***
Sən mənə dünənki keçmişsən indi
Sən mənə dünənki keçmişsən indi,
Yalnız xatirələr mənimlə qalır.
Sən mənə bir uzaq xəyalsan indi,
Gözlərim dünənə həsrətlə baxır.
Ağrı nə, acı nə?-Çəkməmisən heç,
Dəyməzdin qəlbimin kədər-qəminə.
Bir dəfə sən məni duymusanmı heç?
Aldınmı “Sevirəm” sözün dilinə.
Bəlkə də sən məni heç duymamısan,
Qəlbində varlığım belə olmayıb.
Bəlkə də sən mənim heç olmamısan,
Qəlbinə atəşlə eşqim dolmayıb.
Gecələr yatmaq da çətindir mənə,
Çıx mənim yuxumdan bir az uyuyum.
Səni unutmaq da dəhşətdir mənə,
Sən mənə gəl öyrət bir az unudum.
Sən mənə nə qədər uzaqsan, uzaq,
Bu gündən dünənə əlim yetməyir.
Günbə-gün qaçırsan, olursan uzaq,
Bu günüm dünənə geri dönməyir.
Sən yazın bir leysan yağışı kimi,
Köksümü selinlə yuyaraq keçdin.
Şaxtalı, sazaqlı soyuq qış kimi,
Gözümdə bir buzlaq qoyaraq keçdin.
Sən indi bir şirin keçmişsən mənə,
Xatirən sinəmdə yuva qurubdu.
Sən elə bir şəfəqli dünənsən mənə,
Səhərim hər zaman orda doğubdu.
***
——Rəssam, şəklini çək——
Bir xahiş eyləyim səndən, a rəssam,
Hissinlə fəhm edib, mən görəni çək.
Çox səslər gəlsədə sirli dünyana,
Ahımdan anlayıb mən deyəni çək.
Yanaqlar bədrdir, qaşları hilal,
Saçları zülmətdir, günəşdir camal.
Surəti huridir, yarat bir xəyal,
Mələktək göylərdən əl edəni çək.
Ey rəssam, fırçanla yarat sən bunu,
Mən canı verirəm, sən ver ruhunu.
Kirpiyin çəkərsən qəlbim oxunu,
Əllərin qanadtək, yelləyəni çək.
Gözlərin çəkərsən, sirli bir gecə,
Bürünsün hər tərəf orda sevincə.
Ləbləri pustədir, baxıb gizlincə,
Dilindən sözlərin bal süzəni çək.
Ey rəssam, bir anlıq gəl Xoşbəxt ol sən,
Çəkginən qəlbinlə, hər nəyi görsən.
Rənglərlə sevgimi sən duya bilsən,
Nazlısın könlümə, qəm verəni çək.
*****
Daha məhəbbətin dadı qalmayıb
Örtülmüş kitablar, indi açılmır,
Arzular dalıyca indi qaçılmır.
Qəlblərdən şölələr, inci saçılmır,
Daha məhəbbətin dadı qalmayıb.
Başına tac qoyur, sözlə öyünən,
Dünyaya kor baxır, gözlə öyünən.
Min yalan söyləyir düzlə öyünən,
Daha məhəbbətin dadı qalmayıb.
Yad kimi gələnlər, gedəcək bir gün,
Bir özgə bağçada bitəcək bir gün.
Kövrək xatirələr, itəcək bir gün.
Daha məhəbbətin dadı qalmayıb.
***
Küsmüşəm
İncitmədi bəxt məni,
Mən bəxtimdən küsmüşəm.
Qəlbim dinləmir məni,
Ürəyimdən küsmüşəm.
Öz könlümün evindən,
Sevincimdən, qəmimdən.
Xeyirimdən, şərimdən,
Sözlərimdən küsmüşəm.
Baxışlarım darıxmır,
Axtarmayır, aramır.
Yuxularım qarışmır,
Gözlərimdən küsmüşəm.
Bir yaranın üzündən,
Ömür düşdü gözümdən.
Bu dünyanın özündən,
Həm özümdən küsmüşəm.
*****
—YAVAŞ-YAVAŞ—
Günümün üstünə gəlir günlərim,
Aylarım olurlar, il yavaş-yavaş.
Tökülüb seyrəlir qara tellərim,
Ağarır saçımda tel yavaş-yavaş.
Təpələr gözümdə indi dağ olub,
Çıxdığım zirvələr, əlçatmaz olub.
Yollarda görünmür duman, çən olub,
Gözümdən çağlayır sel yavaş-yavaş.
Fəsillər dəyişər, yaz qış olacaq,
Açılan çiçəklər, bir-bir solacaq.
Döyünən ürəkdə bir gün duracaq,
Gələcək vidaya, el yavaş-yavaş.
***
Şuşadır
Uca dağların başında,
Yanıb dağlanan Şuşadır.
Yağıların qəfəsində,
Qolu bağlanan Şuşadır.
Uçdu “Qalanın” hasarı,
Qopdu üst-üstə daşları.
Üzükdən düzdü qaşları,
Tar-mar olunan Şuşadır.
Dağlarına duman gəldi,
Qəvi düşman yaman gəldi.
Boş qalıbdı “Ərimgəldi”
Yurdu talanan Şuşadır.
“Cıdır düzüm” tam şumlanıb,
“Yeddi dolamam” bağlanıb.
“Turşsu” suyum şorlanıb,
Gözü dolanan Şuşadır.
“Daşaltında” qanlar axır,
“Qırxpillədən” şimşək çaxır.
“Xarı bülbül” məzlum baxır,
Gülü saralan Şuşadır.
Xoşbəxt Zamanov