Qara eşşəklərin ağ taleyi

HÜSAMƏ bin SƏRXAN
(hekayət)

ÇJUAN – TSZI (B.e.ə 4-3 əsrlərdə yaşamış Çin filosofu): – Dünya murdarlıq içində batıb… Mənim ona deyəsi sözüm yoxdu.

HÜSAMƏ bin SƏRXAN (Yazının müəllif): – Dünya “Cin səddi” ilə hasarlanmış Çinlə məhdudlaşmır. O, çox böyükdür. Amma nədənsə, dünyanı dəyişmək lazım gələndə, həmişə siz uğursuz çinlilər peyda olub, onu murdarlayırsız.

ÇJUAN – TSZI: – Hər şey vahid başlanğıcdan başlayır, sonradan bir-birini əvəz edə-edə müxtəlif formalara düşür. Əvvəl də, axır da çarx kimi hərlənir, onların harda olduğunu anlamaq mümkün deyil. Bu, təbii dəyişiklikdi.
HÜSAMƏ BİN SƏRXAN: – Həm də çox iyrənc və öldürücü. Eləmi?! Bu çox kədərlidi. Allah kökünüzü qurutsun!
Qaranlığın vahiməli sükutu ayıq-sayıq itlərin, itlərin hay-küyünə səs verən xoruzların banı ilə pozulmaqdaydı, yəni – gecənin üzü səhərə dogruydu.
Çox çəkməyəcək it və xoruzların xoruna, kəndin iri və xırdabuynuzlu heyvanlarının səsi qarışacaq, məğlubiyyətdən qaçan başıpozuq ordunun yaratdığı səs tembiri bütün ərazini bürüyəcəkdi.
Ardınca Ərtoğrulun atının səsini parodiya etməyə çalışan çəpgöz yabıların, dişini tökmüş madyanların xışnərtisi başlayacaqdı.
Əziz oxucum, “xışnərti” sözün yad dillərdə axtarıb qəribçiliyə salmayasan… Çünki bu kənddə sovet hökuməti dağılandan sonra tək bir at kişnəyib! “Budyonnunu belində, Qubad kişini qundağda” görən həmin at o qədər zəifləyib ki, neçə illərdi milçəklər şeyinin başında bağça salıblar. Bu zalım balası Qubad kişi də salıb təklə tərəfinə, nə özü ölmür, nə də qoymur yazığ heyvanı kolbasa sexinə verib, iyrənc həşaratların zülmündən qurtarsınlar.
Əgər kəndin psixatır-baytarına inansaq, lazımsız səs çıxartmaq vərdişindən uzaq olan atların son zamanlardakı əndirəbadi davranışları kənd camaatının “Diriliş Ərtoğrul” serialına aludəçiliyindən sonra yaranıb. Görünür atlar televizora baxmasalar da, səsinə qulaq verirmişlər. Hətta bəzi atların reklamarası vaxtlarda qeyi-adi həvəs və coşquyla boğazlarını arıtladıqlarını müşahidə etmək də mümkünmüş.
Anlaşılan odur ki, artıq atların həmxasiyyət olması üçün yan-yana bağlanması ehkamı mahiyyətini itirib. Çox güman virtuallıq, kosmopolitlik heyvanlar aləminə də sirayət etməyə başlayıb.
Bu məqamda ümumi “orduya” qoşulmayan gənc və yaraşıqlı eşşəkləri yaddan çıxartmaq mənim tərəfimdən namərdlik, sizlərçün anlaşılmazlıq olardı. Məğzi, adım kimi əminəm ki, hər birinizi düşündürən: – “nədən kəndin ən ekzotik varlıqları ümumheyvan həmrəyliyindən kənarda qalıblar?” – sualı içinizi dağıdır. Şübhəsiz çox haqlısız; anqırmaq və anqırmamaq onların müstəsna hüququ olsa da.
Məsələ ondadır ki, COVİD-19 adlı koronavirusun insanlar arsında yaratdığı sədd və sərhədlər kənddə yeni münasibət və yaşam qaydaları diktə edir. Siz baş epidemoloqun cah-cəlallı şəhər həyatından kəndə qaçmasını çoxbilmişlik əlaməti hesab edib, özünüzə dərd etməyin. Əgər insansansa, sosial illüuzasiyaya tabe olub insanlardan uzaqlaşacaqsan, ən azından məsafə saxlayacaqsan. Ailə üzvlərin olsa belə.
Doğrudur, hər birimizin dosta, qardaşa, arvada, sevgiliyə və sair və ilaxır…ehtiyacı var axı. Sizcə nə etməli? Təbii ki, heyvanların ən adamayovuşanı və üzüyolası olan eşşəklərlə dilləşib-didişib münasibət qurmağa çalışacaqsan. Alternativ investisiya proyektləriniz varmı? Yox! Atalarımız oldu karonavirusluq! Demək, hər birimizi narahat eləyən sualın məntiqi cavabını psixoloji imitasiyada, yaxud real mutasiyada axtarmaq lazımdı. Təsəvvür edin, kəndin bütün erkək eşşəklərini kəsib yeyərək qarın məsələsini həll edən erkək kənd insanları, həm də onların “dul” qalan gülü-burnunda uzunqulaqlarına sahib çıxıblar. Koronavirus kəndin dişi eşşəklərinin başına elə bir tac qoyub ki, bundan sonra çətinki kimsə sevməyə qız, yaşamağa arvad, “atmağa” dost, minməyə qardaş axtarsın.
Deyirəm, qurban olum təxəyyül və təfəkkürünə, ey kəndimin balası! Səndən başqa heç “fenomen oğlu fenomen” dişi eşşəyə belə cazibədar adlar fikirləşə bilməzdi. Ada bax eee… Bəh…bəh…bəbəh-bəh… Gülverdinin eşşəyinin adın dədəsi Pirverdi qoyub: Ancelina. Səbəbi də o olub ki, bir əmcəyi kordu. Kərəmin eşşəyinin adı Ceniferdi. Adın özü qoyub. Deyirəm yetim olasan, qismətinə belə eşşək düşə? Baldır-nə baldır! Qaldırmağa kran lazımdı, kran. Qədir anasından keçə bilmədiyindən, Knara adıyla razılaşıb. Deyilənə görə bu ad Gülbadam ananın rəhmətlik qardaşının arvadına aid imiş. Şahbazın eşşəyinin ədəb-ərkanlı duruşu kəndin mollası hacı Şakiri necə təsirləndiribsə, uzunboğaz qaragöz eşşəyi Şakira adlandırıb. Siyahını kifayət qədər uzatmaq olar: Mahmud-Madonna, Divanxan-Diana, Sabir- Sabrina, Samir-Samiralda… cütlükləri və hətta Paşa-Maşa-Daşa üçlüyü.
Yəqin məsələnin mahiyyətini anladınız. Əlbəttə, belənçinə kayfulla həyat yaşayan eşşəylərin üzərindən Əmir Teymurun ordusu keçsəydi, yenə ayılmazdı. Ən azından, “təkamül dövrü” yaşayan eşşəklər, eşşəklik iradəsini itirdiklərindən yeni yaranan geo-bio-fizopolitik maraqlar çərçivəsindən kənara çıxmağa meyilli və məcbur deyillər. Həm də nəzərə almaq lazımdır ki, bizim milli eşşəklər nə Həmədan eşşəkləri, nə Mozambik və Somali uzunqulaqları qədər sadəlövhlük girdabında çabalamırlar. Qurbanı olduğum bizimkilər daha gerçəkçidirlər; düşdükləri ictimai-sosial bataqlığa yenidən qayıtmırlar. Başına min cür pis iş gətirəsən, öldürüb təkrar dirildəsən, yenə faydası olmaz.
Bu abzasdan etibarən “cip-paz” Dəccalın altında qalan ÜST-ün qarabala direktoruna və dünya aborgenlərinə üz tutacaq, İsrayıl müəllimin icad etdiyi – dünyanın ən şirin-şəkər “mə… mü…” ( birdən elə bilərsiz açması “mən müəlliməm!” – deməkdi ha…) ladında səsimi ucaltmağa çalışacaqdım ki, sosial izolyasiya səbəbindən otağın digər küncündə yatan arvadımın: “Yay-qış potı geyən dədön goruna tırrr…rıxxx…layım… Layım…layım…tır-tır…rıx-rıx…tırrıxlayım…” – ifası başlandı. Görəsən, birdən-birə nə oldu buna? Yuxuda sayıqlamaları ilk dəfə deyildi. Xüsusən, “Bana-bana gəl”, “Diləklə gəl” rədifli sayıqlamaları ləzzət eləyirdi. Arvadımın “yaradıcılığındakı” qəfil məzmun və janr dəyişikliyinin yaratdığı əhval-ruhiyyə vücudumdakı bütün protest elektorat orqanlarımı qəddarcasına hərəkətə gətirmişdi. Səbrimə düt deyib, aradan çıxmaqdan qeyri əlacım qalmamışdı. Əminəm nəqarət lap biyabırçı olacaqdı. Ən pisi də oydu ki, repə nifrət edirdim. Çünki bu qarabala zibili məndə, ani də olsa “kotara sindromu” yaradır. Bu zamana qədər utanan sifətim olmasa da, həmin an və məqamda xəcalətdən əriyib qonşuda yaşayan Şakiranın nəcim qulaqlarına, duşumuzdan keçən kanalzasiya xəttinə axmaq istəyirdim…
Kaş, – səhərin gözü açılar-açılmaz kəndin alverçi arvadlarını “İran bazarı”na daşıyan sınıq-salxaq xalturşik maşınlarının aramsız-əcaib siqnalları kəndin təbii səs akustikasını zibilləyib, istəyimi içimdə qoymayaydı. (1-ci hissənin sonu.)
03-04 iyul 2020-ci il
 
 
Share: