Aritmiya – Şahnaz Şahin yazır…

Şahnaz ŞAHİN

Təbabətdə sözün önündə gələn “A” hərfi inkar bildirir, yəni uzun-uzadı sözə ehtiyac olmur, bircə hərfi atırsan sözün qabağına, bununla da məsələ bitir. Bu şəkildə ifadə olunan çoxlu sayda tibbi terminlər mövcuddur, məsələn: Anoreksiya, Aqoniya, Atoniya və Aritmiya, Atipik və s.

Bu gün Aritmiyadan danışacam, hansı ki, tibdə olduğu qədər elə həyatın digər sahələrində də rastlayır, ziyanını çəkir, ondan dolayı problemlər yaşayırıq…

Sözün kökü, isim formasında olan “ritm”dir, hallananda olur “ritmik”, sifətə çevrilir və “necə” sualına cavab verir. Ritmik, yəni hər şeyin öz axarında olması, məcrasında getməsi, insanın da rahatlıq, əmin-amanlıq, hüzur içərisində yaşamasının ifadəsi… Nə qədər gözəldir, elə deyilmi?!

İnsanın bütün daxili orqanlarının öz fərdi və ümumi funksiyaları vardır, hər hansı birinin işi zəifləyərsə, bu, digər orqanların işinə də mənfi təsirini mütləq göstərəcək! Daxili orqanlardan eləsi cüt, eləsi isə təkdir, tək olanın işi də, özü də xüsusi diqqətə layiqdir, çünki cüt oqranlarda hər hansı xəstəlik yaranarsa, biri bu səbəbdən işini dayandırarsa belə, digəri onun da vəzifəsini öz üzərinə ala bilər, əlbəttə, müəyyən vaxta qədər. Amma tək olan orqanlarla məsələ olum-ölüm səviyyəsinə çatır. Götürək elə ürəyi.

Əvvəllər çoxları kimi mənə də elə gəlirdi ki, ürək dincəlmir, amma Tibb Universitetinin üçüncü kursunda öyrənib bildim ki, ürək də dincəlir, amma bunu insan hiss etmir. Kardioloq-həkim olan müəllimimiz fonendaskopu inadla gah öz qulağına, gah da biz tələbələrin qulağına qoyaraq ürəyin ritmik və aritmik döyüntülərini, sağlam və xəstə halda vurğuların fərqini praktik olaraq göstərirdi. Eyni zamanda, izah edirdi ki, ürək hər iki vurğudan bir pauza verir, amma bu, hiss edilmir, çünki ürəyin dayanması ölüm deməkdir!

Ürək ritminin pozulması, yəni aritmiya həmişə olmasa da, bəzən ürəyin ciddi problemlərindən xəbər verir. Yəni nəyə görəsə ürək normal vəziyyətindən çıxıb, həyəcan təbili çalır, çırpınır, narahatdır, bəzən anlarla çəkən bu pozuntu orqanizmdə oksigen aclığı yaradır deyə adam həyəcanlanır, nəfəsi təngiyir və bu hal ritm qaydaya düşəndən sonra da xeyli davam edir. O anda bir çoxları “az qala ölmüşdüm!” sözlərilə olanları izah etməyə çalışır.

Qoymadın ilahi ömrü yaşaya,
Boğdun bircə qaşıq qanda ürəyi.
Göylərin üzünə çəkdiyim ahdı,
Çəkərsən üzümə sonda ürəyi. 

… İnsan da təbiətin, ümumiyyətlə isə bütöv kainatın ayrılmaz bir hissəsidir və Göylərdən müsbət, Yerdən isə mənfi enerji dalğalarını özünə çəkir (Bu barədə daha geniş danışmaq olar, amma bu söhbətin mövzusundan uzaq düşərik deyə başqa vaxta saxlayıram). Bəli, ona görə də təbiətdə baş verən bütün proseslər eynən orqanizmdə təkrar olunur. Məsələn, havanın temperaturu bütün hallarda bədən hərarətinə uyğundursa, insan hərtərəfli rahat olur. Bir çox xəstəliklərə isə elə fəsillərarası hava hərarətinin kəskin dəyişməsi səbəb olur, bu arada qlobal istiləşmə ana təbiətin baş bəlasıdır…

İnsan və təbiət sıx qarşılıqlı münasibətdə olduğundandır ki, aritmiya elə təbiətin də problemidir. İnsanlar və millətlərarası münasibətlərin pozulması, törədilən müharibələr, epidemiyalar, qlobal fəlakətlərə səbəb olan geniş meşə yanğınları, sunamilər, min illərlə əriməyən buzlaqların əriməsi, aclıq, minlərlə günahsız insanların əzab-əziyyət çəkməsi, irqi və dini ayrı-seçkilik, ölümlər və s. bütövlükdə yaşadığımız dünyanın həyat ritminin pozulmasına rəvac verir. Bu da dünyanın, bəşərin aritmiyası deməkdir və çox təəssüf ki, burda da insan faktoru vardır, onun yaşadığı aləmə, bütünlükdə elə kainata qarşı biganəliyi, anlaşmaması, onunla hesablaşmaması və s. dayanır.

Hər yerdə, hər şeydə ritm, harmoniya, ahəng olması vacibdir, eləcə də musiqidə, musiqi duyumu deyilən bir ifadə var, bu sənətə gəlmək istəyənlər keçir bu “test”dən. Böyük bir ansambl və ya orkestrdə onlarla ifaçı müxtəlif musiqi alətlərində eyni zamanda bir əsəri çalır, bircəciyi ritmdən çıxsa, vəssalam!

Və gəlib çıxırıq sona, insan nə etməlidir ki, dünyanın ritmi pozulmasın!? Siz “niyə insan?” deyə soruşa bilərsiniz. Ona görə ki, yeganə ali şüura malik olan və buna baxmayaraq, Kainatın və eləcə Allahın qoyduğu qanunları pozan da odur, başqa canlılar o qanunları oxumadan, bilmədən, İlahi instinktlə ona əməl edir. Rus yazıçısı Fyodr Dostoyevskinin “Dünyanı gözəllik xilas edəcək!” sözləri yaşadığımız dövrdə tənqidlərə tuş gəlib. Kimsə etiraz edərək dünyanın xilasını mərhəmətdə, kimsə sevgidə, məhəbbətdə, digəri səmimiyyətdə, başqa biri də yaxşılıqda görür. Amma bütün bu sadalanan keyfiyyətlər və bunun başqa sinonimləri cəm halında elə gözəllik demək deyilmi!? Elə Dostoyevski də bunu bircə kəlmə ilə ifadə edib də… Bəli, bütün yaxşı hisslər toplusu dünyanın ritmik halı, pislik, nifrət, paxıllıq, həsəd və s. isə onun aritmik halıdır…

… Dünya ritmlə dəyişir,
Dünya xeyir-şər yarışı.
Yenə yerdə Yer qarışır,
Göylərdə sahman pozulur! 

Bəs çıxış yolu hadadır? Dünyanın və elə bütün bəşəriyyətin xilası kimdən, nədən asılıdır?!.

Yenə, yenə, yenə də gözəllikdən! Təsəvvür etsək ki, dünya sanki nəhəng bir ansambldır və burda bütün insanlar hərəsi bir alətdə ifa edir, onda ritmdən çıxmağın hansı faciələrə gətirib çıxara biləcəyini təsəvvür etmək çətin deyil. Ən əsası unutmayaq, unutmayaq ki, dünyanın “dirijoru” təkdir, bənzəri və şəriki  yoxdur, hər şeyi görən və eşidəndir, qərar verməkdə isə azaddır, dünyanı heç vaxt başlı-başına buraxmaz!

… Dünya ümumi evimizdir, biz isə qonaq. Kim öz yaşadığı şəxsi evinə xor baxar, dağıdar, zibilləyər!? Kim qonağın onun evində özbaşınalıq etməsinə dözər? Əlbəttə heç kim. Ən yaxşı halda qonağa qapını göstərər, elə deyilmi?! Bəs onda niyə Dünyada özümüzü qonaq kimi aparmırıq, hə?!

Dünya vurub içindən bayıra tullamamış, insan özü ona olan yırtıcı münasibətini dəyişməlidir. Özünü yenidən yaratmalıdır, pislikdən, yamanlıqdan, paxıllıqdan, mənəmlikdən əl götürməlidir, qarışqasından insanına qədər hər şeyi sevməlidir. Belə deyirlər ki, bir dəfə Hz.Əli bilmədən bir qarışqanı əzir, sonra nə qədər çalışırsa, qarışqa düzəlmir, bunu görüb halı pəjmürdə olan Hz.Əli gecə yuxusunda Hz.Məhəmmədi  görür, sevgili peyğəmbərimiz bildirir ki, həmin qarışqaya görə neçə gündür göylər matəm içindədir… Məncə, daha sözə ehtiyac yoxdur, bircə onu düşünək ki, yer üzündəki bu haqsızlıqlar, tökülən qanlar, insanların ən kiçik dairədə belə bir-birinə göstərdiyi xoş olmayan münasibətləri, etdiyi pislikləri göylərdə necə əks-səda verir!

… Edam kötüyünə çəkin pisliyi,
Asın xəyanəti dar ağacından.
Qoy həsəd, paxıllıq baxıb utansın,
Göylərin qatından, yerin altından…

… Təzə gün başlasın təzə həvəslə,
Dünyanın əşrəfi seçilən insan.
Bir əli Günəşdə, bir əli Ayda,
Başı göy üzünə ucalan insan!..

(525-ci qəzet)

Share: