Mənə düşən iki sözdür, birin dedim,biri qaldı

Firuzə MƏMMƏDLİnin yeni şeirləri

Qaldım

Bəxt yükündə kiçilsəm də,
Söz yükündə iri qaldım.
Ölənlərlə ölüb getdim,
Qalanlarla diri qaldım.

Düşdüm üzübəri gəldim,
Dərd dolu illəri gəldim.
Nə bir bənd irəli gəldim,
Nə bir misra geri qaldım.

Ömrə ölçü-biçi sözdür,
Çölü sözdür, içi sözdür.
Mənə düşən iki sözdür,
Birin dedim,biri qaldı.

****

Gücünüz çatırsa, gəlin,
Əlimdən alın qələmi.
Qəlbi kövrək, gözü yaşlı,
Ayağı yalın qələmi.

Gah mülayım, gah da çılğın,
Qayğıları yığın-yığın,
Ərk etdiyim, sığındığım
Doğmaca balam qələmi.

Bəxti sözlə açıb dinir,
Bir ömrün -sevgisi, kini.
Özündən çox özgəsinin
Halına qalan qələmi.

Qorxuruq

İahi, biz qorxuruq,
Özümüzdən qorxuruq.
Qəfil sızan, püskürən,
Sözümüzdən qorxuruq.

Bənzədirik çeşməyə,
Bayatıya, qoşmaya.
Çöp düşə, ya düşməyə,
Gözümüzdən qorxuruq.

Xof almasın çoxunu,
Taleyimiz oxunub.
Əyrimizə toxunub,
Düzümüzdən qorxuruq.

****

Ağ günümün qarasını
Qara günə saxlamışam.
Mən ömrümün divarına
Səbrimi suvaqlamışam.

Üz görmüşəm üzsüzlərdən,
Güc almışam gücsüzlərdən.
Heyrətlənib iç üzlərdən,
Gülə-gülə ağlamışam.

Bir hənirə, bir himə yox,
Dünənimə, indimə yox,
Ümidimi heç kimə yox,
Bir Allaha bağlamışam.

Share: