Baş nazir Əli Əsədov “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Qərara əsasən, vətəndaşlar evdən çıxmaq üçün SMS-lə yanaşı, “E-Təbib” mobil tətbiqi vasitəsilə ilə də icazə ala biləcəklər.
Bundan başqa, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri, tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri, onlayn satışlar, kimyəvi təmizləmə, mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri, heyvan sığınacaqları, tərcümə xidmətləri sahələrində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
Bununla yanaşı, göstərilən rayon və şəhərlərdə məişət tullantılarının yığılması və utilizasiyası sahəsində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən dən çox olmamalıdır.
Müstəqil.AZ