İnsanlara əlləriylə şəfa verir, ürəyi ilə Nur çiləyirdi…

Ziya nur deməkdir. Sənətinin şərəfini daim uca tutan, əməli və şəxsiyyəti ilə xalqın gözündə Ziyalılıq mərtəbəsinə qalxan həkim isə ikiqat Ziyalıdır. Çünki O, insanlara əlləri ilə ümid işığı – şəfa verir, ürəyi ilə isə Nur çiləyir.

Ziyalılıq insanın müdriklik kateqoriyasıdır. Xalqına, Vətəninə, Torpağına, Dövlətinə ürəkdən bağlı olan o insanlar ən müxtəlif peşə sahələrində çalışanların sırasından seçilməyi bacaranlardır.

Azərbaycan xalqının bu qəbildən olan, böyük hörmət-izzətə, nüfuza malik onlarla deyil, yüzlərlə alimi, yazıçısı, sənətkarı, siyasətçisi və həkimləri var. Bəli, bu da danılmaz həqiqətdir ki, kütləni xalqa, millətə çevirən onun icərisindən çıxmış əsl ZİYALILARDIR.

Yüz il bundan əvvəl milli mənəviyyatın, milli məfkurənin daşıyıcıları olan aydınlarımız müstəqil Azərbaycan dövlətini – ADR-i qurmaqla tarixi bir missiyanın öhdəsindən gəldilər. Maarifçilik dalğasında yetişmiş həmin milli ziyalılarımız xalqa azadlığın, ədalətin və demokratiyanın tamını dadızdırdılar. 1991-ci ildə isə 71 il əvvəl çökdürülmüş dövlətçiliyimizi yenidən bərpa etdik. …Belə işıqlı ziyalılarımımz bölgələrdə az deyil. Onlardan biri Sabirabadda hamının “Şirvanın Gözü, Nuru” kimi tanıdığı Nuru Vahab oğlu Məmmədovdur. Hələ sovet dövründə «Azərbaycan gəncləri» qəzetinin bir neçə nömrəsində bu fədakar ziyalımız, xalqın sevimli loğmanı haqqında məqalələr çap olunub. Bu qəzetin 12 noyar 1974 cü il nömrəsində uzun illər Sabirabad Mərkəzi Xəstəxanasınln Baş həkimi işləmiş Nuru Məmmədov haqqında geniş yazı verilmişdir. Nuru həkim haqqındakı yazıda mənim diqqətimi cəlb edən onun gənc həkimlərə göstərdiyi hərtərəfli qayğısı oldu. Nuru həkim belə gənclərdən M. İsmayılovu və Ə. Səmədovu xəstəxananın fəaliyyət prinsipi, qaydaları ilə tanış edib, onlarla faydalı və maraqlı tövsiyələrini bildirirdi. Bu faktın özü Nuru həkimin gənc kadrlara verdiyi diqqətin, qayğının göstəricisi idi. Ötən əsrin təlatümlü və ağır doxsanıncı illərində müstəqilliyini yenicə elan etmiş dövlətimizi parçalamaq, Azərbaycanı yeni işğal təhlükəsindən qorumaq üçün xalq özünün müdrik rəhbərini – Ulu Öndər Heydər Əliyevi xilaskar kimi ikinci dəfə dövlətin sükanı arxasına çağırdı. Həmin çətin dönəmdə məhz Nuru Məmmədov kimi ziyalılarımız Rəhbərin ətrafında birləşərək, ona etimadlarını bildirdilər və dəstək oldular.

Sabirabad Ziyalılar Şurasının sədri və Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin qurucularından biri olaraq Nuru həkim yerli sakinlər, xüsusilə də gənclər arasında geniş təşviqat və təbliğat işləri apardılar. Bununla da dövlətçiliyin dayaqlarını möhkəmləndirməyə, ölkədə siyasi, sosial-ictimai vəziyyətin sağlamlaşmasına öz töhfələrini vermiş oldular.

…Nuru Həkim həm insanların fiziki sağlamlığının keşiyində durur, həm də cəmiyyətin mənəvi saflığının qorunması üçün müstəsna xidmətlər göstərirdi. Nuru Məmmədovun ömür-gün yoldaşı Yavər xanım bir tarixci kimi Nuru həkimin əqidədaşı və silahdaşı idi. Allah hər ikisinə rəhmət etsin. Nur icində olsunlar. Çünki onlar hər zaman Xalqa, Vətənə, Dövlətə ləyaqətlə, şərəflə xidmət göstərmiş əsl ZİYALILAR idi. Bu gözəl ailənin övladları da bu gün vətəninə, dövlətinə xalqına xidmət edən ziyalılardır. Mən bu əsnada onların oğulların nəzərdə tuturam. Onlardan biri Adıgözəl müəllim həm atasının, həm də anasının sənətini ləyaqətlə davam etdirən tarixçi-alim, xalqımızın dəyərli ziyalılarındandır. Həkimlik peşəsinə yiyələnən Adıgözəl müəllim bu sahədə beş ixtira sahibidir. Atası Nuru həkimin layiqli davamçısı kimi Adıgözəl müəllim tarixçi anasının da qəlbini incitmədən tarixi mövzularda çoxsaylı əsərlərin, siyasi araşdırmalara həsr olunmuş 30-a yaxın maraqlı kitabın müəllifidir. Onun kitabları həm Azərbaycanda, həm Rusiyada, ABŞ da, Çexiyada, Türkiyədə, İtaliyada geniş yayılmış, hazırda çalışdığı Qərb Kaspi Universitetində tədris vəsaiti kimi istifadə olunur. Eyni zamanda Yazıcılar Birliyinin üzvü olan Adıgözəl müəllimin elmi əsərləri ABŞ-ın Konqres kitabxanasının kataloquna daxil edilmişdir. Alimin siyasi liderlərin psixogenetik portretlərinə həsr etdiyi kitabları barədə dünyanın tanınmış politoloqları, o cümlədən, ABŞ dövlət departamentinin analitiki Pol Qobl, Rusiya Təhlükəsizlik Şurasının üzvü Serqey Mironov, eləcə də siyasətçilər, elm adamları yüksək fikir bildirmişlər. Qətiyyən şübhə etmirik ki, Adıgözəl Məmmədovun elmi-pedaqoji fəaliyyəti atası Nuru həkimin, anası Yavər xanımın adlarına layiqdir. Özləri kimi övladları da bu gün xalqın milli mənəviyyatının, məfkurəsinin daşıyıcısı olan əsl Ziyalılardır.

Tahir Ələkbərov

Share: