“Hər oyunda içində Quran olan çantamı qapının yanında qoyurdum…” -Türkəsilli əfsanə sovet futbolçusu…

Dünya şöhrətli qapıçı 2018-ci ildə Bakıda olub…

Bu günlərdə 63 yaşını tamamlayan türkəsilli əfsanəvi futbol qapıçısı Rinat Dasayev həyatındakı ən çətin məqamlarda Quranın ona kömək etdiyini vurğulayıb.
Müstəqil.Az bildirir ki, Moderator.az  bu haqda Rusiya mediasına istinadla yazır.
Milliyyətcə tatar olan ulduz qolkiper hər oyunda Quran kitabını ehtiyat əlcəklərin olduğu çantada  qapının yanına qoyduğunu etiraf edib.
“Bütün ailəm inanclı olub. Və mən də uşaqlıqdan bəri ibadətlə məşğul olmuşam. Quran həmişə – evdə, məşqdə, oyunda yanımda olub. Bir dəfə matçlardan birində Quran çantamdan oğurlandı. Yəqin ki, topdaşıyan oğlanlar götürmüşdü. Mən o zaman çox üzüldüm… Quran həmişə mənə kömək edib. Yenisini almalı oldum”-deyir 1980-ci illərdə dünyanın ən məşhur qapıçılarından biri olmuş Dasayev.
“Komandada hər kəs mənim məscidə getdiyimi bilirdi. Düzdür, Sovet İttifaqında bu, müsbət qarşılanmırdı. Bir yüksək vəzifəli şəxsin bir dəfə mənə dediyi kimi: “Bu, mənim üçün mümkündür. Ancaq sizin üçün deyil. Çünki   hamının gözü və qulağı sizdədir”.  O zaman çox şey mümkün deyildi. Məsələn, məşqdə zarafat etmək…”-deyə  məşhur futbol ulduzu əlavə edib.
Xatırladaq ki,  1975-ci ildən SSRİ klublarında çıxış edən Rinat Dasaev 1991-ci ildə oyun karyerasına son qoyub. Onun sonuncu klubu İspaniyanın “Sevilya” klubu olub.
Futbol ulduzu 2018-ci ildə Bakıda – tanınmış Azərbaycan futboçusu Vəli Qasımovun 50 illik yubileyində iştirak edib… Uşaqlıqdan Dasayevin fanatı olan “KVN” ulduzu Bəhram Bağırzadə də  dünya şöhrətli qapıçı ilə çəkdirdiyi fotonu öz bloqunda yerləşdirib…
Sultan Laçın
Share: