“Azərbaycan dövlətçiliyi üçün prinsipial olan məsələlərin bundan sonra…”

Dövlətin siyasi partiyalarla iş aparması və əməkdaşlıq etməsi keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bunu ötən gün siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün keçirilən görüş də təsdiqləyir.

Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib. Görüş olduqca aktual bir mövzuya – “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilib. Pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri olan siyasi partiyaların fəaliyyəti müzakirə edilib.

Siyasi partiyaların mövcudluğuna və fəaliyyətinə gündən-günə diqqətin artırılması təqdir olunası haldır. Dövlət pandemiya və postpandemiya dönəmlərində və eləcə də islahatlar prosesinin davam etdiyi bir zamanda siyasi partiyaların rolu və əhəmiyyətini nəzərə alır. Bu çox önəmli amildir. Çünki ölkədə həyata keçirilən siyasi islahatların daha uğurlu nəticələrlə müşayiət olunması üçün cəmiyyətdə mövcud olan bütün siyasi qüvvələrin və cərəyanların mövqeləri mütləq nəzərə alınmalıdır. Siyasi dialoq və ümummilli maraqlar, dövlətçilik məsələləri çərçivəsində əməkdaşlıq mühitinin möhkəmlənməsi çox vacibdir.

Partiyaların roluna önəm verilməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına təkan verəcək. Sevindirici haldır ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev də bu mövqeyi, bu düşüncələri bölüşür. Onun sözügedən görüşdə çıxışı zamanı toxunduğu məsələlərin məzmunu da bunu təsdiqləyir. Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasının ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini diqqətə çatdırıb. O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir. Çıxışdan da bir daha görünür ki, siyasi partiyalara münasibətdə yeni yanaşmanın, yeni dəst-xəttin ortaya qoyulması ölkədə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək və çoxpartiyalı sistemi inkişaf etdirmək məqsədi daşıyır. Və bu gün iqtidar partiyalararası konstruktiv siyasi müzakirələrə, siyasi dialoqa bu qədər mühüm əhəmiyyət verirsə, deməli, Azərbaycan dövlətçiliyi üçün prinsipial olan məsələlərin bundan sonra milli həmrəylik yolu ilə həll edilməsi prioritet təşkil edəcək. Bu da yalnız siyasi qüvvələrlə konstruktiv əməkdaşlıq zəminində mümkün ola bilər.

Proses onu göstərir ki, siyasi partiyalar da bu əməkdaşlıqda dərindən maraqlıdırlar. Biz bunu pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəkləməsindən də gördük. Azərbaycanda iqtidarla müxalifət arasında ümummilli maraqlar naminə həqiqətən də indiyədək müşahidə edilməyən yaxınlaşmanın şahidi olduq. Ölkənin siyasi mühitində sağlam əməkdaşlıq üçün olduqca əlverişli şərait meydana gəlib. Siyasi liderlər, partiya rəhbərləri də bunun fərqindədir. Ölkədə yeni siyasi arxitekturanın təşəkkül tapması zənnimcə, hamımızı – siyasi camiənin bütün subyektlərini qane edir. Marginallar və radikallar isə qeyri-konstruktiv mövqe sərgilədiklərinə və cəmiyyət tərəfindən dəstəklənmədiklərinə görə proseslərdən kənarda qalmağa məhkumdur. Onlar dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıqda maraqlı deyillər. Radikallar hər zaman olduğu kimi siyasi konfrantasiyada maraqlıdırlar. Bu yolun isə sonu yoxdur.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Share: