Faiq BALAABƏYLİ
(Azadə xanım Talehin Taleh balasına ağı)
Görəsən bütün yaralar qaysaq bağlayır?
Görəsən bütün göz yaşlarının sifətdə saldıqları cığırların izi qalır?
Görəsən bütün analar balalalrı öləndə sağ qalaraq ölür?
Görəsən bütün alın yazıları doğrudur?
Görəsən Azadə xanım son illərin ayrılıqlarını, itkilərini – oğlunun, ondan bir il qabaq həyat yoldaşının xəyyallarına köçəcəklərini hiss etmişdimi, görmüşdümi, alın yazısını ona kimsə oxumuşdumu, diqtə etmişdimi ki, illər öncə övladına Taleh adını qoymuş, soyadına bu adı əlavə etmişdi?…
Mən bu qadını, şairi, jurnalisti, həkimi, ananı çox istəyirəm. Hörmətini saxlayıram, ictimai həyatdakı fəaallığına, tükənmək bilməyən enerjisinə heyranlıqla baxmışam, baxıramş. Bizim tərəflərin dediyi kimi, ağır-səngər olmasından, ətrafının hörməti ilə bu qədər əhatələnməsindən bəxtəvərlik hiss etmişəm…
İndi ağrısına ağrıyıram, talesizliyinə, yaraşıqlı, geniş alnına qara yazılan alın yazısına, bu yazını yazana acığım tutur, asi olmağım gəlir…
Üzümü nəhayətsiz göy üzünə tuturam: niyə axı? Sənki bilirsən, böyüksən, Yaradansan, kədərdən, qəmdən sonra gələn sevincin tamını dadmaq, o sevinci yaşamaq nə deməkdir, necə yaşamaqdır. Axı niyə sən bəzən insanlara sevinc verib, sonra kədəri damızdırırsan onun həyatına? Azadə xanımın həyatında olduğu kimi; dünyaya gəlişi ilə doğmalarına sevinc, özünə bəxş etdiyin gözəlliklə, istedadla, savadla dünyada gözəlliklərin yaxşılıqların bir yerə cəm olmasını, həkim olmaq, şair olmaq, ailə həyatı, ana olmaq… İlahi, bütün bu sevincləri bir yerdə bir nəfərə verməkdə nə qədər sən Alisən, böyüksən, təkrarsızsan… Və sən demə bu boylu buxunlu gözəl-göyçək xanıma heç kəsin sezmədiyi, görmədiyi, duymadığı bir qəmin acılığını da dadızdırırmışsan. Sənə hər gün əl qaldırıb dua etməsinə, üzünü qibləyə tutub səcdə getməsinə, üzü Kəbəyə yol tutub getməsinə, işinin, ruhunun təmizliyi ilə, zərif, gözəl barmaqları ilə əyilib yerdən daş götürüb şeytanı daşlamasına rəğmən onun həyatına ağrılar, acılar da dadızdırıbsan. İllər boyu həyatının söykənc, güvənc yeri bildiklərinə güvənc olmasına, güc tapmasına təpəri də sən vermisən, elə İlahi. Həyat yoldaşına, ciyərparası olan Talehinə arxa olmasına, onların həyatlarının sağlam olmayan tərəflərinin altına ürəyinin, çiyinlərinin gücünü verməkdə ona təpər vermisən… Təpər vermisən ki başqalarına nümunə olsun… Onu çox istəyirəm, onun ağrılarına acıyıram, o insanın ağrılarını duya biləcək xanəmdər, İlahi, onu qoru, onu ona verdiklərin dərdlərinə rəğmən yaşat ki, bu boyda dərd yiyəsiz, acısını çəkənsiz olmasın……Təxminən 15 ilin söhbətidir. “Yeni xəbər” qəzetinin baş redaktoru idim. Nəşriyyatın 6-cı qatındakı otaqda özümü pis hiss elədim. Ürəyim sancdı, qəzetin əməkdaşları təcili yardım çağırdılar, həkimlər gələnə qədər qonşu otaqlardan hansındansa xəbər tutub O, Azadə xanım Borçalı gəlmişdi. Halsızlığımdan yana iş yoldaşlarıma məsləhətlərini veribmiş, həkimlər gələnə qədər həkimim olubmuş, demə. Bax onda Azadə xanımın həkimlərlə “kolleqa” deyə etdiyi söhbətin şahidi oldum məhz onda bu gözəl xanımın, jurnalist xanımın həm də həkim olduğunu bildim. Mənə qayğı göstərdi…
Ürəyimdə yenə də sızıltı var, indi qayğıya ehtiyacı olan Azadə xanımın dənizdə olduğumdan əziz balası Talehin dünyasını dəyişməsi ilə əlaqədar ona başa çəkə bilməmişəm. Ürəyimə yük etmişəm, ürəyim yenə də ağrıyır və o ağrıya haqq qazandırıram: ağrı ürəyim, – deyirəmş
Tanrı səninlə olsun, Tanrımız sənə səbr versin, Tanrə əziz balanın dərdini əbədi uyuduğu, cənnət məkan olmuş qəbrini yiyəsiz qoymasın, azadə xanım, sənə ömür versin ki, ala gözlərindən yanağı boyu axıtdığə yaşla oğlunu bu dümyada anasız qoymayan bir ana yaşasın…
İlahi, sənə sual verdim axı,
Görəsən bütün yaralar qaysaq bağlayır?
Görəsən bütün göz yaşlarının sifətdə saldıqları cığırların izi qalır?
Görəsən bütün analar diri qalaraq ölür?…