Ömrümün dodaqları cadar-cadar…

Nəriman TOLIŞİ

(Şeirlər)

Bağışla, Yağış Allahım!

Unutdum səni,

atdın məni.

Ömrümün dodaqları cadar-cadar.

 

Bağışla, Od Allahım!

Saymadım səni–

şimşək olub çaxdın,

yandırdın məni.

Dərdlərim kösöv-kösöv.

Bağışla, Daş Allahım!

Adına “qara daş” dedim.

Başa düşmədim,

başıma düşdün.

 

Səni tanıdım—

Yaddaş Allahım.

Xəyanət etdin.

Unutdurdun mənə

genimi,

dilimi,

kimliyimi…

 

Bax haa!…

Adımı anmadığım gün

unudaram adını.

 

Sənə gələcəm, sənə–

Torpaq Allahım.

Vəfalımsan.

Cismindən yarandım,

qucağında yaşadım.

Bətnində yerim hazır.

***

Bilirsən saat neçədi?

Nə ölü,

nə diri,

nə bir canlı oyaqdır.

 

Bağışla, Allah!

Mən dərddən yatmıram,

Səni də qoymuram yatmağa.

 

Dərdləşməyə kimsəm yox…

***

Bir gün

zənginə –

birtəhər özümü toplayıb –

“bitdi”deyəcəyəm.

Ya da,

evdən kimsə

telefonumu götürüb –

“getdi”- deyəcək.

Hələ ki, sağam,

ağlım əfv etməz səni.

Ölsəm,

bil ki,

ürəyim bağışlayıb səni,

ömrüm kimi.

*** 

Bir zaman

etibarın qəsrində

divarın da qulaqları vardı.

İndi

inamın xarabalığında

qulağın da divarı var.

*** 

Daşın daş dərdi var,

Suyun su dərdi.

Dəlinin nə vecinə

ağıllının

bir sürü dərdi.

 

Çobanı ağladammaz

Firdövsi çəkən dərdi,

saqqalına axan yaş.

Onu qıran ayrılıq

sevdiyi təkə dərdi.

 

Nə var daşımağa,

olsa da sərt,

Min mərd dərdi?!

Canım hər dərdi dərdi.

GÜCƏ DÜŞƏR  

Tükənsə sözün gücü,

söz gücə düşər.

Alar boynuna suçu,

düz gücə düşər

 

İnsan unutsa arı,

dil itirər açarı.

Xəcalətdən qızarıb

üz gücə düşər.

 

Yanar, oda meyilli,

Yaxar, yada meyilli.

Könlü qada meyilli

tez gücə düşər.

 

Ağıl gələr savaddan,

hörmət, izzət—saf addan.

Yoxsa, çıxmaz can oddan,

yüz gücə düşər.

***

Kimsən,

kimsənən  olmayanda

bir park ağacına da

söykəyə bilərsən özünü.

 

Yox,

bənzədə bilmərəm

onlara səni.

Hər ötən

adını yazar üstünə…

“Küçə ağacları”dı

park ağacları…

***

Qan, adam!

Günəş çıxmır,

Günəş batmır—

baban səhv etmiş.

 

Keşniş, vəzəri, şüyüt…

göyərti deyil,

yaşılərtidir—

nənən səhv etmiş.

 

Maddənin ruh halındakı,

sifarişin olmadan,

səni

özünə qul yaratmış.

Barı,

sən səhv etmə!

 

 

QIRMIZI ADAM

 

Var  yanlış,

var  yalan.

Var  “ağ yalan”,

var  “qırmızı yalan”.

 

Başın ağrıyır – üstümə qaçırsan,

Dişin ağrıyır- üstümə qaçırsan.

Acından ölərkən –

tabağımı qucursan.

 

Balını yalayıb

barmağımı dişləyirsən.

 

Ölünü də

mənə boylanıb

dəfn edirsən.

 

Sənə “kiçik” deyənin

küçüyü olursan,

“məni dindirdi”- deyə sevinirsən.

 

Özüm ölüm,

İran canı,

çox qırmızı adamsan.

 

***

Mən bilirəm,
məndən soruş!
Gözlərinin içinə baxa-baxa,
elə susum ki,
yeddi arxandan keçsin.

 

 

Share: