Ulu Quba diyarının Alpan elində düz yetmiş il əvvəlin bu günü dünyaya göz açan qədim kişilərindən biri,Azərbaycan Respublikasının Əməkdar həkimi, Quba Rayon Mərkəzi Xəstəxanasının ümumi terapiya şöbəsinin müdiri, “Səhiyyə əlaçısı” və “Tərəqqi” medallı ictimai xadim Cabir Məmmədov…
Yetmiş illik gərgin,məsuliyyətli və şərəfli ömür yolunun əlli ilini insanların sağlamlığına sərf etməklə yanaşı Quba Rayon Tibb İşçiləri Həmkarlar İttifaqının sədri,rayon sovetinin deputatı,partiya təşkilat katibi,dairə seçki komissiyaslnın üzvü,məntəqə seçki komissiyasının sədri, Rayon Ağsaqqallar Şurasının üzvü kimi ictimai işlərdə də fəal bir yol qət edən dəyərli ağsaqqal,sayılıb-seçılən ziyalı…
Hər insanın üz tuta biləcəyi nəcib və qayğıkeş həkim,hər uğurlu müalicəni özünün əsəri sayan, həmişə mütaliə edən və elmi axtarışda olan, xəstələrin şəfa tapması üçün bilik və bacarığını əsirgəməyən,onları hiss edən,duyan və ürəyinə girib qərar tuta bilən,inamını və etibarını qazanan, onlarla elə “öz dili”ndə danışmağı bacaran “ürək həkimi”…
Cəmiyyətin psixologiyasına və xarakterinə uyğun davranış üslubu olan,öz prinsip-dəyərlərini qorumağı bacaran,ədalətsizliyə dözməyən və haqsızlıqlarla üzləşəndə etirazını bildirib sözünü üzə deyə bilən məğrur şəxsiyyət,ləyaqətli bir nəslin nümayəndəsi,gözəl ailə başçısı,- səhiyyə işçilərinin peşə bayramı ərəfəsində doğum gününü qeyd etdiyimiz Cabir doktor…
El içində adına “Ürək həkimi” deyilən və mənim Cabir doktor deyib müraciət etdiyim qocaman həkim dostum…
Təbrik edirəm, qardaş, yüz yaşa!
***
Göy öz göylüyündən yarıya bilmir,
Özünü ağlayır mələyim,doktor.
Allahın özü də qoruya bilmir,
Dağılır Yer boyda bələyim,doktor.
Şeirdi hər sözün kövrək ağrısı,
Kəpənək ağrısı,çiçək ağrısı,
Ən gözəl ağrıdı ürək ağrısı
Nə gözəl ağrıyır ürəyim,doktor.
Küsüb Qız bənövşəm,üzümə baxmır,
Bulağı sızlayan gözümə baxmır,
Eh,daha qələm də sözümə baxmır,
Yazmır mən deyəni lələyim,doktor.
Bu oyun, bu nağıl uzanır hələ,
Ağıllısı belə,dəlisi elə,
Özümü nə qədər sovurum yelə,
Dərdimi nə qədər ələyim,doktor.
Göy də göylüyündən yarıya bilmir,
Özünü ağlayır mələyim,doktor.
Allahın özü də qoruya bilmir,
Dağılır Yer boyda bələyim,doktor.
12.06.2020