Həyat bir yoldur
Bizlər üçün açılan sirli, sehirli bir yoldur. Bu yolun ağırlığı da var, yungüllüyü də. Çox zaman insan oğlu bu yolun ağırlığını, öz çiynində daşıdığı ağır yükü iləbirgə dadaraq gedir. Bu yolun sıldırımı, enişişi də var, hündür dik dağları da. İnsan oğlu haqqın işığı olan nöqtəyə getmək üçün bu çətinliklərdən keçməli olur.
Lakin sən, Anar, dünyaya göz açdığından bəri haqq yolunda rahat yeriməyə başladın. Qarşında nə dik dağlar oldu, nə qorxunc sıldırımlar. Həp düz yolla yürüdün. Hətta yürüdüyün yolda döngələr də olmadı.
Körpəlikdən belə, uşaqlıq illərinə tez atladın. Altı yaşında məktəbə daxil oldun. Məktəbi bitirən kimi ali təhsil və hərbi xidmət. Onun arxasınca da qürur verici vətən üçün, xalq üçün, millətin üçün apardığın mücadilələrlə dolu işin.
Baxmayaraq ki həyat yolların düz olub lakin, bu yolda da savaşmısan. Həyat uğrunda deyil. Vətən, millət uğrunda savaşmısan. Öz elminlə, öz qürurlu mücadilənlə savaşmısan. Əsl vətənpərvər kimi, əsl hərbiçi kimi..!
Hətta, gənciliyinin qaynar çağlarında, daha bir düzgün, gözəl addım atmısan. Ailə qurmusan. Üç gözəl, şirin-şəkər ovladın olub. Sanki həyat səni öz yolunda deyil, öz çağlayan, coşan sularında daşıyıb.
Sən, hər kəsin sevimlisi olmusan, Anar! Səni hər kəsdən səvayi Vətən sevib. bundan gözəl nə ola bilər bir igid üçün. Sən Vətənə hizmətlə bərabər ətrafında olan insanlara da hizmətindən geri qalmamısan. Cavan olmağına baxmayaraq qohum-qardaş, dost-tanış arasında böyük hörmətə nail olmusan. Hətta, səni tanımayanlar belə, səni tanıdıqlarına çox şad olublar. Heç kəsdən öz köməyini, yardım əlini əsirgəməmisən. Bir insan üçün bundan özgə qürur verici nə ola bilər ki?!
Vətənin sənə olan sevgisi o qədər böyük idi ki, səni ucalıqlara qaldırırdı. Həm şanın qalxırdı, həm də rütbən. Namını eşidəndə dostlar sevinir, düşmənlər isə tir-tir əsirdi. Sən Vətənin qürurlu oğullarından biri idin, Anar!
Bəzən həyat çox fəfasız olur, çox!!!
Necə ki, sənə qarşı bivəfa oldu. Səni bizlərdən, uğrunda mücadilə etdiyin xalqından, uğrunda savaşdığın Vətənindən aldı. Bir 41 yaşlı igidi, bir 41 yaşlı Azərbaycan Ordusunun Polkovnik-Leytenantını aldı.
41 yaş nədir ki?!
Nə müəmmalı ömür və ölümdür bu.
Sankı həyat, sənin zamanını belə sürətlə dövr etdirməyiylə gələcəyini bilirdi. Onun üçün hər işini tezləşdirirdi.
Amma yox..! Anar, sən ölməmisən! Sən bizdəsən! Sən bizim ürəyimizdə, canımızdasan. Gedən sadəcə cismindir.
Düzdür… deyirlər Allah sevdiyi bəndəsini öz yanına tez çağırır. Bununla razılaşmaya bilmərəm. Mən bilirəm, qardaş! Mən bilirəm ki, sən indi burdan daha gözəl yerdəsən.
Yerin hər zaman gözəl, Cənnətməkan olsun. Haqqın dərgahında, rəhmətindəsən.
AMİN…
İmza:
Səni sevən doğmalarından…
Zaur Rəxşan