“Şeir də yaza bilirəm, qumar da oynamışam və insanlara yaxşılıq da etmişəm…”

Müstəqil.Az Moderator.az saytının budəfəki müsahibi şair, nasir Faiq Balabəyli ilə müsahibəsini təqdim edir.

 
– Karantin rejiminin əhvalı yazmağa mane olmur ki?
– Yox, əslində yeni mövzular verdi. Mənim yazmağıma heç nə mane ola bilməz, nə karantin rejimi, nə həbsxana həyatı, nə dənizdə gərgin iş şəraiti. Yetər ki, ovqatım nəsə yazmağa köklənsin, ürəyimdən yazmaq keçsin, yazacam.
– İlk şeirinizi əzbər söyləyə bilərsiniz?
– Əlbəttə, söyləyərəm. Amma ilk şeir deyildə indi deyəcəyim. İndi əzbərdən deyəcəyim bu şeiri hələ orta məktəbdə oxuyarkən Ukraynada, Rovno vilayətinin Kostopolski rayonun Zvezdovka kəndində yaşayan Yuxumeç Qalina adlı bir qıza yazıb göndərmişdim. Bilirsən, o zaman biz sovet məktəbliləri bir-birimizlə məktublaşardıq. Səhv etmirəmsə, 8-ci sinifdə oxuyurduq. Ona məktubun arasında novruzgülü göndərmişdim. Məktubda isə Azərbaycan dilində bu şeiri yazmışdım:
Sənə göndərdiyim Novruz gülüdür
Sevgi bildirirlər bu güllə, sən bil.
Rəngi göz oxşayır, hənux gülüdür,
Kədəri, göz yaşı bu güllə sən sil.
İndi mən bu gülü göndərdim sənə
Vaxt olar özüm də gəlləm yanına,
Solsa da hər zaman saxla bu gülü
Sənin də ətrini çəksin canına.
– Necə oldu, sonra Qalinanı gördünüzmü, saxlamışdımı o gülü?
– Yox əşşi, bu bir uşaqlıq sevgisi idi. Pioner idik. O, məktəblərindəki tədbirlərdən yazırdı, mən də elə kəndimizdən bəhs edirdim. Həm də bu yazışma rus dilini öyrənməyimizə kömək edirdi. Şəklini göndərmişdi, gözəl qız idi. Sonra böyüdüm, yazışırdıq yenə. İndi heç bir əlaqəmiz yoxdur.
– Şeirlərinizdə hansısa şairin təsirini hiss etmisinizmi?
– Yox, hiss etmirəm. Mən yaxşı şeirləri oxuyuram, əzbərləyirəm də hətta. Düşünmürəm ki, özümü hansısa şairə bənzədim, bilərəkdən, yaxud bilməyərəkdən təsir altına düşmək mənim xarakterimə yaddır.
– Şairlik Tanrının bəxş etdiyi həyat tərzidir, yoxsa Yaradanın insana verdiyi tale yazmaq səlahiyyəti?
– Kimdə necədir, deyə bilmərəm, ama onu bilirəm ki, yazırsansa səlahiyyətli olmalısan. Mənim həm də həyat tərzimdir. Yazmasam olmaz, elə bilərəm ki, içimdə ağır bir yük var, bu yükdən azad olmaq lazımdır. Gündəlik udduğum hava, içdiyim su, qəbul etdiyim qida, çəkdiklərim ağrı, keçirdiyim əsəb, həyacan, sevinc kimi həyatımda özünü təsdiqləyən bir vərdişdir, yəni mənim həyat tərzim budur.
 
– Dənizi oxşayan, dənizi vəsf edən çoxlu şeir var. Poeziya dənizlə şeiriyyətin ruhi yaxınlığından söz açır. Hərçənd bunların arasında çətin qavranılan, alt qatı olan bir paradoks da mövcuddur. Gəmi kapitanı Faiq Balabəyli necə düşünür, dəniz mavi qatildir, yoxsa lənətlənmiş gözəl qurban? 
– Lənətlənmiş gözəl qurban dedin, yadıma “Lənətlənmiş həyat” povestim düşdü. Bilirsən, dənizə çoxlu şeir yazılıb, iri həcmli əsərlərdə dənizdən, dənizçidən bəhs olunub, filimlər çəkilib. Bunların uğurlusu da var, uğursuz qələmə alınanı da. Mən dənizə qatil deməzdim, baxmayaraq ki, çoxlu can alıb və almaqdadır. Gənc vaxtlarımda şeir yazmışdım: Dəniz elə həmənkidir, gah mülayim, üzəgülər, Gah da dönüb ölüm olar, bizi güdər, – demişdim. Dənizi sevmək azdır, onu başa da düşmək, tanımaq lazımdır. Həyatımın müəyyən vaxtları dənizdə keçib, hər üzünü görmüşəm və inciməmişəm, məsuliyyətli olmuşam. Dənizdən nə yazmışamsa, uydurma, fantaziya olmayıb. Gördüklərimi, hiss etdklərimi, duyduqlarımı oxucuya ötürmüşəm.
 
