Eldar Baxışın zəhərlənməsinə səbəb olan şeir – Video

Eldar Baxış 1996-cı il mayın 22-də dünyasını dəyişdi. Həkimlər bu qənaətə gəldi ki, şair zəhərlənib. 8 ay ölümlə əlbəyaxa oldu. Zalım Əzrayıl bacısının göz yaşlarına, anasının harayına, hələ o qədər də böyüməyən, sümükləri bərkiməyən 3 balanın çəkəcəyi iztiraba, uşaqların anasının aşkar və gizlin axıdacağı göz yaşlarına belə rəhm etmədi… Aldı və apardı şairi 48 yaşında.

Şəxsən tanıyırdım. Bir-neçə dəfə görmüşdüm. Nəhəng insan idi. Təkcə zahiri görünüşünə görə yox, elə şeirlərinə görə də… heç qorxusu-ürküsü olmadı. Qələm dostları, həmkarları, yaşıdları, özündən qabaqda gedənlər yalançı qardaşlıqdan, can deyib can eşitməkdən və s.-dən yazanda, SSRİ-nin ozamankı rəhbərinin dili ağzında dolaşa-dolaşa ” Şiroko şaqaet Azerbaydjan” deməsinə poemalar həsr edəndə, alimlər rəhbərin imzası ilə nəşr olunan “Dirçəliş”, “Kiçik torpaq” və digər broşürlərdən qalın-qalın dissertasiyalar, monoqrafiyalar yazanda Eldar Baxış rəhbərə atmacalı suallarını ünvanlayırdı:

Çeşməyi gözündən düşməyən kişi,
deyə bilərsənmi nədir bu dünya?
Deyə bilərsənmi hardan başlanıb,
haraya baş alıb gedir bu dünya?

Ardınca da əlavə suallar. Onun suallarına cavab gəlmirdi ki, gəlmirdi… Əksinə, onun verdiyi suallar ona başağrısı yaradırdı. DTK-nın kif iyi verən dindirilmə otaqlarında şairə suallar ünvanlanardı: “Nə demək istəyirsən, kimi nəzərdə tutmusan, niyə böyük kommunizim ideyalarına şübhə ilə yanaşırsan” və sair. İncidirdilər onu. O isə qələmini korluq çəkməyə heç qoymadı. Gördüyünü, hiss etdiyini ürəyindən yanğı ilə geçirtdiyini qələminin köməyi ilə ağ vərəqlərə, oradan da ürəklərə ötürürdü…

Şablon səslənsə də, Eldar baxış əsl vətənpərvər şair idi desək, yanılmarıq.

Xatirə dəftərini vərəqləmək istədik

Onunla bağlı xatirələri vərəqləmək istədik. “Xatirə dəftəri”mizin oxucuları şairin bacısı, ziyalı xanım Ceyran Ağayevanın xatirələrini vərəqləyəcək. Qardaş bacı üçün həmişə qala olub, bacı qardaşın boyuna baxıb, uğuruna sevinib. Bacı qardaş toyunda oynamaq üçün, ana əvəzi qardaşının xidmətində durmaq üçün doğulub. Bir də… bacıların ən ağrılı, ən acılı missiyalarından biri də qardaş yasına ah çəkmək, nalə qoparmaq, ağlamaq, sızlamaq, “ölmək” və “dirilməməkdir”. Qardaş itkisindən sonra bacılar qanadları qırılmış quş misalı olurlar…

Ceyran xanım da eləcə… qardaşı Eldar Baxışın adına, boyuna, toyuna, qüruruna sevinib. Qürurunun, adının, istedadının gətirdiyi bəlaya ağrıya, itkiyə sızlayıb, göz yaşı töküb. Elə indi də göz yaşları hər Eldar sözünə qaynamaqdadır. Xatirələrini dilə gətirdikcə kövrəldi, dinlədikcə məni də kövrəltdi…

Ceyran xanımla görüşüb, sakit bir məkanda onun illərdən bəri köksündə gəzdirdiyi xatirələrini vərəqlədim. Amma xanım sual verməkdən də çəkinmir:

– Nə əcəb Eldarı yada saldınız, haradan gəldiniz bu fikrə?..

– Eldar müəllim oxucuları, milləti tərəfdən heç unudulmadı ki… O, həmişə xatırlandı.

– Hə, son vaxtlar onun şeirlərinə kliplər hazırlandı – “Sərçə balası”na və başqa üç şeirinə.

Bunu deməklə deyəsən mənimlə razılaşdığını bildirirdi.

– Onun bütün şeirlərini səhnələşdirmək olar. Rəhmətliyin gözəl bir şeiri də var – “Ayağımızın altında bu torpaq ki var…”

– Elə o şeirlə də bağlı bir klip hazırlanıb. Klipin rejissoru da, eşitdim, onun tələbə yoldaşlarından biri olub. Unutmurlar, düz deyirsən, amma mənə elə gəlir ki…

Dinmir. Xeyli fikirlidir. Gözlərinin lap üzündə kədər görünür. Qardaşın itirən bacının qəmi oxunur və bu onun səsində də hiss olunur.

O xatirələr unudulmaz

– Ceyran xanım, sual verdiniz ki, Eldar Baxış haradan yada düşdü. Yada o adamlar düşər ki, yaddan çıxsınlar. Eldar bizim üçün, Azərbaycan ədəbiyyatı üçün çox böyük şair olub. Unudulmayıb. Sizin Eldar müəllimlə bağlı xatirələrinizi dinləyəcəyik. Görək, siz nələri unutmamasınız.

– Qurtarmaz o xatirələr, qardaş… Unudulmaz ki..

– Oğlan uşaqları qardaş olaraq qızların – bacıların üstündə bir balaca hökmlü olur. Eldar da sakit olmayıb axı, deyəsən. Uşaqlıq illərinizə qayıdaq, Eldar müəllimdən incikliyiniz olmayıb ki?

– Olurdu. Biz kənd yerində böyümüş uşaqlarıq. İkimərtəbəli, çardaqlı evimiz vardı. Çardaqda yatdığım vaxt qolumdan tutub cimdikləyirdi. Başlayırdı “dunduru–dunduru” deyib qıdıqlamağa. Bu söz onun şeirlərinin hansındasa var. Bu sözü deyə-deyə məni güldürərdi. Ta ki güldürənə qədər o hərəkəti eləyərdi. Sonra deyirdi ki, bu, qardaş zarafatıdı.

Atam, anam idi o

– Eldar müəllim 1965-ci ildə gəldi Bakı Dövlət Universitetinə qəbul olundu. Qardaşı Bakıda ali məktəbdə oxuyan qız kimi forslanırdız, yəqin?

– Forslanırdım, əlbəttə forslanırdım. Nəinki qardaşı Bakıda oxuyan bacı kimi. O vaxt oxuyanlar çox az olurdu. Nadir hallarda oxuyanlar olurdu. O cümlədən də Eldar. Mən fəxr edirdim qardaşımla. Ondan çox şey öyrənmişəm. Soruşardı ki, hara girəcəksən. Deyirdim, sən oxuyan məktəbə. Zarafat edirdi, deyirdi ki, sən mənə çata bilməzsən. Mən də Bakı Dövlət Universitetinin tarix fakültəsini qurtardım. Onun bir şeiri var. Sonralar əlyazmalarının içindən çıxmadı. Biz uşaq ikən atamız ölüb. Eldar 4-cü sinifdə oxuyanda. Mən də 3 yaş yarımlıq olmuşam. Yadımda qalan bu misralardı:

Atam öləndən,

Zaman məzara qoyulandan

Saatlar, günlər keçib,

Aylar, fəsillər keçib.

Amma ki ürəyimə düşən o xal

atam öldüyü gündən qalacaq

yalnız, yalnız öləndə

o da soyuq məzarda çürüyəcək.

O, həmişə deyirdi ki, mənim kişi qardaşım Qubadlıdır, mən də qalmışam Bakıda. Eldar bütün kitablarında mənə eyni sözləri yazıb verərdi: “Atadan atam, qardaşdan qardaşım, bacıdan bacım, anadan anam Ceyrana”. Eldar mənə ata olub. Mən atamı görməmişəm. Heç xatirələrimdə də qalmayıb atamın izləri. O mənim həm atam idi, həm də anam. Anam olsa belə…

– Eldar müəllim tələbə olanda heç ailəyə yük oldumu?

– Eldar tələbə olarkən işləmək istəsə də, anam qoymurdu. Deyirdi ki, sən oxu, işləsən, özümü öldürərəm. Atamdan qalan bəzi şeylər vardı, anam Eldarı yaxşı oxutdu, qoymadı korluq çəksin, elə mən də tələbə olarkən korluq çəkmədim. Düzü, məni Eldar oxutdu.

Ayaz Mütəllimova dedi get

– Eldar müəllim tələbə vaxtı olmasa da, sonralar korluq çəkib, ona qarşı təpgi, qadağa davamlı olub, deyirlər.

– Bilirəm, elə olub ki, mətbuatdan yazılarını saxlayıblar. Eldar elə adam idi ki, heç nədən çəkinməzdi. Ayaz Mütəllibovun otağına girib, üzünə dedi ki, xalq səni istəmir, çıx get. Əbülfəz Elçibəyə dedi: “Verdiniz vətənimi o murdarlara. İndi ölürəm, mənə bir parça təmiz torpaq lazımdır ki, gedəm orda rahat öləm. Bərgüşad və Həkərini bütünlüklə buraxsanız da, mənim kəndimi təmizləyə bilməzsiz”.

– Dalaşqan uşaq olub, deyəsən?

– Çox davakar idi. Həm də macəralı.

Yaddaşının hansı qatına isə “baş vurur”. Gülümsəyir:

– Bilirsən, o şirniyyatı sevən idi. Bir dəfə torba dolu qəndi götürüb arxın başına gedir. Körpünün üstünə çıxıb torbadakı qəndi tökür arxa. Qaça-qaça gəlib çayın axırında durub ki, qəndin şirinliyi çayın axırına qədər gəlib çatacaq? Sözsüz, uşaq da olsa, bu gələcək bir şairin təxəyyülü idi.

Atımız itib

– Bizim Paşa kişi adında qonşumuz vadı. Təsərrüfat adamı idi. Xiyar onun bostanında yetişəndə, bizim bostanda hələ yenicə çiçək açardı. Bir dəfə Eldar gedib bıçaqla Paşa kişinin çəpərini dairəvi kəsib, bostana girib. Özü ilə də bir kisə götürüb. Başlayıb xiyarları yığmağa. Rəhmətlik Paşa kişi anamdan soruşub ki, Eldar hanı, gözə dəymir? Anamda deyib ki “səhər çıxandı, hələ gəlməyib”. Paşa dayı:

– O, yüz faiz bağa gedib, deyib. Gəlib bostanlığa, görüb hə, başını aşağı salıb xiyar yığır. Yavaş-yavaş Eldarda yaxınlaşır, başı üstə dayanıb deyir:

– Eldar, burada neynirsən?

Eldar da başın qaldırıb deyir:

– Paşa dayı, atımız itib, onu axtarıram.

Eldara güllə atır

– Kəndimizdə Bahadır dayının üzümü vardı, hər kəs üzümünü yığsa da, o, hələ saxlayırmış. Bir gün dostları Eldara deyib ki, gedək Bahadır dayının bağına peşəri yığaq. Peşəri bizim Qubadlıda yığımdan sonra yaddan çıxıb qalan məhsula deyilir. Üzüm ağacı da sarmaşaraq qalxıb hündür çinar ağaclarına. Eldar dırmaşıb çinara. Üzümü də dərin qoynuna yığırmış. Bu zaman də görüb bağın yiyəsi çiynində tüfəng gəldi. Yaşlı kişi idi. Ağaca da çıxa bilmir. Yerdən giləmeyvələrdən götürür, təmizləyib yeyir. Eldar deyir ki, mən də bir-bir üzüm gilələrini kişinin başına atıram. Kişi zənn edib ki, ağacda oturan qarğadır. Deyib ki “köpək oğlu qarğa, bu saat səni gör neyləyəcəm! Bir də gördüm ki, tüfəngi mən tərəfə tutub, guya qarğayam, üzümü tökürəm. Eldar danışırdı ki, gördüm, məni vurmaq istəyir, ağacdan düz Bahadır kişinin üstünə tullandım. Kişi arxadan qışqırıb:

– Yenə Eldar?

Üzümlər elə qoynundaca evə gəldi. Anam soruşdu ki, de görüm, kimin bağından oğruluq eləyibsən. Eldar dedi: – Tövbə oğurlamamışam. Uşaqlarla peşəriyə getmişdim. Anam onun gətirdiyi üzümləri məcməyiyə yığıb, aparıb atdı zibilliyə.

Ceyran xanımı uşaqlıq illərinin isti vaxtlarından ayırmıram. Yadına saldıqca, kövrəlir, qardaşının macəralarına sevinir, sanki bu sevinc o vaxtların sevincidir. Bu hadisələri danışdıqca Eldar hələ yaşayır onunla, dostları ilə zarafat edir. Ceyran xanım, Eldarın dostları ilə kolxozun qarğıdalı sahəsinə girməsindən, keşikçilər gələrkən hündür yarğandan Bərgüşad çayına tullandığından da bəhs edir…

Yazıçı var başına döyürlər, yazıçı var qələminə

Ceyran xanımı uşaqlıq, yeniyetməlik anlarından ayırıram:

– Eldar müəllimə basqılar, təzyiqlər olub? Sizə də gileylənirdi?

– Çox olurdu və mənə bəzən danışardı. Bir şeiri var e, deyirdi, yazıçı var başına döyürlər, yazıçı var qələminə. Qələminə döyülən ölkədə yaşamaram. Çox arzusunda idi Türkiyədə yaşasın, orda yazıb-yaratsın.

– Bəs niyə gerçəkləşmədi o arzusu?

– O dövrdə bir az çətin idi. Ona görə də gerçəkləşmədi. Eldarı o vaxtlar çox izləyirdilər. O “Yeni Müsavat” qəzeti ilə müqavilə imzalamışdı. Hər nömrə Eldarın yazısı çıxacaqdı. Bir nömrədə də oktyabr hadisələri, metro partladılması haqda yazdı. “Millət qırılır. Qırılmalı olan adamlara isə heç nə olmur. Filankəsləri öldürün, niyə qara millətimi qırırsız? Bir şeir də yazdı. Mən ona çox yalvardım ki, Eldar, o şeiri dərc eləmə. Eşitmədi məni. Elə o şeirin də qurbanı oldu.

– O şeirdən yadınızda qalan var?..

– Eldar müəllimə basqılar, təzyiqlər olub? Sizə də gileylənirdi?

– Çox olurdu və mənə bəzən danışardı. Bir şeiri var e, deyirdi, yazıçı var başına döyürlər, yazıçı var qələminə. Qələminə döyülən ölkədə yaşamaram. Çox arzusunda idi Türkiyədə yaşasın, orda yazıb-yaratsın.

– Bəs niyə gerçəkləşmədi o arzusu?

– O dövrdə bir az çətin idi. Ona görə də gerçəkləşmədi. Eldarı o vaxtlar çox izləyirdilər. O “Yeni Müsavat” qəzeti ilə müqavilə imzalamışdı. Hər nömrə Eldarın yazısı çıxacaqdı. Bir nömrədə də oktyabr hadisələri, metro partladılması haqda yazdı. “Millət qırılır. Qırılmalı olan adamlara isə heç nə olmur. Filankəsləri öldürün, niyə qara millətimi qırırsız? Bir şeir də yazdı. Mən ona çox yalvardım ki, Eldar, o şeiri dərc eləmə. Eşitmədi məni. Elə o şeirin də qurbanı oldu.

– O şeirdən yadınızda qalan var?..

– Yox. O şeir kitabda da yoxdur. O yazı formasında getmışdi.

– Siz həkimin “Eldar müəllimi ustalıqla zəhərləyiblər” dediyini demisiz. Bəlkə elə qidadan olub?

– Yox, qidadan deyildi. Özünə gələndə ondan bir müsahibə də götürmüşdüm. Danışıqlarını maqnitofona da yazdım. Dedi ki, biz Prezident Aparatının informasiya şöbəsinin işçiləri ilə oturmuşduq. Bizdən yan tərəfdə Fizulidən olan hansısa kolxoz sədri öz işçiləri ilə yeyib-içirdi. Yeyib-içmək qızışandan sonra onlar gəlib bizimlə bir oturdular. Və beləcə, məclis davam etdi.

Ondan yeməkləri, stola verilən çörəyi soruşdum ki, nə cür idi? “Stollar birləşəndən sonra gətirilən çörəklər balaca idi”, – dedi. Soruşdum ki, araq süzülüb gəlirdi, yoxsa şüşədəydi? Dedi, süzülüb gəlirdi. Dedim elə onda sənin evin yıxılıb. Bir də onu dedi ki, stolda hər şey boşalmışdı, bircə balıq var idi. O balığı da sonradan gətirib mənim nimçəmə qoymuşdular. Eldar dedi ki, ürəyim heç o tikəni götürmək istəmirdi. Neçə dəfə əlimi uzatdım götürəm, əlimi geri çəkdim. Deyir, gördüm, yox, ürəyim istəyir də, axı çox araq içmişdim.

Başını kötüyün üstə qoyub balta ilə vuracağıq

Onu çox təhdid edirdilər. Eldar bir dəfə özü mənə danışdı. Ona biri zəng eləyib deyib ki, qəssabam, insan qəssabı. Sənin başını kötüyün üstə qoyub balta ilə vuracağam. Əl çək bu tərsliklərindən. Deyir, o adama dedim ki, mən kişiyəm, gələrəm, başımı kötüyün üstə qoyaram, amma sən də gəl vur, görüm kimsən sən. Kişisən, özünü göstər. Mən bu başımı qurban eləyirəm millətimə. Telefonu asıblar, heç nə deməyiblər.

Anan namaz üstə deyil…

…Deyirdi ki, bir dəfə də zəng gəlib. İşin axırı imiş. Deyiblər ki, anan artıq namaz üstə deyil, bu sənin sonuncu addımlarındı. Eldar da deyib, kişisizsə, gəlin üzümə deyin ki, səni öldürməyə gəlmişik, bu tülkülük nədir? Eldara deyiblər, qapının ağzında zibilin yanına “limonka” (əl qumbarası. – F.B.) qoymuşuq. Səni partladacağıq. Tez Mövlud Süleymanlıya zəng elədim ki, bəs mənə belə zəng gəlib, düş aşağı, polisə də zəng eləmişəm. Polis gəlib həmin qumbaranı deyilən yerdən götürdü.

Sui-qəsd

…Eldar deyirdi ki, mənə bir dəfə də zəng olundu: “Bu gün sənin sonundu, – dedilər. Dedim ə, kişisiz, adamsız, gəlin də… İstəyirsiz özüm öldürüm özümü? Onsuz da canımdan bezən adamam. Mənə dedilər ki, sən görərsən, bu gün sənin sonundur. Eldar işdən çıxıb maşına minən andan bir yük maşını bunları izləyir. Hər dəfə imkan tapdıqca sıxır bunları. Ta ki Razinə qədər. Sonra yük maşını fürsət tapıb Eldar oturan tərəfdən “Jiquli”ni vurur. Eldarın qolu çiynindən sınır. Gətirmişdilər “Semaşko”ya. Sağaldı. Amma ondan əl çəkmirdilər.

– Ceyran xanım, bəs necə oldu axı Eldar müəllim həmin kafeyə getdi. İş yerindən, yaşadığı yerdən uzaq bir yerə…

– Neçə illik dostu var idi, İbrahim doktor. O, hələ də yaşayır. Həmin gün Eldarı o dəvət edib ora. Məndə hələ də şübhə var ki, onun da bu işdən xəbəri var imiş. İbrahim Eldarı gecə bizə gətirdi. Eldarın vəziyyəti çox pis idi. İbrahim doktor çaşqın idi. Qusdurduq Eldarı, qatıq verdik. Bir binada oluruq. Səhər açıldı, qızı gəldi dedi ki, bibi, atam yatıb, göm-göy göyərib, yuxudan ayılmayıb. Soruşdum ki, bəs atan işdə deyil? Sonra qaçdım yuxarı, getdik dilin çıxartdıq. Təcili yardım çağırdıq, apardıq xəstəxanaya. Xəstəxanada dedilər Eldar müəllim üç gün yat, bədəninə maye köçürdək. Özünə gələcəksən. Onlar da elə başa düşüb ki, qidadan zəhərlənib. Eldar qalmadı xəstəxanada. Dedi, məni bacım məni xəstə eləyir, heç nəyim yoxdu.

Bir dənə sistem köçürtdülər. Həkim dedi ki, suya şəkər töküb, limon sıxıb içsin. Yoldan 10-15 dənə limon aldım ki, bunu qoy kabinetə, istifadə elə.

Eldar, elə yazılar yazma

Anam yaylığını Eldarın ayaqları altına atdı: “Yazma, Eldar, elə yazılar yazma… Məni oğulsuz qoyma. Gözümün işığı sənsən”.

Eldar o qədər arıqlamışdı ki, qucağıma ala bilirdim. Mənə bir gün dedi ki, yaxın otur, sənə sözüm var. Oturdum. Dedi, səndən bir xahişim var, atamızın goruna and verirəm, onu edərsən. Dedim, sözünü de. Dedi, mən öləndə Xırdalanda basdırarsan…

Ceyran xanımın dəsmalı göz yaşından islanıb. Çantasından yenisini çıxarır. Yanaqları boyu axan yaşı qurudur. Ürəyinə axanları quruda bilməz ki, deyə düşünürəm və soruşuram:

– Niyə Xırdalan?

– Mən də soruşdum Eldardan. Dedi ki, Xırdalan qəbiristanlığı Qubadlı daglarına oxşayır. Məni bax orda, lap hündürdə basdırarsan, amma müvəqqəti, torpağa amanat verərsən. Qubadlı alınanda apararsan kəndimizə… Elə ondan iki üç gün sonra dili tutuldu. Danışa bilmirdi. Getdim dediyi qəbiristanlığa. Gəzdim, ən hündür, qayalığı çox olan bir yer tapdım. Gəldim yanına. Baxışları ilə soruşurdu, nə oldu? Son günləri idi. Dedim ki, sən deyəni edəcəyəm. Yer də tapmışam. Mənə “qardaşım” dedi…

Əbülfəz Elçibəy Kələkidə olanda Bayramov soyadlı bir qadın göndərmişdi. Dedi ki, həkimlərlə danışmışıq, təyyarə ilə də. Eldarı aparırıq Türkiyəyə müalicəyə. Qadını çağırıb Eldarı göstərdim. Gecdir, dedim. Gərək 7-8 ay qabaq edəydiz bunu…

Onun başı həmişə qalmaqalda oldu. Basqı gördü. 1982-ci ildə “Balıq ölüm” poemasına görə başı o qədər ağrıdı ki! Yazırdı ki, CAR hökuməti var, amma Azərbaycan hökuməti yoxdur…

Eldar 1985-ci ildə “İşıq” şeirini yazmışdı. Ölümündən sonra arxivində işləyəndə bildim. Yazıb, dərc etdirə bilmədiyi şeirləri çox idi. Daha qoymadım ki, arxivində bir dənə yazısı qala, hamısını çap elətdirdim.

Ceyran xanımı qardaşlı günlərindən ayırmaq çətindir. Kim bilir bəlkə də ürəyində hər gün bizə danışdıqlarını özü-özünə nəql edib, gözləri önünə gətirir.

Balayana görə Eldarı öldürmək istəyi

– “Xatirə dəftəri” dediz. Onunla bağlı xatirələr tükənməz. Onun bir xatirəsini də danışım sizə. Demək, bir gün Qazaxa getmişdi. Qayıdanda mənə zəng elədi ki, Ceyran, bu gün sərhəddən gəlmişəm, mən indi bildim sən nə çəkirsən. Dedim nə oldu ki? Sənə kim dedi ki, sərhədə gedəsən, üstünə avtomat çəkələr. Güldü: – Sən semə, “Zori Balayana açıq məktub” şeirim ermənilərin arasında da məşhur imiş.

Demək, Qazaxın icra başçısı, Eldar, bir də köməkçisi gediblər sərhəddə erməni əsgərləri ilə görüşüblər. Deyir ki, erməni əsgərlərilə qaynaşdıq. Onlar deyib ki, sizin bir şair var, Eldar Baxış. O, şeirində bizim milli liderimizi təhqir eləyib, əlimizə düşsə, onu tikə-tikə edəcəyik. Deyir, dedim ki, qoy gedim Bakıya, o Eldar Baxışla danışaram.

Gorusa getmək istədi

Bir dəfə də Qubadlıya gəlmişdi. Ermənilərlə görüş olacaqdı. Gorusun rəhbərləri ilə. İstəmirdim ki, Eldar getsin. Humanist adam idi. Amma saxlaya bilmədim. Bunlar gedəndə ürəyimlə bacarmadım, mən də getdim. Dedim, neytral zonada dayanın. Eldarı qabağa qoymayın. Bu vaxtı da ermənilərin kombriqi, polis rəisi və bir neçə də əlavə adamları gəldi. Nə isə, görüşdük, danışdıq ki, atışma 3 gün dayansın. Eldar Gorusun polis rəisiylə dostlaşdı. Ona dedi ki, mən sənə kişi sözü verirəm, mindirirəm səni maşına, aparıram Dagüstü parka. Qonaqlıq verirəm, sonra da səni gətirərəm bura. İndi də sən kişi sözü ver, mən getmək istəyirəm Gorusa. Məni apar Gorusa, çay içək, qayıdaq. Rəis başın aşağı saldı. Dedim, Eldar, adam özündən arxayın deyil. Rəis utana-utana dedi:

– Mən söz verə bilmərəm. Sizin millət sizin sözünüzdən çıxmaz…

Eldar şaqqanaq çəkib dedi:

– Adə, kişi olun e… heç bizim kimi millətlə də düşmənçilik etmək olar?

Ceyran xanımla söhbətimiz çox oldu. Sağollaşdıq. Onu qardaşı ilə, heç vaxt yaddan çıxmayacaq xatirələri ilə baş-başa qoydum…

 

Share: