…GÜRCÜ OXUCULARIN DA SEVİMLİ OBRAZLARINA ÇEVRİLİR
Bu yaxınlarda Tbilisinin “Universal” nəşriyyatında Azərbaycan yazıçısı Əjdər Olun “Portretlər” adlı hekayələr kitabı gürcü dilində işıq üzü görüb. Kitabın redaktoru Quri Otobaiya, tərtibçisi Rafiq Hümmətdir. Kitab artıq gürcü ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabuli “Portretlər” haqqında təəssüratlarını bölüşərkən bildirib: “Həmkarımız Əjdər Olu gürcü dilində çap olunmuş “Portretlər” kitabının işıq üzü görməsi münasibətilə təbrik edirik. Onun gürcü yazıçıları və ziyalıları arasında çoxlu dostları var. Biz belə fikirləşirik ki, onun “Portretlər”inin qəhrəmanları gürcü oxucuları üçün də sevimli personajlara çevriləcəklər. Bu kitab Azərbaycan və Gürcüstan mədəniyyətləri arasında dostluq münasibətlərinin dərinləşməsində müstəsna rol oynayacaq.
Ölkələrimiz arasında mədəni əlaqələrin tarixi kökləri var. Biz yazıçılar bu ənənələri daim davam etdirməliyik. Mən çox şadam ki, bu yaxınlarda Gürcüstan Yazıçılar Birliyinin tərkibində Azərbaycan bölməsi yarandı. Bölmənin sədri isə şair Allahverdi Təkləli (Əhmədov) təyin olundu. Əminəm ki, Azərbaycan və gürcü ədəbiyyatlarının təbliğində bu bölmə yüksək peşəkarlıq nümayiş etdirəcək. Biz istəyirik ki, ildə azı iki dəfə Azərbaycan və gürcü yazıçılarının, təbii ki, tərcümə olunmuş almanaxlarını çap edək. İnanıram ki, Azərbaycan bölməsi hər iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. Bu minvalla hər iki xalqa sülh və əmin-amanlıq arzulayıram”.
“Tsiskari” (“Səmanın qapısı”) jurnalının baş redaktoru, professor Amiran Qomarteli isə bu barədə söhbət əsnasında deyib: “Əjdər Olun “Portretlər” kitabının gürcü dilində çap olunması bizim ictimaiyyət üçün əlamətdar hadisədir. Jurnalın növbəti sayında istedadlı Azərbaycan yazıçısının iki hekayəsini dərc etməyi planlaşdırırıq. Biz öz səhifələrimizdə vaxtaşırı Azərbaycan yazıçılarına da geniş yer veririk. Məsələn, Elçin Əfəndiyevin, Yusif Səmədoğlunun, Afaq Məsudun əsərlərini, gənc yazıçı Jalə İsmayılı, şairlərdən Allahverdi Təkləlini, Rafiq Hümməti artıq çap etmişik. Gələcəkdə də bu ənənələri davam etdirəcəyik. Mən xüsusilə qeyd etmək istərdim ki, Gürcüstanda və Azərbaycanda tanınan çox istedadlı bir gənc – Oqtay Kazımlı tərcümə sayəsində çox uğurlu fəaliyyət göstərir. Mən onun yaradıcılığını yüksək qiymətləndirirəm. O, mənim tələbəm olub və son illərdəki məhsuldar işinə görə gələcəyinə böyük ümid bəsləyirəm. Bu gün biz tərcüməçi və yazıçı İmir Məmmədli ilə də sıx əməkdaşlıq edirik. Oktyabr ayının 11-də Gürcüstan Yazıçılar Birliyi sədrinin və şair Allahverdi Təkləlinin təşəbbüsü ilə bizim Yazıçılar Birliyində Azərbaycan bölməsi yarandı. Bu bölməyə Gürcüstanda yaşayan azərbaycanlı yazıçılar üzv seçiliblər. Əminəm ki, bölmə iki xalq arasında mədəni körpü olacaq”.
Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təkləli də fikirlərini bölüşüb: “2017-ci il oktyabrın 11-də Birliyin akt zalında Azərbaycan bölməsinin yaranması rəsmi olaraq elan edildi. Bölmənin yaradılmasında məqsəd Azərbaycan və gürcü ədəbiyyatı və mədəniyyətlərinin bir-birinə inteqrasiyasını təşkil və təmin etməkdir. Bundan əlavə, Azərbaycan bölməsinin orqanı kimi “Körük” jurnalını çap etməyi planlaşdırırıq. Bu da Gürcüstanda yaşayıb-yaradan yazarların yetişməsində mühüm rol oynayacaq. “Körük” jurnalı həm Gürcüstanın, həm də dünya ədəbiyyatı və mədəniyyətinin yayımında böyük rol oynayacaq. Tanınmış ədibimiz Əjdər Olun “Portretlər” kitabının gürcü dilində nəşri və gürcü oxucularının ixtiyarına verilməsi 2017-ci ilin mühüm ədəbi hadisəsidir. “Portretlər”də toplanmış əsərlər Əjdər Olun yaradıcılığında xüsusi yer tutur. Mən həmkarıma yaradıcılıq uğurları diləyirəm”.
Tbilisidə çıxan “Sözün işığı” qəzetinin baş redaktoru, elmlər doktoru, Gürcüstan Yazıçılar Akademiyasının, Gürcüstan və Azərbaycan Yazıçılar birliklərinin üzvü Əziz Dəlivəlovun fikrincə, Əjdər Olun “Portretlər” kitabının gürcü dilində çap olunması Azərbaycan və Gürcüstan ədəbi əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verəcək.
Qeyd edək ki, “Portretlər” artıq İvane Cavaxişvili adına Tbilisi Dövlət Kitabxanasına, Gürcüstan Yazıçılar Birliyinə və onun Azərbaycan bölməsinə, həmçinin, “Tsiskari” jurnalının redaksiyasına hədiyyə olunub.
Nəriman ƏLİYEV