Koronovirus səssis bombadır!

Elçin MİRZƏBƏYLİ yazdı

Poçt şöbəsində çalışan qadınların polis postlarından birini guya icazəsiz keçdiklərini nümayiş etdirən və ən yaxşı halda ikrah doğuran videonu ürək ağrısı ilə izlədim.

Bu qəbildən olan davranışlar hər kəsin həyatının təhlükədə olduğu, ölümcül COVİD-19 virusuna yoluxma hallarının azaldılması üçün dövlətin bu qədər əmək və resurs sərf etdiyi, həkimlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının, media təmsilçilərinin, səbrimizin, iradəmizin, Vətən sevgimizin, insanlığımızın sınağa çəkildiyi bu mühüm tarixi zaman kəsiyində fədakarlıq nümayiş etdirən ən müxtəlif peşə sahiblərinin zəhmətini gözdən salmaqdır! Belə hərəkətlər bir xəstəni xilas etmək üçün durmadan çalışan həkimin, tibb bacısının yuxusuz gecələrini, övladının sağalması üçün Tanrıya dua edən çarəsiz ananın göz yaşlarını, koronavirusun qurbanı olan doğmalarının məzarı başında nalə çəkən insanın fəryadını məsxərəyə qoymaqdır! Bu cəmiyyətə qarşı tərbiyəsizlikdir və heç bir halda bağışlanılmamalı, üzərindən bu qədər rahatlıqla keçilməməlidir!
Xüsusi karantin rejimi yenidən sərtləşdirildikdən bir neçə gün sonra yaşadığım ərazinin yaxınlığındakı postda dayanan polis əməkdaşları mənim də sənədlərimi yoxlamadılar. “Müəllim, sizi tanıyırıq, keçin”, -dedilər. Elə mən də onları tanıyıram. Çünki hər gün görürəm. Eyni davranışın sözügedən videonu paylaşan poçt əməkdaşlarına münasibətdə sərgilənməsi də çox təbiidir. İnsanları tanımaq, onlar haqqında məlumatları yadda saxlamaq əməliyyat işinin ən vacib elementlərindən biridir və polis əməkdaşlarına da təlim prosesində bunu öyrədiblər.


İndiki şəraitdə polisin tanıdığı, çalışma icazəsinin olduğuna şübhə etmədiyi insanları və onların idarə etdiyi nəqliyyat vasitələrini postlardan yoxlamadan buraxmasının başqa bir səbəbi də tıxacların qarşısının alınmasıdır. Maraqlidir ki, sosial şəbəkələrdə bu utancverici videoya rəy bildirənlərin müəyyən bir hissəsi cəmiyyətə yanlış məlumat və mesajlar verən poçt əməkdaşlarının əvəzinə polisi günahlandırırlar. Eyni adamlar tıxacların yaranmasında da polisi ittiham edirlər. Yəni polis əməkdaşları hərəkəti iflic edən bir neçə kilometrlik tıxacların yaranmaması üçün çalışma icazələrinin olduğuna əmin olduqları insanları postlardan yoxlamadan buraxanda da, hər kəsin sənədlərini bir-bir yoxlayanda da ittiham olunurlar. Bu yanaşma mənə Molla Nəsrəddinin uzunqulaqla bağlı lətifəsini xatırlatdı – el arasında deyildiyi kimi, “belinə minsən də, mindirsən də fərqi yoxdur”. Uzunqulaq uzunqulaqlığında, boşboğazlar da boşboğazlıqlarında qalacaqlar.
Tıxaclara gəldikdə isə, indiki şəraitdə bunu anlamamağın səbəbini heç bir halda başa düşmək mümkün deyil. Virus məsuliyyətsiz insanların ucbatından sürətlə yayılır, vətəndaşların həyatı, sağlamlıqları təhlükədədir, xəstəxanalarda yer yoxdur. Bu vəziyyət bir müddət də davam edərsə fəsadlarını uzun illər aradan qaldırmaq münkün olmayacaq. İndi rahatlıq, komfort, əyləncə haqqında düşünməyin zamanı deyil. Müharibə vəziyyətindəyik, ay insanlar! Başımıza bomba yağmasa da, açılan mərmilərin səsini eşitməsək də müharibədən daha təhlükəli bir vəziyyətdəyik. Düşmən gözlə görünmür! Həyatın davam etməsi, insanların yaşaması, iqtisadiyyatın tənəzzülə uğramaması üçün çalışmaq məcburiyyətində qalan peşə sahiblərinin heç biri ölümlə üz-üzə qalmaqdan sığortalanmayıblar. Koronovirus səssis bombadır!
Digər tərəfdən, dünyanın hansı ölkəsində tıxac olmur ki? Dünyanın ən inkişaf etmiş ölkələrinin paytaxtlarında, böyük şəhərlərində insanların saatlarla tıxaclarda dayanmasını izləmək üçün xüsusi araşdırma aparamağa da ehtiyac yoxdur. Bu, sosial şəbəkələrdə, televiziya ekranlarında, internet resurslarında hər gün qarşılaşdığımız mənzərədir.
…Bir neçə kəlmə də sözügedən videonu paylaşan poçt əməkdaşlarının əməlinə verilən hüquqi qiymət haqqında… Belə adamların cəzadan “polis idarəsinə dəvət edilməklə, profilaktik söhbət”lə qurtulmaları anlaşılan deyil. Nə üçün? Niyə? Hansı səbəblərdən insanların sağlamlıqları, həyatları üçün ciddi bir təhlükənin olduğu vaxtda qaydalara meydan oxuyan, dövlətin vətəndaşlarını qorumaq üçün həyata keçirdiyi tədbirləri məsxərəyə qoyan, bu tədbirlər ətrafında qeyri-ciddi atmosfer yaratmaq istəyən insanalara güzəşt edilməlidir?
Nə bu məsuliyyətsiz poçt əməkdaşları, nə də onlarla eyni, yaxud oxşar davranışları, dünyagörüşünü daşıyanlar bu qədər humanist münasibətə layiq deyillər. Belələri ilə qanunun ən sərt üzü ilə danışmaq lazımdır. Sosial şəbəkələrdə insanların həyatlarına təhlükə yaradan davranışları təbliğ edən, bu istiqamətdə məqsədyönlü şəkildə, yaxud təsir altına düşərək təbliğat aparan hər kəs kimliyindən asılı olmayaraq layiq olduğu cəzanı almalıdır. Cəzalar sərtləşdirilıməli və tətbiqi güzəştsiz həyata keçirilməlidir. Bunun başqa yolu yoxdur!
Məsəli məsuliyyətli, vicdanlı insanlardan uzaq, “kiş deməklə donuz darıdan çıxmır”.

Share: