Mətbuat Şurası baş redaktorun iddialarına cavab verdi

“Azərbaycan Mətbuat Şurası “Aznews.az” analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlının Şura ilə bağlı özünün facebook sosial şəbəkəsindəki hesabında paylaşdığı status və həmin statusun internet üzərindən yayımlanan bəzi kütləvi informasiya vasitələrində yayımlanması faktını nəzərdən keçirib. Jurnalist zənn edə bilər ki, onun MŞ-yə 2 avqust 2020-ci il tarixdə ünvanladığı müraciətə həssas yanaşılmayıb. Əslində isə belə deyil”.  

Müstəqil.Az xəbər verir ki, bu barədə Mətbuat Şurasının baş redaktorun müraciətinə cavab olaraq yaydığı məlumatda qeyd olunub.

“T.Şahsuvarlı müraciətində rəhbərlik etdiyi portalda 17 senytabr 2019-cu il tarixdə “Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında” – DTX-nı hərəkətə keçirəcək şok fotolar” sərlövhəli yazının yer aldığını diqqətə çatdırıb, buna görə materialda adı çəkilən tənqid obyektinin ona qarşı Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırdığını vurğulayaraq Şuradan məsələyə rəy verməyi tələb edib.

Azərbaycanda xeyli sayda jurnalist təşkilatı var. Onların əksəriyyəti sırf jurnalist hüquqlarının qorunması ilə məşğul olmağı öz üzərinə öhdəlik kimi götürüb. Bununla belə mövcud istiqamətdə ardıcıl iş aparan, media müstəvisində yaranmış problemlərə, o cümlədən jurnalist hüquqları ilə bağlı məsələlərə reaksiya verən yeganə jurnalist təşkilatı faktiki olaraq Azərbaycan Mətbuat Şurasıdır. Şura bunu Nizamnamə tələblərindən irəli gələn vəzifə kimi həyata keçirib. Nəzərə alıb ki, jurnalistlərin formalaşdırdıqları özünütənzimləmə qurumu olduğundan, MŞ daha aktiv fəaliyyət göstərməlidir.

MŞ-nin Nizamnaməsində göstərilib ki, Şura media ilə bağlı məsələlələrin məhkəməyə qədərki həlli ilə məşğuldur. Eyni zamanda MŞ-nin başlıca missiyası məhz media orqanlarında gedən materiallarla əlaqədar şikayətlərin araşdırılmasından ibarətdir. T.Şahsuvarlı isə yazdığı məqaləyə görə məhkəməyə verildiyini diqqətə çatdırır. Yəni indiki halda jurnalist barədə onun şərəf və ləyaqətini aşağılayacaq, işgüzar nüfuzuna xələl gətirə biləcək material qələmə alınmayıb. Jurnalist peşə borcunun yerinə yetirməsinə maneə törədilməsindən də şikayətçi deyil. Bu isə o deməkdir ki, Şuranın məsələ ilə bağlı rəy vermək hüququ yoxdur.

Digər tərəfdən, nəzərə alınmalıdır ki, hər bir şəxs məhkəməyə istənilən şəxslə, həm də jurnalistlə bağlı müraciət etmək hüququna malikdir. Azərbaycan qanunvericiliyi bu hüququ tanıyır. Mətbuat Şurası da ictimai, yaxud vəzifəli şəxsin jurnalistlə əlaqədar məhkəməyə müraciət hüququnu mübahisələndirmək səlahiyyətində deyil. İndiki durumda məsələnin söz və ifadə azadlığı, jurnalist hüquqlarının məhdudlaşdırılması, pozulması kontekstində dəyərləndirilməsi mümkünsüzdür. Əsas götürülməlidir ki, məhkəmə müstəvisinə daşınmış məsələyə dair fikir ifadə etmək həm də məhkəməyə təsir kimi qiymətləndirilmə ehtimalını doğurur. Bu isə demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu prosesinin prinsipləri baxımından yolverilməzdir.

Eyni zamanda onu da bildiririk ki, MŞ-nin gördüyü tədbirlər – müvafiq dövlət qurumları ilə əməkdaşlığı, apardığı fərdi söhbətlər nəticəsində onlarla jurnalist həbs təhlükəsindən qurtulub. Bu fəaliyyət həyata keçirilərkən jurnalistin yazdığı yazıya görə həbsə düşməməsi prinsipinin əsas götürüldüyü hallar da var. Belə yanaşma MŞ-nin diffamasiya təşəbbüslərindən irəli gələn reallıqdır. Şura hər zaman çalışıb ki, diffamasiya dekriminallaşsın, yəni cinayət müstəvisindən mülki müstəviyə daşınsın, mövcud istiqamətdə qanuvericilik bazası yaradılsın.

MŞ hesab edib və bu gün də belə qənaətdədir ki, jurnalistin yazdığı yazıya görə həbsi perspektivi alternativ cəza tədbiri ilə əvəzlənməlidir. Bu, bəzi şəxslərin üzləşdiyi duruma, bəzilərinin qəbul etdikləri qərarlara nəzərən formalaşmış qənaət deyil, söz və ifadə azadlığının dərinləşməsinə münasibətdə seçilmiş prinsipial yoldur. Və bu yanaşmanın mövcudluğu heç də elə başa düşülməməlidir ki, Şura indiki halda T.Şahsuvarlıya qarşı qaldırılmış iddiaya qiymət verir. İddianın nə dərəcədə əsaslı olduğunu məhkəmə müəyyənləşdirəcək.

Mətbuat Şurası əmindir ki, məhkəmə məsələyə qanunlarımız çərçivəsində baxacaq, işin bütün xüsusiyyətlərini nəzərə alaraq ədalətli qərar çıxaracaqdır.

Şura prosesi diqqətdə saxlayacaqdır”, – deyə məlumatda bildirilib.

Müstəqil.Az

mənbə “Yeni sabah.az”

Share: