Aqşin Babayev kim idi? – Tələbəsi yazdı…

Aqşin Babayev haqqında indi yazmaq istədiklərimi mən bir dəfə demişəm. Min deməkdənsə, bir yazmaq daha qalıcıdır, bəlkə.

Bu isim mənim fikrimdə dərhal iki – “Elit jurnalist” və “Aqşin Babayevin dövrü” deyimlərini önə çıxarır. Bunlar hər biri mühüm məsələlərdir. Baxmayaraq ki, Aqşin Babayev yazıçı, dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, kimi kifayət qədər tanınmış şəxsiyyətdir. Və mənim elmi rəhbərimdir. Daha dəqiqi, BDU-nun doktarantı kimi “Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu” adlı dissertasiya yazarkən Aqşin Babayev mənim elmi rəhbərim olub. Onunla tanışlığım həmişə uzaq xarakter daşıyıb, amma həmişə diqqətimi çəkib.

Hələ 1984-1989-cu illərdə tələbə-jurnalist kimi Respublika Radiosunun əməkdaşı idim və həmin dövrdə Aqşin Babayev radio kollektivinə rəhbərlik edirdi. Onu bir dəfə də olsun yaxından görməsəm də, hər dəfə radioda Aqşin Babayev şəxsiyyətinin təsirini hiss edirdim. Radioda onun nüfuzu, yaradıcılıq zövqü, intizam tələbi əsas idi. Sanki radio kollektivi bir nəfər kimi Aqşin Babayevə işləyirdi. Aqşin Babayev isə xalqa və dövlətə xidmət edirdi. Hər nə vardısa, onun iradəsi daxilində hərəkətdəydi sanki. Və bunu mənimlə bərabər tələbə-əməkdaşlar hiss edirdilər. Biz buranın rəhbərinin necə bir adam olmasına maraq göstərirdik. Amma onu heç görmədik.

Universitet illərindən sonra bu idarədə qalıb işlədim. Artıq bura başqa bir şəxs rəhbərlik edirdi. Müstəqilliyin ilk illəri idi. O dövrdə bütün ölkədə olduğu kimi, radioda da bir xaos, bir çaşqınlıq var idi, hər işdə nizamsızlıq hökm sürürdü. Çox qəribədir ki, ən çətin situasiyalarda radio kollektivindən əksər insanlar Aqşin Babayevi xatırlayır və “O, burada olardısa, bütün bu çətinlikləri, anlaşmazlıqları çox asanlıqla həll edərdi”, deyə fikir yürüdürdülər. Neçə illərdi padiodan getməsinə baxmayaraq, burada Aqşin Babayevin bir məktəbi vardı və o məktəbin üzvləri onu çox sıx-sıx yada salırdılar.

Bir neçə il sonra mən Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri təyin edildim. Respublika Radiosunun tərkibində olsa da, bu müstəqil qurumdur, tamam fərqli kollektivi var. Aqşin Babayev uzun illər bu kollektivə də rəhbərlik edib. O, Türkiyəyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların Baş redaktoru olub. Bu qurumun böyüdülməsi, inkişafı onun adı ilə bağlıdır.

İdarənin böyüməsilə onun vəzifəsi də böyüyüb, xarici verilişlər üzrə sədr müavini təyin edilib, bir xeyli müddət bu vəzifədə çalışıb. Həmin müddət günü bu gün də “Aqşin Babayevin dövrü” adlanır. Mən bura gəldiyim ilk aylarda iclaslarda bəzən əmək intizamını pozan, daxili qaydalara əməl etməyən, texniki xətalara yol verən insanlara “Aqşin Babayevin dövründə sən bunu edə bilməzdin” deyildiyinin, zəif, məsuliyyətsiz, “başdansovdu” hazırlanan verlişlərin müəlliflərinə “sən Aqşin Babayevin dövründə belə iş görsəydin, halın nə olardı, bilirsənmi” deyildiyinin şahidi olmuşam. Demək, Aqşin Babayev işlədiyi yerlərdə etalon olmağı bacarmışdı və mənə elə gəlir ki, professional iş həyatında bunu qazanmaq xeyli çətindir.

