Varlı, kasıb, kor, yaşlı, sağlam, xəstə, rus, çinli – hər kəs evlənə bilər. Bircə dəlilər və çılğınlar istisna təşkil eləyir. Axmaqlar, kütbeyinlər və zırramalarsa ürəkləri istədikləri qədər evlənə bilərlər.
Bu təlimatlar isə hamınıza gərək ola bilər.
I TƏLİMAT
Qızla görüşəndə ilk növbədə onun zahiri görkəminə fikir ver, zira zahiri görkəm qadının xarakterindən xəbər verir. Onun zahirində bunlara diqqət yetir: saçlarının və gözlərinin rəngi, yerişi və xüsusi əlamətləri.
Saç rənglərinə görə qadınlar sarışınlara, brünetlərə, qumrallara və digərlərinə bölünürlər. Sarışınlar, adətən, ədəbli, təvazökar, sentimental olur, valideynlərini sevir, roman oxuyanda ağlayırlar və heyvanlara yazıqları gəlir. Onlar xasiyyətcə açıqsözlü, əqidəcə mühafizəkardırlar. Başqalarının sevgilərinə son dərəcə həssas yanaşırlar, amma özləri sevəndə balıq kimi soyuq olurlar. Ən həssas bir anda sarışın qadın əsnəyib “yadımdan çıxmasın, sabah pambıq parça almağa adam göndərim” deyə bilər.
Sarışınlar ərə gedəndən sonra sürətlə kökəlib solur, həvəssiz olurlar. Məhsuldar, uşaqsevər və kövrəkdirlər. Ərlərinə xəyanəti bağışlamırlar, ancaq özləri həvəslə xəyanət eləyirlər.
Sarışın həyat yoldaşları, adətən, mistikaya meylli olurlar, hər şeydən şübhələnirlər və özlərini əzabkeş sayırlar.
Brünet qadınlar sarışınlar qədər ağıllı deyillər. Onlar hərəkətli, dəyişkən, şıltaq, çılğın olurlar, tez-tez anaları ilə mübahisə eləyir və qulluqçulara şillə vururlar. 12 yaşlarından əclaf kişilərə “fikir verməməyə” başlayırlar, dəsrlərini pis oxuyurlar, müəllimələrə nifrət eləyirlər, romanları sevirlər, özü də mütaliə zamanı təbiət təsvirlərini buraxır, sevgi etiraflarını isə beş dəfə oxuyurlar. Onlar ehtiraslıdırlar, sevəndə nəfəsləri kəsilə-kəsilə sevirlər, özlərini bütünlüklə sevgilərinə verirlər…
Brünet həyat yoldaşı başdan-ayağa inkvizisiyadı. Bir tərəfdə adamı boğaza yığan ehtiras, digər tərəfdə şıltaqlıqlar, geyim-gecim, tələsik məntiq, çığır-bağır…
Ərlərinin xəyanəti ilə çox tez barışırlar və onlara eyni şəkildə cavab verirlər.
Qumrallar sarışınlardan o qədər də fərqlənmirlər, amma brünetlərə də çatmazlar. İkisi arasında bir yerdədilər. Özlərini brünet hesab eləyirlər. Kürən qadınlar kələkbaz, hiyləgər, riyakar, kinli olurlar. Hiyləsiz sevgini başa düşmürlər.
Adətən, gözəl əndama, möhtəşəm çəhrayı dəriyə sahib olurlar. El arasında deyirlər ki, şeytanlar və qulyabanılar mütləq kürən qadınlarla evlənir. Riya olan yerdə qorxaqlıq və cəsarətsizlik də var. Kürən qadına yaxşıca qışqırmaq (“Mən sənə…!”) kifayətdi ki, büzüşüb səni öpməyə başlasın.
Unutma ki, Messalina ilə Nana kürən olub.
Həyat yoldaşı seçimində saç düzümünün də böyük rolu var. Hamar daranmış, sığallı, ağ cizgili saçlar sadəlikdən, məhdud arzulardan xəbər verir…
Adətən, belə saç düzümü dərzilərdə, satıcılarda və tacir qızlarında olur.
Düz kəsilib alına tökülmüş kəkil mənasız xırdaçılıq, ağlın azlığı və şəhvət deməkdi. Adətən, qızlar o kəkillə alınlarının darlığını gizlətməyə çalışırlar…
Şinyon kimi başqalarının saçlarından düzəldilmiş ornamentlər zövqsüzlük, fantaziyasızlıq və saç düzümünə ana müdaxiləsinin əlamətidi.
Arxadan önə daranmış saçlar qadının təkcə qabaqdan yox, arxadan da bəyənilmək istəyindən xəbər verir. Bu cür saç düzümü – əgər ağır Babil qülləsi ilə tamamlanmırsa – zövq və yüngül əxlaqın əlamətidi.
Dalğalı saçlar işvəkarlıq və yaradıcı natura deməkdi.
Diqqətsiz toplanmış, dağınıq saç düzümü şübhə və ruhi tənbəllikdən xəbər verir. Kəsilmiş saçların altında düşüncə tərzi gizlənir.
Əgər qadın keçəl, ya da çalsaçdısa və eyni zamanda ərə getmək istəyirsə, deməli, onun çoxlu pulu var.
Qadının saçlarında sancaq nə qədər azdırsa, o, o qədər yaradıcıdı və ən əsası, saçlarının özünün olduğuna inana bilərsən.
İndi isə gözlərin rəngi haqqında. Nisgilli mavi gözlər sədaqət, itaət və məzlumluq əlamətidi. Bərəlmiş mavi gözlər, adətən, fırıldaqçı və satqın qadınlarda olur.
Qara gözlər ehtiras, çılğınlıq və hiyləgərlikdən xəbər verir. Nəzərə al ki, ağıllı qadınların gözləri nadir hallarda qara olur.
Boz rəngli gözlər cilvəli, güləyən və sadəlövh qızlara xasdı.
Qəhvəyi gözlər qeybət sevgisindən və başqalarının geyimlərinə qarşı paxıllıqdan xəbər verir.
Seçəndə ortaboylu qız seç.
Hündürboy qadınlar kobud olurlar, əlləri də ağırdı, balacaboylar isə bir çox hallarda başbəlası olurlar, ciyildəməyi, cırmaq atmağı, sancaqlarını işə salmağı sevirlər.
Qozbellərdən uzaq dur: onlar kinli və məkrli olurlar.
Tələsik, ətrafa baxa-baxa yerimək yelbeyinlik və yüngüllükdən xəbər verir.
Ləng yeriş ürəyini artıq kiməsə bağışlamış qadınlara xasdı – o qapıda sənə çörək tapılmaz.
Qadın yançaqlarını yellədə-yellədə ördək kimi yeriyirsə, bu, həlimlik, üzüyolalıq, hərdən də kütlük əlamətidi.
Qürurlu qu yerişi “o” qadınlara və məşuqələrə xasdı. Yeriş nə qədər təkəbbürlüdüsə, qadını saxlayan kişi o qədər yaşlı və varlıdı.
Qızların belə yeriməsi onların lovğalığından və dardüşüncəli olmasından xəbər verir.
Əgər xanım tovuzquşu kimi süzürsə, onun yanından düz keç: səni yedirdəcək, sığallayacaq, amma mütləq öz hökmü altında saxlayacaq.
Xüsusi əlamətlər o qədər də çox deyil. Qəmzəli yanaqlar işvəkarlıq, gizli günahlar və mehribanlıq əlamətidi.
Qəmzəli yanaqlar və qıyılmış gözlər çox şey vəd eləyir, amma platonçu üçün yox.
Bığlar sonsuzluq əlamətidi. Uzun dırnaqlar tənbəl, nərmənazik qadınlara xasdı.
Bitişik qaşlar, qadının sərt ana və quduz qaynana olacağından xəbər verir.
Çillərə, ən çox kürən işvəkarlarda, cariyələrdə və səfehlərdə rast gəlmək mümkündü.
Dolu yanaqlı, əlləri qırmızı, toppuş və yeməli xanımlar sadəlövhdülər, bir söz deyənə qədər dörd səhv buraxırlar, amma əvəzində ərlərinə dadlı piroq bişirib məxmər jilet tikməyi çox tez öyrənirlər.
II TƏLİMAT
– Başlıqsız evlənməyi ağlına da gətirmə. Başlıqsız qız balsız qaşıq, altsız ayaqqabı kimidi. Sevginin öz yeri var, cehizin öz yeri. Dərhal 200 000 istə. Bu rəqəmlə sarsıdandan sonra bazarlıq eləməyə, özünü naza qoymağa, işi süründürməyə başla. Başlığı mütləq toydan əvvəl al. Veksel, kupon, səhm qəbul eləmə, yüzlükləri bir-bir yoxla, iylə, işığa tut. Zira valideynlərin öz qızlarına görə saxta pul verməsi nadir hadisə deyil. Puldan əlavə mümkün qədər çox əşya qopartmağa çalış.
– Hətta ən pis arvad da özüylə aşağıdakıları gətirməlidi:
– Çoxlu mebel və royal;
– Bir dənə pərqu yastıq və üç yorğan: ipək, yun və kətan;
– İki xəz plaş- biri bayramlar üçün, digəri gündəlik;
– Mümkün qədər çox çay, mətbəx və nahar dəstgahı:
– Ən yaxşı holland kətanından tikilmış 18 dənə naxışlı köynək: eyni kətandan tikilmiş 6 dənə kənarı krujevalı qaftan; 6 dənə nansu qaftan; holland kətanından tikilmiş 6 cüt pantalon; ingilis şifonundan tikilmiş 6 cüt pantalon; madapolamdan tikilmiş 6 dənə köbəli və naxışlı ətək; ən yaxşı batistdən tikilmiş penüar; eyni materialdan 4 yarımpenüar; 6 cüt kanifas pantalon; Mələfələr, yastıq üzləri, corablar, kağız ətəklər, bel bağı, süfrələr, dəsmallar və s. kifayət qədər olmalıdı.
– Bunların hamısını özün yoxla, say, çatışmayan bir şey olsa, dərhal tələb elə. Uşaq paltarı götürmə, çünki belə bir əlamət var: paltar varsa-uşaq yoxdu, uşaq varsa- paltar yoxdu;
– Fasonları tez-tez dəyişən donlar əvəzinə tək-tək parça vermələrini tələb elə;
– Gümüş yemək dəsti verməsələr, evlənmə.
Evlənəndən sonra arvadınla sərt və ədalətli davran, özünü itirməyinə imkan vermə və hər dəfə anlaşılmazlıq yarananda ona “unutma ki, səni mən xoşbəxt eləmişəm!” de.
1885
Anton Çexov