq buna da həyatın bir sınağı, ötürülməyən biliklərin növbəti imtahanı kimi bax, Rüstəm! O soyuq və ruhsuz məkanda qürurunu, ləyaqətini, insanlığını qoru və doğru bildiyin yolla getməkdə davam et!..