Daha bir neçə il sonra, mən BDU-nun dokrorantı olanda, bu mühitdə də Aqşin Babayevin kifayət qədər tanındığının və müsbət imicə sahibliyinin fərqinə vardım. Həmin illərdə Aqşin Babayev Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri idi. O, bu vəzifədə 15 il işləyib. Elmi rəhbərimin kimliyi ilə maraqlanan hər kəs, Aqşin Babayev haqqında müsbət fikir bildirir və əksər hallarda onu “elit jurnalist” adlandırırdılar.

Elitarlıq ən yüksək keyfiyyətlərdən biri olaraq bu gün cəmmiyyətimizə çox gərəkdir. Mən Aqşin müəllimin doğrudan-doğruya elitar mədəniyyətə sahib bir şəxsiyyət olduğuna inandım. Elmi rəhbərim olduğu illərdə, Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri kimi Aqşin Babayevin vaxt imkanları çox məhdud idi və elmi işimlə bağlı bizim görüşərək fikir bölüşmək, müəyyən nüansları müzakirə etmək, məsləhətləşmələr aparmaq imkanımız olmadı. Cəmi bir neçə dəfə telefon söhbətimiz oldu və bu danışıqlarda mən onu heyrətamiz dəqiq, səliqəli, məsuliyyətli, ekspert düşüncəsinə sahib, elitar mədəniyyətə malik, ifahi redaktə imkanları olan jurnalist kimi tanıdım.

Bu sətirləri yazarkən Aqşin müəllimin aktiv fəaliyyət dövrü və ondan sonrakı dövrə baxmaq zərurəti hiss edirəm: Azərbaycan totalitar sovet rejimindən yeni müstəqil və informasiyalı vətəndaş cəmiyyətinə keçdi. Hazırda ölkəmizdə ənənəvi mətbuat, internet media, vətəndaş jurnalistikası və sosial media paralel fəaliyyət göstərir. Bu çox təbii və qanunauyğundur. Bununla azad ölkə, azad cəmiyyət olduğumuz bir daha öz təsdiqini tapır. İki formasiya – sosializm və kapitalizm dəyişməsində o jurnalistlərin yaradıcılıq üslubu, yaradıcılıq irsi, yaradıcılıq məktəbi yaşaya bildi və tədris, təbliğ olunmağa layiqdir ki, onlar rejmin təziqi altında olsalar da, əslində xalqa, onun mədəniyyətinə, mənəviyyatına xidmət etmişdilər.

Aqşin Babayev belə jurnalistlərdəndir. Jurnalistika elə bir ictimai institutdur ki, onun təmsilçiləri bütün hallarda ictimai dəyərlərə xidmət göstərməli və nəticədə bir şəxs olaraq ictimai şəxsə çevrilməlidir. Cəmiyyət informasiyaya ehtiyac duyduqca, jurnalistikaya ehtiyac duyur, jurnalistikaya ehtiyac duyduqca, jurnalistə ehtiyac duyur, bunlardan dolayı doğru söylənmiş xəbərə və peşəkar şərhə ehtiyac duyur. Aqşin Babayev jurnalist fəaliyyəti dövründə mümkün qədər peşəkar fəalliyyətlə məşğul olmuşdur. Jurnalistikanın hədəfi həqiqətləri çatdırmaqdır. Aqşin Babayev özü və əksər həmkarları bunu bilir və buna çalışırdılar.

30 kitabın müəllifi, Əməkdar jurnalist, 15 il AzTV-nin xarici verilişlər üzrə sədr müavini, 15 il Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri, bir neçə il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olmuş, Azərbaycan Respublikası Prezidentinin II dərəcəli dövlət müşaviri, 10 cilddən ibarət “Seçilmiş əsərləri”n müəllifi, filologiya elmləri doktoru, professor Aqşin Babayev, onu tanıyanların təsdiq etdiyi kimi, geniş dünyagörüşü, yüksək elitar mədəniyyəti, zəngin təcrübəsi, çoxşaxəli yaradıcılığı, dəyərli insani keyfiyyətləri olan şəxsiyyətdir və mən onu şəxsən tanıdığım üçün şanslıyam.

Redaksiyadan: Aqşin Babayev 10 iyun 2020-ci ildə 84 yaşında dünyasını dəyişib.

Natəvan DƏMİRÇİOĞLU

Share: