Füsunkar təbiətə malik cənub bölgəsinin iri dağ çayı olan qədim Viləşçayın adı ilk dəfə tarixi mənbələrdə eradan əvvəlki minilliklərdə çəkilir. Eramızın 90-168-ci illərində yaşamış yunan coğrafiyaşünası Ptolemey isə Xəzər dənizinin xəritəsini çəkərkən Viləşçayın Qızılağac körfəzinə töküldüyünü göstərmişdir. Mənbəyini Yardımlının dağlıq ərazisində yerləşən Quludaş zirvəsindən götütən Viləşçayın uzunluğu 115 kilometr, hövzəsinin sahəsi 935 kvadrat kilometr təşkil edir. Suyunun çox hissəsini yağış, qismən də yeraltı, qar sulardan alır. Vilşçayın sahilində yerləşən Masallının İstisuyu hələ çar Rusiyası zamanı müalicə və istirahət məkanı olub. İstisu ilin bütün fəsillərində gözəl olur. Təbiətin möcüzəsi, şəfa ocağı sayılan bu misilsiz məkandan Viləşçaya axıb qarışan isti, qaynar bulaqlar dəri, oynaq-əzələ, yel, onurğa, radikulit, prostat, sinir və ginekoloji xəstəliklərin müalicəsi üçün çox faydalıdır.
Sahilinə qərinələr boyu dincəlməyə gələnlərin ruhuna kaman kimi laylay çalan Viləşçay Masallının düz mərkəzindən keçərək, onu iki hissəyə bölür. Keçmiş zamanlardan üzü bəri çayın suyundan yerli əhali əkinlərini suvarmaq məqsədi ilə istifadə edib. Lakin yay aylarında çayın suyu tamamilə azalırdı, bəzi yerlərdə yatağı çox lilənirdi Bu da suvarma mövsümündə müəyyən çətinliklər yaradırdı.Yazın əvvəli və payız ortalarında isə bəzən güclü yağışlar çayda böyük daşqınlar əmələ gətirirdi. Çayın sahilinə yaxın əkin sahələri su altında qalırdı. Buna görə də ötən əsrin yetmişinci illərinin ortalarından başlayaraq kənd təsərrüfatının inkişafında çayın suyundan daha səmərəli istifadə etmək məqsadi ilə Viləşçayın dağların ətəyindən maili düzənliyə çıxdığı yerdə qarşısında nəhəng dəmir-beton bəndin tikintisinə başlandı.1986-cı ildə istismara verilən Viləşçay su anbarı o vaxtan Masallının ən gözəl mənzərəsi olan yerlərdən birinə dönüb. Dağ döşündə körpə dənizi xatırladan bu böyük su dəryaçası zümrüd rəngli meşələrin fonunda əsrarəngiz panoramı insana xoş təssürat bağışlayır.
Sututumu 46 mln. kubmetr olan Viləşçay bəndinin hündürlüyü 37 metr, üstdən uzunluğu 3,2 kilometrdir. Bəndin yaradılması ötən əsrin 80 –ci illərində çayçılığın, tərəvəzçiliyin, taxılçılığın inkişafına böyük təkan vermiş, eyni zamanda, yerli əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılmasına geniş imkan yaratmışdır. Bu gün isə rayonun fermer təsərrüfatlarında taxılçılıq, çəltikçilik, tütünçülük, baramaçılıq, bostan bitkilərin va başqa sahələrin inkişafına böyük diqqət göstərilir. Masallıda çəltik əkinləri əvvəlki ilə nisbətən 2020-ci ildə 36,7 hektar artırılaraq 253,9 hektara çatdırılmışdır. Cari ildə rayonda 61 hektardan çox sahədə qarpız, 280 hektara yaxın sahədə yemiş, 49 hektar sahədə balqabaq əkilib. Xırmandalı, Çaxırlı, Səmidxan, Həsənli, Qızılağac, Mahmudavar, Sərçuvar, Təklə və başqa kəndlərdə əkin sahələri genişləndirilib.
Hazırda Masallıda bostan məhsulları yığımının qızğın çağıdır. Torpaq mülkiyyətçiləri bu günədək əkdikləri bostan sahəsinin 70-75 faizinin məhsulunu yığıblar. Yığılan məhsul əsasən yerli bazarlara və respublikamızın iri şəhərlərinin bazarlarına göndərilir.
Bu gün Masallı rayonunda mövcud olan 25 min hektara yaxın əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Lakin faktiki olaraq rayon üzrə 9892 hektar torpaq sahəsi (40 faiz) suvarma suyu ilə təmin edilir. Sahələrin 4500 hektarı qapalı şəbəkələr, 5392 hektarı isə açıq torpaq kanalları vasitəsilə suvarılır. Rayonun Xəzər dənizi ətrafında yerləşən Muğan zonasının yaşayış məntəqələrində torpaqların bir hissəsi sussuzluqdan şoranlaşmışdır. Muğan kəndlərinin sakinləri içməli su, eyni zamanda, kənd təsərrüfatı və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda uzun illərdir ki, çətinlik çəkirlər. Meleoratorların fikrincə, bu ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac duyulur.
2018-ci ildən Viləşçay su anbarının ikinci növbəsinin layihələşdirilməsi və tikilişinə start verilməsi də yaxın gələcəkdə bölgədə suvarma problemlərinin tam həll edilməsi və əkin sahələrinin daha da artırılması zərurətindən yaranmışdır. Ölkə başçısının göstərişi ilə hazırlanan həmin layihədə Viləşçay su hövzəsinin həcmini 132 milyon kubmetrə çatdırmaq üçün su bəndinin hündürlüyünün daha 16 metr artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20 min 100 hektar əkin sahələrinin suvarma suyu ilə təmin ediləcəyi nəzərdə tutulur.
Onu da qeyd edək ki, bu layihədən öncə Masallı şəhərində, ümumiyyətlə, mərkəzləşmiş içməli su və kanalizasiya sistemləri mövcud olmayıb. Əhali içməli suya olan tələbatını fərdi həyətyanı sahələrdə standartlara cavab verməyən qaydada qazılmış quyulardan və ya nəqliyyat vasitəsindən istifadə edərək kənardan daşımaqla ödəyib.
Eyni zamanda, Muğan zonasında yerləşən yaşayış məntəqələri daxil olmaqla rayonun 40-a yaxın kəndində içməli su təchizatı sarıdan problemlər mövcuddur. 2016 -cı ildən “Masallı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində Masallı şəhərində və Ərkivan qəsəbəsində xeyli işlər görülmüşdür. Son illər Viləşçay su anbarında sutəmizləyici qurğu, 5000 kubmetr həcmində sututarlar və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilib. İçməli suyun keyfiyyətini və dayanıqlığını təmin etmək məqsədilə gün ərzində 24 min kubmetr su təmizləmək gücündə olan bu qurğu sayəsində Viləşçay dəryaçasından götürülən su xüsusi laboratoriyada analiz edilib təmizləndikdən sonra əhaliyə verilir. Bundan başqa, rayonun müxtəlif yaşayış məntəqələrində 24 subartezian quyusu qazılaraq istifadəyə verilib. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Sığdaş, Xəlfələr, Abbasbəyli kəndlərində su xətləri çəkilib, Türkoba, Əhmədli və Köhnə Alvadı kəndlərində 17500 metr suvarma kanallarında təmizlik işləri aparılıb.
Sevindirici haldır ki, Masallı rayonunun Muğan bölgəsində ciddi su problemi olan 24 yaşayış məntəqəsinin su təminatı layihəsinin icrasına başlanılmışdır. Bu məqsədlə Viləşçay su anbarının aşağı hissəsində inşa edilmiş sutəmizləyici qurğudan ötən il həmin kəndlər istiqamətində 20 kilometr uzunluğunda magistral su kəməri çəkilib. İndiyədək 5 yaşayış məntəqəsi – Sığıncaq, Məmmədxanlı, Şərəfə, Bala Təklə və Kürdəbaz kəndləri içməli su ilə təmin edilib və layihəyə uyğun çəkilmiş su xətlərinin üzrində bulaqlar quraşdırılıb. Muğan bölgəsinin digər kəndlərində də su xətlərinin çəkilməsi işləri mərhələ -mərhələ davam etdiriləcək. Hacıtəpə, Ərəb, Xırmandalı, Təkdam, Köçəkli, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Alışanlı, Xoşçobanlı, Mollahəsənli və Qədirli kəndlərində yaşayan sakinlərin də içməli suya olan tələbatı tam ödəniləcəkdir.
Viləşçay su anbarının ikinci növbəsinin tikintisi isə nəinki Masallının, hətta bütün regionun iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatının inkişafına böyük təkan olacaq. Belə ki, aqrar sahənin inkişafına böyük təkan verəcək layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcəklər.
Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı, əkin sahələrinin suvarılması üçün su bəndlərinin yaradılması ilə əlaqədar Sərəncamına uyğun olaraq Masallıda da 37 su bəndinin yaradılması və əsaslı təmiri davam etdirilir. 2018-ci ilin noyabr ayından indiyədək rayonda olan 30 sututarda tikinti və təmir işləri başa çatdırılıb.
Bundan başqa, Masallı şəhərin baş planına əsasən Viləş çayının şəhər ərazisindən keçən hissəsində – çayın sahili boyunca 50 hektara yaxın ərazidə meşə-park, o cümlədən 7 hektarda “Park-bulvar” kompleksinin salınmasına başlanılmışdır. Burada yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmiş, artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Layihə sənədlərinə əsasən, park-bulvar kompleksində uşaq-əyləncə mərkəzi, idman qurğusu, “Masallı evi”, bədii-əyləncəli proqramların təşkili üçün estrada səhnəsi, istirahət və iaşə obyektləri, 2 fontan, külafirəngilər, çay üzərində 1 piyada və 2 nəqliyyat vasitələrinin hərəkəti üçün körpü, yeraltı içməli su anbarı, nasosxana, yanğın əleyhinə su anbarı nəzərdə tutulmuşdur.
Su həyata can bəxş edən inam qaynağıdır. İnsan da, təbiət də susuz yaşaya bilməz. Su Tanrının müqəddəs nemətlərindən biridir. Amma bəzən sudan ağıllı şəkildə istifadə etməyin zəruri olduğunu unudan insanlar da olur. Keşmişdən üzü bəri ağbirçək nənələrimiz insan ovladına “su qədər ömrün olsun” deyə alqış duası söyləyiblər. Səfərə çıxanın arxasınca su atıb “Yolun aydın olsun!” deyirlər. Suyun qüdrətinə inanan dədə-babalarımız su ilə bağlı müdrik sözlər söyləmiş, nəğmələr qoşub, suyu canlı varlıq kimi dəyərləndirmişlər. Ulu abidəmiz “Kitabi-Dədə Qorqud” dastanında “Su haqq didarın görmüşdür” deyən Qazan xanın su ilə söhbəti bunun bariz nümunəsidir.
Qızıl dəvələr gəlib keçdiyi su!
Ağ qoyunlar gəlib çövrəsində yatdığı su!
Ordumun xəbərin bilirmisin degil mana!
Qara başım qurban olsun, suyum sana!
Bəli, su nurdur, həyatın cövhəridir, saflıqdır, təmizlikdir, yaşıllıqdır, gözəllikdir, bağ-bostanın zinətidir… Əminik ki, dağ döşündə körpə dəniz kimi dalğalananViləşçayda toplanan təmiz və ekoloji cəhətdən saf suyun borular vasitəsilə rayonun Muğan bölgəsindəki kəndlərinə çəkilməsi sakinlərin içməli su həsrətinə son qoyacaq, eyni zamanda, melioriativ tədbirlərin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən yeni lay rol oynayacaq.
Nurəddin Muğanlı