Qarpız falı
1-ci şəkil
Qonşumuz Mürsəl kişi günün birində arvadına zarafatca demişdi ki “Arvad, evlənsəm nə edərsən, zəhlən gedər məndən?”
Arvadı Pakizə də uzun, qara saçlarını üzündən ədayla yana atıb –“Yox ay kişi, səni özüm evləndirəcəm – demişdi “
2-ci şəkil
Çox gülmüşdülər həmin gün .Uşaqlar da pıqqıldaşmışdı.Mürsəlin evində o gün bir şənlik havası var idi.Yalnız bu şənlikdən nə uşaqlarının, nə də yazıq arvadının xəbəri yox idi.İri bir qarpızı şoferi Əşrəfin qoltuğuna verib göndərmişdi evə.Mürsəlin balaca oğlu “bilmirəm, dədəm qarpız alanda mən niyə belə sevinirəm” demişdi.Mürsəlin balaca oğlu atasının aldığı qarpızla belə qürurlanırdı.
Keçmişə getsək Mürsəli orda çox xoşbəxt görəcəkdik.
Yeni nişanlanmışdılar,sevgilisini saatlarla gözləməkdən yorulmaz ,onu sevindirmək üçün dünyaları verərdi.Gözəl gülürdü Pakizə.İnci kimi dişləri var idi.Qara, uzun saçları Mürsəlin ürəyinə işıq seli kimi yayılırdı ,sevgini bu qədər hiss etdiyindən deyiklisi Sərvinazı belə unutmuşdu.Halbuki onun da pəncərəsinin altında az ağlamamışdı Mürsəl.
Mürsəlin yeni sevgisi onun indiki halına bir dərman idi.Sərvinaz özünü naza çəkincə, Mürsəl vurdu çayı keçdi .Mürsəl nişanlandığı gündən Sərvinaz gecə -gündüz ağladı .Ağladıqca Pakizəyə olan sevginin dibi bərkidi.Sərvinazın gözünün yaşından qollu- budaqlı bir sevgi böyüdü.Əsas Mürsəlin bu dəqiqə, bu an xoşbəxt olmağı idi .Sərvinaz yas bağladı, Mürsəllə Pakizə daha da möhkəm bağlanıb bir-birinə bənd oldular .Sərvinaz toya gəlmədi, toy gecəsi qıvrim saçlarını kəsdi ,üzünə köz basdı ,gözləri görməyənə qədər bağırıb ağladı.
Mürsəl yaraşıqlı deyildi .Elə toy günü də Pakizə ondan gözəl idi .Yalnız xoşbəxt idi Pakizə ,adı kimi pak sevgisini götürüb evlərə gəlin köçürdü .Mürsəl onu olmayan sevgisinə çox inandırmışdı.Bir, iki göz yaşı, səni illərdi gözləmişəm deyişində isə Pakizənin ürəyinə qol atmış sarmaşıq bütün ruhunu bürümüşdü .Mürsəl bunu bacarırdı.Pakizə gedəndə onun ardınca uzun uzadı baxardı.Onların arasında yaranan sevgi bağı çox möhkəm idi …hələm hələm qırılmaz . Pakizə belə deyirdi.
…
3-cü şəkil
Vay, qapız yerə düşüb partladı. Pakizə ayağa qalxıb deyinə- deyinə yerdən qapızı yığdı.Birdən gözləri onu donuq baxışla izləyən Mürsələ toxundu .Mürsəl Pakizəyə sevgisiz baxırdı. Arvadın əli ayağına dolaşdı .Az qaldı yerə yıxıla…
On beş ildir evli idilər.Uç uşağı var idi Mürsəlin .Üçü də sevgidən doğulmuşdu.Birinin adı Sərvinaz idi .Mürsəl indi də bilmir niyə qoydu bu adı.Pakizə özü qoymuşdu bu adı qızına .
Kimsə Sərvinaz öləndən sonra Mürsələ sevgisindən danışmışdı ona .Pakizə çox ağlamışdı Sərvinaz üçün…Ürəyində özünü qınamışdı.Sonra Mürsəl ona həqiqı sevgiylə ,xəyal sevgisi haqqında uzun uzadı öz kişi yalanlarından uydurub danışdı.
Pakizə sonra çox düşündü. həqiqi sevgi əsl sevgidi, yoxsa xəyali. Mürsəl dedi ki Pakizə sənsən ki sən. Səni gördüyüm an anladım ki Sərvinazı heç sevməmişəm.Pakizə də ağlamağını kəsib Mürsələ sığınmışdı.Sonra uzun uzadı sevişmişdi Mürsəllə.
Pakizə Gözəl qadın idi.Onun üçün sevilmək ömrünün tən ortasında alovlanan od idi.Bütün qadınlar sevilir,bütün qadınıar bunu istər, orası elədir .Pakizə uzun müddət sevilib sevilmədiyini sonalayardı,Pakizə sevgiylə nəfəs alırdı.Bu Mürsəli olduğundan da çox qürurlu edərdi .Mürsəl sevildiyini bilirdi .Onun üçün onun qorxusu yox idi, ta o günə qədər ki .
4-cü şəkil
Hə qarpızı da yeyə bilmədik, deyə zarafat etdi .Ata, səni telefona çağırırlar deyib Sərvinaz telefonu atasına verdi. Qarpız qırılsa da o gün uşaqlar falı atdı .Hamısı tərs düşdü .
Mürsəl altı ay idi ki evi tərk etmişdi .Pakizə xəstəlik yatağından qalxa bilmirdi.Yeyib içmir,günü gündən saralırdı.Mürsəl qonşu binada yaşayırdı.Pakizə ona ha yalvardı,ha ağladı,xeyri olmadı.Hərdən Mürsəl qoşulub arvadına ağlardı.Yalnız yenə də gedərdi.Pakizə hər axşam onu başqa qadınla evinə gedən görürdü ,onlar sevinə -sevinə hardansa gəlirdilər .Pakizə heç o qadını üzdən görmədi.O gündən bir kəlmə danışmadı.Hərdən gecələr hamı yatandan sonra yalquzaq kimi ulayırdı.Bir il yaşadı Pakizə.Öldüyündən sonra Mürsəl çox yalvardı uşaqlara. Uşaqlar onun evinə getmədlər.
Pakizə öləndə Sərvinazın üzü gözlərinin önündən getmədi.Sərvinaza yalvarıb ondan imdad diləyirdi Pakizə.Bu dünyanın min bir dərdi var idi .İki qadın da bir nakəsin sevgisindən ölmüşdü bu dünyada.Pakizə öləndə sevinirdi.Yazıq qadın ana olmağı unutmuşdu.Qadın olmağı unutmuşdu.Pakizə yuxuda öldü.O gecə yuxuda Mürsəl ona sevgi sözləri deyirdi.Səni heç zaman tək qoymayacam deyirdi.Pakizə də inanırdı.Hətta ölüm belə onu kiminlə aldatdığını yaxşı bilirdi.
Son şəkil.
Mürsəl kim idi…Yaşamaq istəyən kişi.Rahat yaşamaq da həmişə qurbanlardan keçir.Mürsəl çox yaşadı,lap çox.Həmişə özü ilə tək qalanda düşündü ki axı o nədən həyatında bir qadını belə sevə bilmədi…Sevgi görəsən nə idi ki Mürsəl onu ömür uzunu axtardı..Mürsəl öldü, ya qurdla qiyamətə qaldı, bax onu heç bilmədim .Mənim bu hekayəm Pakizənin son baxdığı baxışı kimi idi.Onun həyatının mərkəzində qaladığı ocaq kimi idi .Donuq,sevgisiz,yazdıqca əllərimi yandıran,sevgidən qorxudan…
Aysel Fikrət
Müstəqil.Az