Akif Şahverdiyev- anım günü
Vəsiyyət:
“Başdaşıma yaşadığım illəri qoyub, doğulub-öldüyüm illəri yazmayın. Bilirəm, deyəcəksiniz: Yazıq, gəldi, yaşamadı,getdi.” (Akif Şahverdiyev)
“Hərənin qəlbində bir nisgil var. Hərənin könlündə kiminsə yeri görünən boşluğu var. Ayrılığına dözə bilmədiyimiz adamlar yadımıza düşdükcə ürəyimizdən kövrək bir istək keçir – onunla görüşmək istəyi. Lakin bu mümkünsüzlüyü bildiyimizdən həsrətini çəkdiyimiz kəsin surətini xəyalımızda canlandırıb onun özünə yanıqlı-yanıqlı bir şikayət edirik: Sənsiz yaman darıxmışam…”(Akif Şahverdiyev. 8 may 1997-ci il)
Bəli, doğrudanda belədir. İnsan, ona əziz və doğma olan bir kimsəni həmişə xatırlayır, yoxluğuna dözə bilmir. Onunla keçirdiyi xoş günlər, saatlar bir-bir gəlib göz önündən keçir. Yaxşı insan isə heç vaxt unudulmur. Əbədi ürəklərə köçür.
İyun ayının 13-ü peşəkar jurnalist, pedaqoq, yazıçı, eyni zamanda gözəl insan, böyük ürək sahibi Akif Bəşir oğlu Şahverdiyevin vəfatından iki il ötür. Yoxluğu, ailəsi, dostları, həmkarları və tələbələrini sarsıdır. Onun yeri elm ocaqlarının auiditoriyalarında,Nəşriyyat binasının redaksiyalarında, qohum-qonşu içində, ən əsası ziyalı bir ailəsinin yanında görünür.
Akif Şahverdiyev uzun illər Azərbaycan Milli Mətbuatında müxtəlif vəzifələrdə çalışmış, ömrünün demək olar ki, çox hissəsini bu sahəyə həsr etmişdir. Belə ki, Müdafiə Nazirliyinin əmri ilə “Azərbaycan Ordusu” qəzetində, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Xəzərin keşiyində” qəzetində, “Azdövyerqurlayihə” İnsitutunun “Yer” qəzetində, “Ana Vətən” qəzetində, “Press Əks-Səda” qəzetində, “And” qəzetində, “Ədəbiyyat” qəzetində, “Nyu-Media” qəzetində, “Sabah” qəzetindəçalışıb. Müxtəlif mətbuat orqanlarında 159-dan çox publisist məqaləsi,110-ayaxın hərbi vətənpərvərlik və vətənpərvərlik mövzusunda məqaləsi, kitablar haqqında 32 rəy və resenziyası, jurnalistikaya aid 25-dən artıq məqaləsi çap edilib. Haqqında 110 məqalə işıq üzü görüb. Bədii yaradıcılığı 17 mətbuat orqanında işıqlandırılıb. 7 qəzetdə hazırlanmış xüsusi buraxılışın redaktoru olub.
Pedoqoji fəaliyyətinə gəlincə,bir neçə universitetdə– Naxçıvan Universitetində (1 oktyabr 1999-30 iyul 2001, fakultə: jurnalistika), Cənubi Rusiya Humanitar İnstitutunda (5 oktyabr 1999, baş müəllim, fakultə: hüquq, iqtisadiyyat və tərcümə (linqvistika)), Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (2 sentyabr 2002, fakultə: jurnalistika), Odlar Yurdu Universitetində (1 sentyabr 2003, fakultə:hüquq və beynəlxalq münasibətlər (jurnalistika ixtisası üzrə)),Bakı Avrasiya Universitetində (15 sentyabr 2006, fakultə: jurnalistika), Qərb Universitetində(1 sentyabr 2001-17 avqust 2015, fakultə: jurnalistika) dərs deyib.
1991-ci ilin fevralında 63 saylı seçki dairəsi üzrə XIX çağırış Sumqayıt şəhər Xalq Deputatları Sovetinə deputatlığa namizəd kimi qeydə alınıb.
Sentyabr 1992-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
1994-cü ildə Jurnalistlərin ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olub.
31 may 1999-cu ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunda “1990-2000-ci İllərdəAzərbaycanda Ali Təhsilin İnkişaf Yollarının Pedaqoji Mətbuatda Əksi ” mövzusunda dissertasiya müdafiə edib.
18 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 353/RM saylı əmri ilə ona “baş leytenant” hərbi rütbəsi verilib.
Qarabağ Müharibəsi Veteranıdır. (4 may 1999-cu il. Nəsimi Rayon Hərbi Komissarlığı. Vəsiqə M/V N:030019)
Mart 2003-cü il Mətbuat Şurasının təsis qurultayının, 24 aprel 2004-cü il Mətbuat Şurasının II Qurultayının, 21 may 2005-ci ildə isə Azərbaycan jurnalistlərinin (Mətbuat Şurasının) III Qurultayının iştirakçısı olub.
25 mart 2005-ci ildə Rusiya Federasiyasının Cənubi Rusiya Humanitar İnstitunun sosial-humanitar intizam kaferdasının dosenti elmi adına layıq görülüb.
1 noyabr 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyində mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin maddi-mənəvi irs bölməsinin müdiri vəzifəsinə təyin edilib.
2006-cı ildə”Odlar Yurdu” universitetinin Elmi Şurasının qərarı ilə (Elmi Şuranın sədri professor Əhməd Vəliyev) “Azərbaycan Mətbuat Tarixi” kitabının tərtibi bu universitetin jurnalistika, dil və ədəbiyyat kafedrasının müəllimi Akif Şahverdiyevə həvalə olunub. Akif Şahverdiyevin böyük zəhməti sayəsində ərsəyə gələn kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.03.2006 tarixli 181 saylı əmri ilə təsdiq edilib. Kitab 2006-cı ildə “Təhsil” nəşriyyatında çap olunub. Giriş ön söz və beş fəsil hissədən ibarət olan kitab jurnalistika fakültəsində təhsil alan tələbələr, bu sahədə çalışan jurnalistlər və Azərbaycan mətbuat tarixi ilə maraqlananlar üçün faydalı mənbədir. Kitabın elmi məsləhətçisi Əhməd Vəliyev, rəyçilər Nizami Cəfərov və Əjdər Ağayevdir.
Eyni zamanda A.Şahverdiyev 2009-2010 və 2011-ci illərdə Bakı Avrasiya Universiteti tələbələrinin bakalavr hazırlığı üçün müxtəlif fənlər üzrə dərs proqramları – “Hərbi Mətbuat Tarixi”, “İxtisaslaşma-Radio və Televiziya”, “Jurnalist sənətkarlığı və tələbələrin praktikyaradıcılığı”, “Azərbaycan Mətbuat Tarixi”, “Jurnalistikaya giriş”, “Radio və Televiziyada ədəbi iş”, “Ədəbi redaktə”, “Kütləvi informasiya vasitələrinin dili və üslubu”, “Nəşriyyat işinin əsasları”, “Azərbaycanda müasir KİV sistemləri”, “Tələbələrin tədris təcrübəsi”, “İnformasiyalı cəmiyyət”, “Qlobal İnformasiya Cəmiyyəti və Milli Təhlükəsizlik”, “Tələbənin istehsalat və diplomqabağı təcrübəsi” və s. hazırlayıb.
Akif Şahverdiyev jurnalist və pedoqoji fəaliyyətilə paralel olaraq bədii yaradıcılıqla da məşğul olmuş, həm nəsr, həm də nəzmdə qələmini sinaqdan keçirmişdir. Onun ilk müəllifi olduğu kitab “Ömrə sığmayan həyat” adlı sənədli-bədii povestdir. Ön söz, yeddi fəsil və son söz əvəzi hissədən ibarət olan əsər metodist müəllim, jurnalist, tərcüməçi Natiq Yusif oğlu Səfiyevin həyat və yaradıcılığına həsr olunub. Kitabin elmi məsləhətçisi Vaqif Arzumanlı, elmi redaktoru Əjdər Ağayev, redaktoru Təranə Yaşarqızıdır. 170 səhifədən ibarət kitab 1988-ci ildə “Əbilov, Zeynalov və oğulları” mətbəsində çap olunub.
Müəllifi olduğu “Ruhun harayı” kitabı Qazax rayonunda “Balaxanım ocağı” deyilən müqəddəs bir ailənin üzvü – Novruzova İmamirə Qədim qızına həsr olunub. 96 səhifədən ibarət olan bu kitab 2000-ci ildə “Təbib” nəşriyyatında çap olunub.
2004-cü ildə “Təhsil” nəşriyyatında çap olunan, 154 səhifəlik “Vüsala doğru” (povest, hekayə və şeirlər) kitabında müəllif adət-ənənə və mənəviyyatla bağlı bir sıra problemlərə toxunmuşdur. Kitabın redaktoru yazıçı-ilahiyyatçı Oqtay Salamzadədir.
Eyni zamanda Akif Şahverdiyev deyimlər və aforizmlərlə zəngin olan “Söz qalası” (“Təknur” nəşriyyatı, 2013. 122 səh. Redaktor Şahlar Göytürk (Məmmmədli)) və “Güzgü” (“Təknur” nəşriyyatı, 2016. 140 səh. Redaktor İsmayıl Kazımov. Bədii redaktor Gülər Eldarqızı) kitablarının müəllifidir. Sosial şəbəkələrdə paylaşdığı deyimlər toplanan hər iki kitabda müəllif dilimizin zənginliyini qorumaqla milli-mənəvi sərvətlərimizi qiymətləndirməyə çalışmış, gənclərə əxlaqi dəyərləri təlqin etməyə cəhd etmişdir. Kövrək hisslərlə onu da qeyd edim ki, “Güzgü” kitabı ədibin yaradıcılığının son məhsuludur.
2018-ci ilin qış aylarında Azərbaycan cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq tədqiqat işi aparan Akif Şahverdiyev Azərbaycan Cümhuriyyətinin qurucuları, eləcə də həmin ərəfədə (1918) – AXC dövründə xidmət etmiş 21 general haqqında, Azərbaycan parlamentinin işçiləri haqqqında, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 11-ci Qızıl Ordu tərəfindən işğal edilərək böyük terror dalğasının başlanması və nəticədə yüzlərlə azərbaycanlı hərbçinin qətlə yetirilməsi, (onların böyük hissəsi AXC ordusunda xidmət edən yüksək rütbəli şəxslər idi) güllələnən 8 azərbaycanlı general haqqında Facebook səhifəsində ardıcıllıqla oxucuları məlumatlandırıb. Təəssüf ki, Bakının Türk ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi münasibətilə şəhərdə keçirilən möhtəşəm bayram tədbirlərini və hərbi paradı görmək ona qismət olmadı. O, öz Facebook səhifəsində, eləcə də müxtəlif sahələri əhatə edən yaradıcılığında tariximizi, ədəbiyyatımızı yaşadan materiallar ərməğan etdi, miras qoydu.
A.Şahverdiyevin ədəbi-bədii, publisist yaradıcılığını, eləcə də pedaqoji fəaliyyətindəki nəaliyyətlərini onun şəxsiyyətindən kənarda təsəvvür etmək olmaz. O, özünün intellektual səviyyəsi ilə həmişə sayılıb, seçilənlərdən olub. Qürur, vətəndaşlıq, humanizm, müdriklik və insanilik onun şəxsiyyətini səciyələndirən əsas amillərdir. Tərifdən, şan-şöhrətən daim uzaq qaçan təvazökar, təmənnasız bir insan idi Akif Şahverdiyev.
“Deyiln söz ömürdən qısadırsa –cahilliyin, ömür qədərsə– adilliyin, sahibindən sonra yaşayacaqsa–aqilliyin nişanəsidir” deyən ədib bu gün “aqil insan” adına layıq görülür. Bəli,onun qələmindən çıxan hər bir söz indi, öz sahibindən sonra yaşayır, aqilliyin dərəcəsinə çatır. İllər ötsə də onun adı xələflərinin, eləcə də hər bir vətənpərvər insanın qəlbində yaşayacaq.
Akif Şahverdiyevin müəllifi olduğu məqalələrdə, bədii əsərlərdə vətənə misilsiz sevgisi, ləyaqəti, əzimliyi duyulur. İnsan qəlbinin ən kövrək, incə notlarına toxunur. Şeirlərindən və sosial şəbəkədə paylaşdığı yazılarından onun dərdlə dost, yoldaş olduğu, öz şəxsi həyatındakı çətinliklərlə yanaşı doğulduğu, yaşadığı vətən torpağının da iztirabı var. O,ictimai haqsızlıqlarla, ədalətsizliklə barışa bilməyən bir ruh sahibi idi. Həyatı ilə yaradıcılığı arasında düz mütənasiblik olan müdrik ustadın silahı ancaq və ancaq mübariz qələmi idi.
Çilikləndi ürəyim,
Əl görmədi kürəyim,
Daşdan çıxdı çörəyim,
Yaşadım…
Yolum dirəndi daşa,
Dərdimlə doldum yaşa,
Ümidlə qaldım qoşa,
Yaşadım…
Əyri yola getmədim,
Arzu etdim, yetmədim,
Nəsə, ölüb-itmədim,
Yaşadım…
“Daşdan çıxdı çörəyim, yaşadım” – deməklə əziyyətli, dərdli-kədərli bir həyat yolu keçsə də ümidi isə heç vaxt itmir, “Ümidlə qaldım qoşa, yaşadım…”söyləyir. “İnam itər, ümid itməz” düşünərək, inamını itirsə də ümidini heç vaxt itirmir.
“İnsan ilk dəfə gözüyumulu doğulur, gözü sonra açılır. İkinci dəfə sevəndə doğulur– açıq gözü bağlanır.
İnsan ilk dəfə sevdiyini itirəndə ölür və gözü açılır. Gözü açıq və bağlı, fərqi yoxdur, ümidini itirəndə isə, birdəfəlik ölür.” (Akif Şahverdiyev)
Ölümündən sonra müxtəlif mətbu orqanlarda və saytlarda Akif Şahverdiyevin əziz xatirəsini uca tutan, haqqında yazılmış neçə-neçə məqalələr çap olunmuşdur.
Şair-publisist Əbülfət Mədətoğlu Akif Şahverdiyevlə bağlı xatirələrindənyazır:
“Akiflə ilk tanışlığım 1989-cu ildə Beyləqanda olub. O zaman mən Xankəndində Dağlıq Qarabağ Təşkilat Komitəsində çalışırdım. Beyləqana mətbuat nümayəndəsi kimi gəlmişdim. Müəyyən işlərlə bağlı informasiya toplamalı idim. Bir gün Beyləqanda bir çayxanada dostlarla çay içib söhbət edirdik. Bu zaman Akif bizə yaxınlaşıb görüşdü. Dostlarım bizi tanış etdi. Dedilər ki, yerli jurnalistdir, Bakıda çalışır. Rayona qonaq gəlib. Beləcə Akiflə tanış olduq.
1991-ci ilin oktyabrın 30-dan 31-ə keçən kecə bizim kənd işğal olandan sonra ailəliklə Füzuli rayonuna gəldik. Qısa bir zamandan sonra isə Beyləqana köçərək uşaq baxçasında məskunlaşdıq. Həmin uşaq baxçası Akif gilin evindən hardasa 600-700 metr məsafədə idi. Artıq onda mən hərbi jurnalist idim. “Xalq Ordusu” (indiki “Azərbaycan Ordusu”) qəzetində cəbhə müxbiri kimi fəaliyyət göstərirdim. Beyləqan rayonuna – batalyona tez-tez gedirdim.
Akif müəllimgilin evinin yanında Xocavənd rayonunun polis şöbəsi yerləşirdi. İkinci görüşümüz elə orda- evlərinin yaxınlığında oldu. Məni evlərinə dəvət etdi. Oturub çay içdik. Ailəsi ilə tanış etdi. Dedi ki, nə lazım olsa, nəyə ehtiyacın olsa, biz burdayıq. Anası rəhmətlik çox mehriban qadın idi. Beləcə, münasibətlər davamlı oldu. Tez-tez qarşılaşırdıq.
1994-cü ilin fevral ayında ordudan təxris olundum və Bakıya gələrək Azərbaycan Nəşriyyatında- “Ədalət” qəzetində çalışmalı oldum. Akif də səhv etmirəmsə 3-cü mərtəbədə otururdu. Bir gün koridorda rastlaşıb görüşdük. Beləcə, münasibətlər daha da şirinləşdi. Müəllifi olduğu kitabları aftoqrofla mənə verdi. Bir neçə yazılarını göndərdi, qəzetimizdə çap etdim.
Axırıncı görüşümüz isə Bakıda – Hava Limanında oldu. Bakıdan Naxçıvana uçan təyyarədə. Təyyarəyə qalxanda gördüm ki, Akif ortada dayanıb, yanında oturanları yerləşdirir. Salamlaşdıq. Əllərində şirinliklər, xonçalar var idi. Dedim xeyirdimi? Dedi xeyirdi inşallah, dostum İlhamın oğlu üçün elçiliyə gedirik. Çox sevindim, təbrik etdim. Naxçıvanda limana enəndə xeyli söhbət etdik. Məni təzə qohumlarla tanış etdi. Vədələşdik ki, Bakıya qayıdanda görüşüb, söhbət edərik. Təəssüf ki, bu bizim son görüşümüz oldu.
O, mənim yaddaşımda dəyərli jurnalist, gözəl insan, ən əsası isə sözə xidmət edən bir insan kimi qaldı. O, sözə xidmət edirdi, qələmə qulluq edirdi. Allah rəhmət eləsin!”
AMEA Dilçilik İnstitunun elmi işçisi Şahlar Göytürk “Ölümün çiçək açsın” məqaləsində ustadla bağlı xatirələrindən belə yazır:
“İnsanlar yuxudadır, öldükləri zaman ayılacaqlar.” Bəlkə elə buna görə bu əbədi ayrılıq mənə yuxu kimi gəlir, axirət dostum Akif müəllim!Ruhun şad olsun!
Səninlə bir yerdə işləməyi çox arzulayırdım, çünki vaxtilə BAAU-da iş yoldaşı olmuşduq. Sənin necə dəyərli bir ziyalı, səmimi və ləyəqətli şəxsiyyət olduğunu yaxşı bilirdim. Sonra Monitorinq şöbəsi təzə-təzə yarananda iki ay təmənnasız şöbəmizə yardımçı oldun…
İki il idi ki, işsiz idin. Direktora işlə bağlı xahiş etdim. O da razılaşdı, işə götürəcəyinə söz verdi. Sevincimiz yerə-göyə sığmırdı… Dedin ki, eşidən, bilən bütün qohum-əqrabam Dilçilik İnstitutunda işə düzəlməyim münasibətilə zəng edib məni təbrik edir. Ailəmizdə toy-bayramdır.
İşlə bağlı əmrin veriləcəyi gün gözləmədiyimiz bir cavab aldıq: “İxtisasınız uyğun deyil. Sənədləriniz burada qalsın, əlaqə saxlayarıq”.
Ayrılanda mənə xeyirxahlıq üçün dönə-dönə təşəkkür elədin. “Bu mənim son şansım idi” –dedin…
Direktor iki gün bundan qabaq “dostunu işə götürəcəyəm” deyəndə sevinmədim. Artıq gec idi.
Ayrılıq xəbərin məni bərk sarsıtdı. Haqq dərgahında məqamın uca olsun, Akif müəllim!
Ölümü xatırlayan insan Tanrının sevimli bəndəsidir…
Bu Sənin sonuncu şeirin idi…
Elegiya
Daxma qışımdan çıxıb
Üzü yaza gedirəm…
Tək-tənhaca bürünüb
Bir palaza, gedirəm…
Bir yurd var ürəyimdə
Di gəl yolu uzaqdı.
Çölüm bahar ətirli,
İçim qardı, sazaqdı.
Heybəm-dolu kədərdi,
Tutub yolu gedirəm.
Ölümə tunel qazıb
Üzüsulu gedirəm.
Öz uca ölümümü
Öyə-öyə gedirəm.
Məndən qaçan əcəli
Söyə-söyə gedirəm.
Gedirəm ki, dünyanın
Qoy yeri geniş olsun.
Burda mənə iş qəhət,
Bəlkə orda iş olsun.
“Ölümün çiçək açsın”
Deməyir bircə bəndə.
Ruh da qalmaq istəmir
Bu lazımsız bədəndə.”
“Açıq səma” qəzetinin baş redaktoru Şamo Nərimanoğlu yazır:
“İslam dünyasının parlaq bir siması olan Həzrət Əli buyurmuşdur: «Mənə bir hərf öyrədənin köləsi olaram». Bu ibratamiz cümlə minilliklərin süzgəcindən keçib bu günümüzə gəlib çatıb. Bu gün də öz dəyəri ilə çoxlarına örnəkdir bu kəlam. Bundan mənəvi qida alan çoxsaylı insanlardan biri də Akif Şahverdiyev idi. «Azərbaycan» nəşriyyatında bu səmimi insanı tanımayan tapılmazdı.Səmimiliyi, istedadı ilə çoxlarına örnək olan bu insanın ömür yolu heç də hamar olmayıb.Məşəqqətli bir həyat yolu keçib gəlmişdi.Jurnalistika sahəsi ilə ülfət bağlayan bu insan həm də təcrübəli bir müəllim idi.Onun yetirdiyi məzunlar saysız-hesabsızdır.Bu şərəfli və məsuliyyətli peşənin sirlərini gənc nəslə öyrədən Akif müəllim həmişə kimliyindən asılı olmayaraq, hamıya düzlüyü, reallığı dönə-dönə vurğulayardı.Bu sahədə əldə etdiyi uğurlardan heç vaxt arxayınlaşmazdı, daim axtarışda idi.Azərbaycan jurnalistikasının dinamik inkişafı naminə əlindən gələnləri əsirgəmirdi.Bu peşənin ululuğundan, aliliyindən bəhs edən Akif müəllim bir neçə kitabın da müəllifi idi.Dəfələrlə yazarlar arasında keçirilən müsabiqələrdə qalib kimi tanınır, xüsusi bir istedad sahibi idi.Uzun illər idi ki, onu əsl jurnalist kimi tanıyırdım.Harada işləməsindən asılı olmayaraq, çoxlarının dərin hörmətini qazanmışdı. Akif müəllim həmişə deyərdi: “Bu gün oxucu çeynənmiş yazı istəmir. Yeni bir ideya axtarışındadır.Bunun üçün də jurnalistlər işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar.İnformasiya bolluğu junralistika sahəsini bitib-tükənməyən uğurlara inamla aparır.”Bu gün də bir çox universitetlərdə bu təcrübəli jurnalisti ehtiramla anırlar.Çox təəssüflər olsun ki, Akif müəllim 59 yaş yaşadı, amma çox mənalı bir həyat yolu keçdi.Onun ölüm xəbərinə çoxları inanmadı.Həmişə gülərüzlülüyü, səmimliyi ilə seçilən bu insanın bu fani dünyaya əlvida deyib getməsi bizləri çox sarsıtdı.
Akif müəllim eyni zamanda qayğıkeş bir ata idi, 3 övlad böyüdüb tərbiyə etdi – 2 oğlan, 1 qız.Bu gün bir oğlu hüquqşünas kimi, digəri isə Fövqəladə Hallar İdarəsində zabit kimi çalışır. Qızı isə ali təhsilli müəllimdir. Həmişə nəvələri ilə fəxr edən, qürur duyan Akif müəllim iki ildir ki, axirət dünyasındadır.Nəvələri otaqları bir-bir açıb sevimli babalarını səsləsələr də, artıq onlara cavab verə bilmir Akif müəllim.Əzizlərinə, doğmalarına qara çərçivədən boylanır.
Allah rəhmət eləsin, qəbri nurla dolsun.Amin!”
Daşdəmir Əjdəroğlu yazır:
“Akif müəllimi uzun illərdir ki, tanıyırdım. Tanıyırdım dedikdə, bu böyük qəlbli peşəkar və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığımı nəzərdə tuturam.”
“Vaxtilə çalışdığı müxtəlif mətbuat orqanlarında axtarışlarının, iti müşahidələrinin və yorulmaq bilmədən apardığı araşdırmaların nəticəsində ortaya çıxan məqalələrini maraqla oxuyurdum. O, həmişə ölkənin iqtisadi, qaynar istehsalat həyatından bəhs edən məqalələr, oçerklər, reportajlar qələmə almışdı.”
“İstər mətbuat sahəsində, istərsə də ali məktəb auditoiyalarında özünə dost tapdığı insanlar Akif müəllimin yaradıcılığını həmişə yüksək qiymətləndirib, onu digərlərinə nümunə göstəriblər. Həqiqətən də nümunəvi jurnalist, nümunəvi insan, vicdanlı pedaqoq, saf, təmiz müəllim olmaq onun həyatının bir parçasına çevrilmişdi.
“Hər dəfə Akif Şahverdiyevlə həmsöhbət olanda Mövlananın bir məşhur düsturunu xatılayırdım. “Comərdlikdə “axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Akif müəllim də “olduğu kimi görünən, göründüyü kimi olan adam” idi…
‘‘Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini görən A.Şahverdiyev təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist ömrü yaşayıb, çətin bir dövrün ağır sahələrindən olan pedaqogikanın cəfakeşlərindən olub.”
“2018-ci il iyunun 14-dən Xırdalan qəbiristanlığında bir insan uyuyur… Bu, uzun illərin dostu olmuş, ömrünün aqillik dövrünə qədəm qoymağa hazırlaşmış, ziyalı ömrünü yaşamış, hər gününü axtarışlara, yaradıcılığa həsr etmiş zəngin insan olan Akif Bəşir oğlu Şahverdiyevin məzarıdır.”
“Akif müəllim Tanrının məsləhətinə əməl elədi, taleyin son əmrini yerinə yetirdi. Özü getdi, xoş xatiələri, qiymətli əsərləri qaldı. Yaradıcı insan taleyinin qanunu budur. Lakin bir həqiqət də var ki, Akif Şahvedriyevin insan kimi ömrü və ömrünü əks etdirən yaradıcılığı taleyindən çox-çox ucadır!”
(Daşdəmir Əjdəroğlu. “Ədalət və Həqiqət” qəzeti. 19 iyul- 5 avqust 2018-ci il. Səh-13)
Hərbi-jurnalistikanın yaranması və formalaşmasında Akif Şahverdiyevin əməyi böyükdür. O, Azərbaycan ordusu sıralarında xidmətdə olduğu dövrlərdə dəfələrlə cəbhə bölgələrində olmuş, saysız-hesabsız məqalə, reportaj, oçerklər yazmışdır. “Asiman” qəzetinin 2005-ci il 24 fevral sayında dərc olunan “Siz kimsiniz” sərlövhəli müsahibədə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının magistrı Asimə Rasimqızı ilə Akif Şahverdiyev arasında maraqlı bir polemika yaranır. Vətənpərvərlik mövzusu ilə bağlı yazdığı məqalələrindən söhbət açan A. Şahverdiyevin fikirləri maraqlı olub: “1992-ci ilin Xocalı soyqırımından bir neçə ay sonra, yəni iyun ayında 3 körpə uşağımı analarına tapşırıb Respublika Müdafiə Nazirliyinə gəldim. Cəbhəyə getmək üçün ərizə yazdım. O vaxt general-mayor Nurəddin Sadıxov bir neçə gənc zabitlə birlikdə mənim də döyüş bölgəsinə – Laçına göndərilməyim üçün əmri imzalasa da, bir neçə saat sonra yanına çağırdırıb soruşdu: -Tank sürə bilirsən? -Yox. -Topdan atmısan? -Yox. -Xəritələrdən, döyüş xəritələrindən başın çıxır? -Yox. -Oğlum, onda sənin Laçında nə işin var? Yaxşısı budur, qələmini silaha çevir. O, əmri dəyişərək məni əsası 11 fevral 1992-ci ildə qoyulmuş “Xalq ordusu” qəzetinin informasiya şöbəsinin rəisi təyin etdi…” (“Asiman” qəzeti, 24 fevral, 2005-ci il. Asimə Rasimqızı)
“ATRİBUT” qəzetinin redaktoru Mahir Nemətoğlu Akif Şahverdiyevin əziz xatirəsinə həsr etdiyi “Yaxşılardan biri də getdi” adlı xatirəsində ustadla bağlı təəssüratlarından söhbət açır:
“Akiflə bir vaxtlar “And” qəzetində tanış olmuşduq. Heç kimə bənzəməyən bir xarakteri vardı. Yəni, sanki bu dünyanın adamı deyildi. Həddən artıq sadə, inanılmaz dərəcədə iddiasız, qərəz bilməyən, dedi-qodudan uzaq bir insan idi. Ətrafdakılara ancaq müsbət enerji paylamaqla məşğul olardu. Çoxları ona ürəyini açar, dərdini deyərdi. Heç 10-15 dəqiqə çəkməzdi ki, Akifin həmsöhbəti xoş ovqatla ayrılardı. Özünün də üzündən təbəssüm əskik olmazdı. Onu incidərdilər, di gəl özü kimsənin xətrinə dəyməzdi. Çox nikbin idi. Hətta canı ağrıyanda, xəstə olanda belə zarafatlarından, yumoristik söhbətlərindən qalmazdı.
Çoxlarına yol göstərməyi, məsləhət verməyi bacarırdı. Pislik onluq deyildi, daim yaxşılığa can atardı. Ara-sıra badalaq vuranlar, nankorluq edənlər də tapılırdı. Heç ürəyinə salmazdı, “canı sağ olsun” deyib köks ötürməklə kifayətlənərdi.”
“Akif müəllim həyatda çox məşəqqətlər gördü, amma heç kimin qabağında sınmadı, heç kimə əyilmədi. Vüqarlı bir ömür yaşadı. Onun ən böyük var-dövləti ailəsi, övladları idi. Bütün varlığıyla onlara bağlı idi.”
(Mahir Nemətoğlu. “ATRİBUT” qəzeti. 07-13 iyul 2018. Səh-3)
Atasının qəfil ölümündən sarsılan Qorqud Şahverdiyev sosial şəbəkədə (Facebook) paylaşdığı “Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm” adlı məqaləsində ustadla bağlı xatirələrdən və onun keçdiyi vüqarlı həyat yolundan yazır:
“Mənim həyatımda mətbuat, jurnalistika, publisistika, nəşriyyat, məqalələr, informasiyalar xüsusi rol oynayıb. Çünki mən qəzetlərin, jurnalların, kitabların arasında böyümüşəm. Bizim evdə, köhnə masamızın ətrafında tez-tez ziyalı insanlar yığışar, elmi, ədəbi müzakirələr aparardılar. Atam məni uşaqlıqdan öz yanında Azərbaycan Dövlət Nəşriyyatının dar koridorlarında gəzdirib. Mətnin yığımı zamanı yazı makinası ilə sürətli yazmağı, orfoqrafik səhvlər etməməyi, korrektə edərkən üslubiyyətin diqqətlə analizini, qəzet və kitabın dizayn edilmə qaydalarını, mətbəələrin səs-küylü iş prossesini atam həvəslə öyrədib mənə. “Kütləvi informasiya vasitələri” haqqında, “İnformasiya əldə etmək” haqqında, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikasının qanununlarını orta məktəb şagirdi olanda bir neçə dəfə oxumuşdum. İndi mən ixtisasca hüquqşünas olsam da jurnalistikanı həmişə özüm üçün doğma saymışam. Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm.
22 iyul tarixi həmişə bizim evimizdə bayram kimi qeyd edilib. Atam Milli Mətbuat günü münasibəti ilə hər il öz müəllimi Şirməmməd Hüseynova zəng edərək təbrik edər, həmçinin öz tələbələrindən saysız-hesabsız təbrikləri qəbul edərdi.
O, öz həyatını milli mətbuatımızın inkişafına həsr etmiş, xalqımızın maariflənməsində, vətənpərvərlik hislərinin aşılanmasında, milli və bəşəri dəyərlərin təbliğində mühüm işlər görmüşdür. Vətən sevgisi ilə yaşamış, milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz xidmətlər göstərmişdi.
Akif Şahvediyev millətin inkişafını insanların maariflənməsində görürdü. Təsadüfi deyil ki, onun yaradıcılığında bədii ədəbiyyatla bərabər həm də qalaq-qalaq elmi tədqiqat əsərləri mövcud olmuşdur. Onun elmi-publisistik yaradıcılığı çoxşaxəli idi. Yaradıcı dühası və əməli fəaliyyəti bir çox sahələri əhatə edirdi. Misal olaraq maarif, jurnalistika, ictimai-siyasi və fəlsəfi fikirlər, nitq mədəniyyəti, kitabşünaslıq, nəşriyyat işi və s. göstərmək olar. Şübhəsiz ki, xalqının dərdini, problemini qələmə almaq onun vətəninə olan sonsuz məhəbbətindən irəli gəlirdi.
Qayğıkeş, ailəcanlı, qonaqpərvər, dəqiq, sözündə bütöv və bir çox başqa müsbət keyfiyyətlərə malik idi. Milli olduğu qədər bəşəri olan, güldürməyi bacardığı kimi düşündürə bilən atam dünyadakı yenilikləri duyan, soy tarixinə bağlı bir ustad olmuşdur.
Öz ömrünü elmə, təhsilə, mədəniyyətə həsr etdi. Onun Azərbaycanın müasir mətbuatında əvəzedilməz xidmətləri olub, tariximizi bütün qəlbi ilə sevirdi, ömrünün son illərində pedaqoji fəaliyyətlə məşğul olub.
Ziyalı, dərin düşüncə sahibi olan, böyüklə-böyük, uşaqla-uşaq kimi rəftar edən atam el ağsaqqalı, and yerimiz idi. Müdrikliyi, sadəlövhlüyü, sədaqətliyi ilə hamının sevgisini qazanmışdı.
Mərd yaşadı, həmişə sözün düzünü dedi, ləyaqətini uca saxladı.
Atam, öz imzası və üslubu ilə çox fərqlənirdi. Yazıb-yaratmaqdan usanmırdı. Onun lirik şeirləri, satirik yazıları, deyimləri hələ uzun illər dillərdə yaşayacaq, kitabları əl-əl gəzəcək.
Qələmi kəskin idi. Mənə qələm tutmağı da, qərar qəbul etməyi də, ağı qaradan ayırmağı da atam öyrədib. Tez-tez siyasətlə, peşə fəaliyyətimizlə, dinlə bağlı uzun-uzadı söhbətlər edərdik. Gecə yarısına qədər çəkərdi bu diskusiyalar. Xatirələrini dilə gətirməklə tərbiyələndirərdi biz övladlarını. İndi sağlığında toxunulmaz saxladığı əlyazmalarını vərəqlədikcə öz xatirələrini kağız üzərində əbədiləşdirdiyinə şahid oluram. Bu gün o xatirələri oxuduqca sanki atamla danışıram. Sağlığında yorulmadan öyrətdiyi kimi vəfatından sonra da yazılı xatirələri bu əməlini davam etdirir. O qədər uzaqgörən olub ki, hətta ölümündən sonranı da fikirləşib.
Akif Şahverdiyevin həyat yoluna nəzər saldıqca insan onun yaradıcılığının əzəmətinə, istedadının nəhayətsizliyinə, şəxsiyyətinin dönməzliyinə və bütövlüyünə heyran qalır.
Həyatının mənasını xeyirxah işlərdə görən, ürəyində insanlara qarşı daim məhəbbət və şəfqət şamı yanan, hər sözü, kəlməsi ilə haqqı, ədaləti, düzgünlüyü təbliğ edən müdrik bir insan idi Akif Şahverdiyev. Onun müdrüklüyü ilk növbədə, sözləri ilə əməllərinin birliyində əks olunurdu. Dünya malında gözü yox idi. O, məhz “söz-əməl” bütövlüyü sayəsində onu tanıyanlar arasında hörmət və ehtiram sahibi olmuşdu.
Bu fikirləri yazarkən gözlərim önündə mənalı və şərəfli həyat yolu keçmiş, yüksək mənəviyyat sahibi, ömrü boyu haqqın, düzgünlüyün, mənəvi idealların carçısı olmuş atamın işıqlı siması canlanır.Nahaq yerə demirlər ki, xalqın gözü tərəzidir. Adamlar onunla görüşməyə daim mənəvi ehtiyac hiss edirdilər. Onunla həmsöhbət olmaq adi məişət hadisəsi deyildi, hər şeydən əvvəl saf, duyğulu mənəvi aləmlə əhatə olunmaq demək idi. Şəxsiyyətinin yaratdığı aura o qədər ülvi idi ki, onun yanında insan problemlərdən, çətinliklərdən uzaqlaşaraq özünü qeyri-adi məkanda hiss edir, potensial imkanlarına, güc və qüdrətinə, həyata, insanlara inamı daha da artırdı.
Çətinliyə düşən, problemi olan, mübahisəli məsələsi meydana çıxan adamlar böyük əminliklə Akif Şahverdiyevə üz tutardılar. Həmişə ölçülü, məntiqli və tutarlı deyimləri, müddəaları ilə xeyirli məsləhətlər verər, ona inam bəsləyənləri heç vaxt naümid qoymazdı.
Atam ömrünün 59-cu ilində dünyasını dəyişdi, Haqq dərgahına qovuşdu. O, heç kimə əziyyət vermədən köçdü bu dünyadan. Vəfatı məni və onu sevənləri dərindən sarsıtsa da əminəm ki, onun əbədiyyətə qovuşmuş pak ruhu daim ailəsinin üzərində, onu tanıyanların arasındadır.
Ruhu şad olsun! Sağlığında həmişə haqqın, düzgünlüyün, ədalətin tərəfdarı oldu. Bu gün də başımız üstündə dolaşan ruhu günah işləri, nahaq əməlləri, mənəviyyatsızlığı lənətləməklə xeyirxahlıq adlanan insanlıq yoluna işıq saçmaqdadır.
İndi mən qələminə və sətir-sətir yazdıqlarına and içərək bəyan edirəm ki, övladı olaraq onun adını daim uca tutacaq, müqəddəs hesab etdiyi haqq yolunda addımlayacaq, vətənpərvərlik, sosial ədalət və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı gördüyü işləri layiqincə davam etdirəcəyəm.”
(Qorqud Akif oğlu Şahverdiyev)
“Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin” (Ə.H.Bəhmənyar). Bəli, Akif Şahverdiyevlə söhbət bir kitaba, müəllifi olduğu kitabların mütaliəsi isə filosofla söhbətə bərabərdir. Bu gün ömrünün 59-cu ilində bizləri qəfil tərk edən ustadın anım günündə, vüqarla yada salır, Ulu Tanrıdan rəhmət diləyirik. Ruhun şad olsun, ustad! Xatirən əbədi olaraq könüllərdə yaşayacaq!
Gülər Eldarqızı