– Qəzaya uğrayan gəmilər birdən-birə suyun dibinə getmir, sanki imdad diləyə-diləyə, son ümidi suya qərq olanadək yalvarır, sonra da batır. Heç batan gəmi gördünüzmü? 
– Batan, batmaq təhlükəsi olan gəmilər görmüşəm. Köməyinə də çatmışıq. Əsasən sən deyən kimidir. Gəmilər qəzaya düşəndə birdən-birə batmır. Amma qəzaya salınanda, gəmilər məqsədli şəkildə batırılanda qısa müddətə suyun dibinə baş vurduqları hallar da olur.
Yelkəni küləklə dolan ağ gəmi
üzər uzaqlara, geriyə dönməz…  
Mənim xəyallarımda batan, vidalaşan gəmi həmişə belə olub, belə yaşatmışam. Mən gəmi kapitanıyam, kapitanlar gəmini sonda tərk edir. Mən komandiri olduğum gəminin yalvarışına dözə bilmərəm, hansı yollasa onu xilas etməyə çalışaram. Mən gəminin yalvarışını yox, həyəcanlı səsini eşitmişəm, qəhrəmanlığını, dözümünü görmüşəm – 1990-cı ilin 20 Yanvar hadisələri zamanı. Bakı buxtasında rus-sovet hərbi gəmiləri ilə savaşımız zamanı. “Kəsilməyən həyəcan fiti” adlı kitabım da var.
– Təsis etdiyiniz Dənizçilərə Sosial Dəstək İctimai Birliyi qeydiyyatdan keçib. Təbrik edirəm. Dənizçi hüququ nə deməkdir, bu ifadə nəyi ehtiva edir? Ümumiyyətlə dənizçilərə sosial dəstək necə olmalıdır?
– Təbrikə görə çox sağ ol. Bilirsən, Oqtay, dənizçi hüququ deyilən ayrıca bir termin yoxdur. İnsanlarımızın hüquqları pozulur və bu sırada istənilən peşə sahiblərinin adını çəkmək olar. Lap elə hüquqlarımızı müdafiə edən, qoruyan təşkilatların da əməkdaşları hüquqsuzluqdan şikayətli olur. O ki qaldı dənizçilərə sosial dəstəyə, onların hüquqları ilə məşğul olmağa, bu indiki durumda çox vacibdir, baxmayaraq ki, təsis etdiyim İctimai Birliyin yaranması ideyası ağlıma gəlməzdən bu çatışmazlıqlar mövcud olub. Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmilərinin və dənizçilərinin də hər hansı haqsızlıqla üzləşdiyi hallar olur, dediyim kimi bu əvvəllər də belə olub. Çoxlu irad, şikayət və təkliflər verilir. Soruşuram niyə rəhbərliyə demirsiz? Bəzləri ehtiyat edir ki, adı qara dəftərə düşər, bəziləri də deyir ki, nə xeyri olacaq… Mənim bu haqda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşümüz zamanı söhbətimiz olub. Gəmiçiliyə rəhbərlik edəndən bəri çox yeniliklərə, ilklərə imza atan Rauf Vəliyev əslində mənim qeydiyyatdan keçirdiyim bu birliyə xoş münasibət bildirdi. Baxmayaraq ki, qaldıracağımız, ictimailəşdirəcəyimiz, həllinə nail olmağa çalışacağımız qüsurlarla bğlı əsasən ona müraciətlər ediləcək. Bilirsən, elə məsələlər var ki, o səviyyəyə qalxmadan həllini tapmalıdır. Ya buna mane olanlar var, ya da işinin öhdəsindən gələ bilməyənlər. Ya da işinin öhdəsindən gəlib, insan amilini ikinci, bəzən üçüncü dərəcəli hesab edənlər.
– Eşitdiyimə görə, ilk nəsr əsəriniz çap olunanda ağsaqqal söz adamlarından biri şairi şeirdən almaq istəyən nəsrə etiraz edib, sizə poeziyadan uzaqlaşmamağı tövsiyə edib. Məgər şair Faiq Balabəyli nasir Faiqə qısqanır ki?
– Qələm dostlarım olub ki, məni nəsrə keçdiyimə görə təbrik ediblər və hətta sən nəsrdə özünü daha yaxşı ifadə edə bilərsən deyiblər. Bilirsən, mən iddiası boyundan yuxarı olmayan adamam, yazıçıyam. Nəyi necə bacarıramsa, daha yaxşı harda ifadə edə bilirəmsə, o janrda da yazıram. Oxucu qıtlığım yoxdur. Bu elə kitablarımın tez bir zamanda satılmasında, tələb olunmasında da özünü göstərir. Hə, olub elə bir söhbət və mənim nəsrimlə tanışlıqdan sonra şeir də yaz, nəsr də deyiblər.
– Bir şeir deyin…
– Şeir demək mənim üçün çətin olmayan bir işdir. Yaxşı, deyim:
Üzümü söykəməyə gövdəndə yer gəzirəm
budaqların qol kimi sarmaşmır daha mənə,
qaranlıq dərə bilib ovcumda əl gəzirəm
qoşa əlin ovucu, qaranlıq kaha mənə…
İlahi, daha rəhmin gəlməsin mən zalıma
çöhrəmdə sevinc nədir,
kədər də donmaz daha
bu mənasız həyatda çiynimi söykədiyim
bu ağac budağına
quşlar da qonmaz daha…
Gözlərimin işığı öləziyib şam kimi
əriyib yoxa çıxır qəlbimin nisgili də.
Bir həyatın dibindən boylanıb üzü bəri
alın yazım oxunur… oxunur kölgəlikdə.
Daha heç nə qəlbimin sarı simini qırmaz;
nə bacımın göz yaşı, nə anamın ağısı
çiynimi söykədiyim bu ağacın gövdəsi
üzümü söykədiyim yarpaqların ağrısı…
İlahi, rəhm eləmə, qoy uzansın bu ömür
yaş olan yanaqların tamı, duzu bilinsin
İlahi, qələmindən boy verən alnımdakı
hər yetənə oxunan yazıların silinsin.
– Azərbaycan poeziyası bu gün arzuladığı yerdədirmi? 
 
– Nəyimiz varsa budur. Bizim poeziya heç vaxt gözüqıpıq olmayıb. Dünyada istənilən xalqın poeziyası ilə ayaqlaşan və onların poeziyasından qabaq olan poeziyamız var. İstər klassik, istər çağdaş şeir nümunələri olsun. O tamam başqa söhbətdir ki, çox vaxt tərcümə məsələsində geriyik. Kimin gücü çatır özünü, yaxud qohumunu tərcümə etdirir ki, bu da bizim poeziyanın əsas sifəti olmur.
– Şeir yazmaq get-gedə kütləviləşir. Doğrudanmı, biz şair xalqıq?
– Qardaş, əlimizdən bir iş gəlmir də… bütün dərdimizi, sevincimisi sözün, şeirin köməyi ilə ifadə edirik. Xalq qəhrəmanımız Koroğludur ki, döyüşə də şeir deməmiş girməzdi. Dədə Qorqud boylarında da nəzm var. Demək, xalqımız şeirə, sözə meyillidir.
– Azərbaycanda neçə böyük şairin adını çəkmək olar? Ümumiyyətlə sizin ən çox oxuduğunuz şairlər kimlərdir?
– Hər kəsin özünün oxuduğu, böyük bildiyi şairi var. Zövqlər müxtəlifdir. Məsələn, mən yaşayanlardan bir neçə şairi öz şairim bilirəm və adlarını da çəkmirəm. Özləri bilir…
– Sizi görəndə “heç şairə oxşamırsınız” deyənlər olubmu?
– Hə, olub. Bir dəfə Şərif Ağayar hansısa müzakirə, yaxud mübahisə zamanı dedi ki, sən öl, Faiq “KamAz” şoferinə oxşadı. Belədə də, mən heç vaxt özümdə şair obrazı yaratmamışam. Saçm dağınıq olmayıb, yalandan siqaret çəkib özümü “şair cildinə” salmamışam. Şeir də yaza bilirəm, dava da edirəm, vaxtı ilə qumar da oynamışam, ona-buna söz də atmışam və insanlara yaxşılıq etmək istəmişəm, etmişəm də, bacardığım qədər.
– XXI əsrin bombalı, viruslu çağında, kabusun və qorxunun Yer üzünü qara bulud təki aldığı dövrdə, hər gün daha çox insanın günahsız əzab çəkdiyi zamanda, görəsən, hələ də İsa Məsih kimi suyun üzərində yeriyə biləcək qədər mömin adam varmı dünyada?
– Mən namaz qılmıram, oruc tutmuram, Allahın evinə – məscidə gedib ibadət etmirəm və özümü bunu edənlərdən daha mömün hesab edirəm. Sualına cavab olaraq isə deyirəm, yoxdur elə bir adam, olmayıb və olmayacaq da. Dövr, zaman, kütləvi qırğınlar, Allaha “paçka” gəlib, guya ibadət edib, namaz qılıb, amma yüz cürə hiylə-məkrlə yaşayanlar, başqalarına acılar yaşadanlar, bununla da “gözəgörünməz kişini” aldatmaq cəhdləri insanlarda daha çoxdur.
– Maraqlı söhbət oldu, sağ olun, dənizi şeirlə oyadın, kapitan… 
– Sən sağ ol, saytınız uzunömürlü olsun, daima izləyirəm. Və bütün söhbət boyu “sən” deyə müraciətim isə söhbətimizin daha da isti olması üçün idi…
Söhbətləşdi: Oqtay Qorçu
Share: