Müstəqil.Az saytı və Dənizçilərə Sosial Dəstək İctimai Birliyi birlikdə dənizçilərimizin həyatından, onların peşə fəaliyyətindən, macəra dolu dənizçi həyatlarından, dənizçilərimizin və onların ailə üzvlərinin – övladlarının istedadlarını üzə çıxara layihələrə start verib. Artıq oxucularımız və dənizçilərimiz fərəfindən rəğbətlə qaşılanan layihələrə davam deyirik. Bu dəfə “Dənizçi qəhrəmanlar” layihəmizdə təcrübəli kapitan Hidayət Atakişiyevin “Mili irs” -ə 1990-cı ilin 20 yanvar hadisələri ilə bağlı verdiyi müsahibəni təqdim edirik
Hər il 20 Yanvar faciəsi anıldıqca dəniz fədailərinin həmin hadisələr zamanı göstərdikləri qəhrəmanlıqlar, fədakarlıq, mərdlikləri daim xatırlanacaqdır. Belə mərd fədakar dənizçilərimizdən biri də, həmin hadisələr zamanı “Alatau” dənizində kapitan vəzifəsində çalışın 20 Yanvar faciəsinin canlı şahidi Hidayət Atakişiyev olmuşdur. Biz “Milli irs” olaraq Hidayət Atakişiyevlə görüşüb həmin hadisələr haqqında təəssüratlarını onunla bölüşdük. Hidayət müəllim hadisələri yadına saldıqca çox qəhərlənir, ağlayırdı. Ona görə də qəlbimizdən keçən bir çox sualları ona ünvanlaya bilmədik. Lakin Hidayət müəllimlə görüşümüzdə bir daha əmin olduq ki, xalq nə qədər mübariz xalqdır və bu xalq bütün mübarizələrdən qalib çıxacaqdır. Maraqlı həmsöhbətlə bizi görüşdürdüyü üçün hazırda Azərbaycandan kənarda fəaliyyət göstərən, eloğlumuz, dəyərli ziyalı, hadisələr zamanı Hidayət Atakişiyev ilə birgə çalışmız kapitan Nazim Həbibova redaksiyamız adından dərin minnatdarlığımızı bildiririk.
Hər bir millətin azadlıq, müstəqillik yolu qanlı mübarizələrdən keçir. O xalq bu müqəddəs amalına nail olur ki, bu yolu aydın məqsəd və inamla davam etdirir. Bu yolda qurban gedən vətən övladları isə ən yüksək ehtiramla yad edilir, daim anılırlar. Müstəqillik yolunda fədakarlıq göstərən qeyrətli oğullarımızın adları tariximizin səhifəsinə qızıl hərflərlə yazılıb. Bu gün milli azadlığımızın təməl daşı olan 20 Yanvar hadisəsinin bilavasitə iştirakçısı olan vətənpərvər oğullarımızdan biri də Hidayət Mirzəheybət oğlu Atakişiyevdir. Dəyərli oxucularımıza onun 20 Yanvar faciəsi ilə bağlı xatirəsini təqdim edirik.
20 yanvar hadisəsi – xalqımızın qan yaddaşıdır. Bu hadisələrdə iştirak edən hər bir insan sözün əsl mənasında vətənpərvər və qəhrəmandır.
Mən həmin dövrdə Xəzər Dəniz Gəmiçiliyi İdarəsində çalışırdım. “Alatau” gəmisinin kapitanı idim. O zaman bizim neft kəşfiyyatçılarımız Qazaxıstanın Şevçenko şəhərində işləyirdilər. Onlara ərzaq məhsulları aparırdıq. 60 nəfərə yaxın işçi var idi. Yanvarın 19-da Bakıya çatdıq. Az sonra xəbər tutduq ki, şəhərə sovet qoşunları hücum edib, dinc sakinləri qətlə yetiriblər. Bir neçə gəmi kapitanı ilə məsləhətləşib şəhər komendantlığının qarşısında tələblər qoymağı qərara aldıq. Bu məqsədlə Dəniz vağzalına gəldik. Burada gəmi kapitanları ilə qərara aldıq ki, idarəetmə mərkəzimiz “Sabit Orucov” gəmisi olsun. Çünki, bu gəmi dünya standartlarına cavab verən avadanlıq və cihazlarla təmin edilmişdi. Biz burada yığışıb sovet ordusunun Bakıda törətdiyi qırğın barədə Qara dənizdə olan gəmi kapitanlarına məlumat çatdırdıq. Oradan, bir gəmidən bizə cavab gəldi. Azərbaycan gəmisi idi. Müxtəlif millətlərdən olan bizim dənizçi həmkarlarımız bizimlə həmrəy olduqlarını bildirdilər. Onların bizi müdafiə etmələrinıə çox sevindik. Həmin gün Xəzərdə olan bütün gəmilər etiraz əlaməti olaraq işi dayandırmışdılar. Bakıda komendant saatı tətbiq edilmiş, V.Dubinyak komendant təyin olunmuşdu. V.Dubinyak bizə müraciət etdi: “Sizin tələbiniz nədir?” Biz dedik ki, sovet ordusu dərhal şəhəri tərk etməlidir. Yoxsa biz heç bir iş görməyəcəyik.
Dənizdə xeyli neft buruqları var idi. Burada fəlakət baş verə bilərdi. Gəmilərlə əlaqəli olan neft qurğuları fəaliyyət göstərirdi. Bizə dedilər ki, buxtanı boşaldın. Yoxsa sizə atəş açacağıq. O vaxt Nazim müəllim də (Nazim Həbibov o vaxtkı “MPK-4″ün kapitanı idi – Q.M.) bizimlə işləyirdi, kapitan yoldaşı olmuşuq. Xəzərdə o zaman 200-ə yaxın gəmi var idi. Həmin gəmilərin mərkəzi idarəetmə yeri artıq qeyd etdiyim kimi “Sabit Orucov” gəmisi idi. Mövlud Murad oğlu Əliyev həmin hadisələr zamanı “Sabit Orucov” gəmisinin kapitanı idi. Mövlud təcrübəli bir dənizçi idi. Mərhum Cəbrayıl və Tofiq adlı gəmi kapitanları da çox vətənpərvər insanlar idi.
Sovet əsgərləri bizim inadımızı görüb, gəmilərimizə atəş açmağa başladılar. “Neftqaz – 6” gəmisində 600-ə yaxın güllə deşiyi açılmışdır. “Vodoley – 4” gəmisinə qumbara atdılar. Gəmidə hardasa 1 metrdən artıq deşik açılmışdı. Biz limana gəldik. “Bakı-5” gəmisini hərbçilər gətirib limana qoydular. Dedilər ki, kim işə çıxmaq istəyirsə, ona işləməyə icazə veriləcək. Gəmidə silah yoxdursa, işə çıxacaqsınız. Əlbəttə, bu, rusların bizə qurduğu bir tələ idi. Həmin gün bizim gəmilərə nəzarət edən Hüseyn müəllim mənə zəng etdi ki: “Hidayət, Qazaxıstanda 60 nəfər ailə qalıb, get onları gətir. Sənin təklükəsizliyini təmin edirəm.”
Ora getmək ən azı 18 saat vaxt aparacaqdı. Elə bu zaman bizim radiooperator mənə dedi ki, komandir, buradan çıx get, gəmi qalsın, səni tutacaqlar. Mənə Hüseyn müəllim dedi ki, arxayın ol, sizi tutmayacaqlar. Bu vaxt bütün gəmilər qara bayraq qaldırdılar. Mənim gəmimdə qara bayraq yox idi. Mən ondan qabaq üç il Yuqoslaviyada işləmişdim. Oradan qara köynəklər almışdım. Həmin köynəklərdən birini cırdım. Rusun bayrağını endirib, onun yerinə həmin qara köynəyi bağladım. Burada radist mənə xəbər verdi ki, komandir, ruslar gəlirlər, çıx qaç, səni tutacaqlar. Mən onların bizim sənədlərimizi yoxlayacağını güman edib, stolun üstünə qoydum. Qəflətən qapını təpiklə açdılar. İçəriyə əli avtomatlı əsgərlər daxil oldular. Onlardan biri avtomatı sinəmə dayayıb, əllərimi boynumun arxasına qoymağı əmr etdi. Mənim gəmi heyətimin bütün 18 nəfər üzvünü də üzüstə yerə uzanmağa məcbur etdilər. Məni bayraq ucaltdığım yerə aparıb, əlimə sovet bayrağını verib dedilər ki, bu bayrağı qaldır.
Mən cavabında dedim: “Yox, nə etsəniz də qaldırmayacağam. Siz bizim günahsız insanlarımızı qətlə yetirmisiniz. Onlar mənim qardaşlarımdırlar”.
Dedilər ki: “Bu sovet bayrağını asdığın qara bayrağın yerinə qaldırmasan, səni öldürəcəyik”.
Mən cavabında dedim:
-Öldürürsünüz, öldürün. Mən o ölənlərin heç birindən artıq deyiləm. Onlardan biri də mən olum.
Bu tələblərin hər birisindən imtina etdim. Onda onlar məni özləri ilə apardılar. Məni katerli gəmiyə mindirdilər. Bu zaman bütün heyət dedi ki, biz də komandirimizlə gedirik. Mən dedim:
-Siz gəmini nəzarətsiz qoymayın. Onlar məndən bərk yapışıb buraxmırdılar. Az sonra məni donanmaya gətirdilər. Orada bir kapitanımızı gördüm. Dedim ki, Volodya, sən burada nə edirsən? O isə mənə cavab verdi ki, məni də buraya gətiriblər. Buradan bizi hərbi bazaya apardılar. Orada bizi amansızcasına döydülər. Bir nəfər əlində elektrik naqilini tutub bir ucunu harasa birləşdirib bizə dedi ki, sizə işgəncə verəcəyik. Bu vaxt hündürboylu bir əsgər içəri girdi. Boynumdan tutub məni çölə atdı və mənə dedi ki: “Qaç!”
Amma mən qaçmadım, bildim ki, qaçsam, məni arxadan vuracaqlar. Volodyanın isə başını dəmir turba üstünə qoyub amansızcasına, vəhşicəsinə vurdular. Bu, mənə çox pis təsir etdi. Var gücümlə qışqırdım:
-Siz nə edirsiniz! Belə də vəhşilik olar?
Həmin anda mənim başımdan necə vurdularsa, gözlərim heç biri yeri görmədi; huşum başımdan çıxdı. Bizim başımıza qara torba keçirdib bizi döydülər, sonra Səbail rayonunun ərazisindəki bir binanın geniş zalına gətirib burda da döydülər. Bizi o qədər döymüşdülər ki, gözlərimi açanda yaxşı görmürdüm; hər yeri alaqaranlıq görürdüm. Bir gədər özümə gəldikdən sonra burda dənizçilərin olduğunu da gördüm. Təxminən 100-ə yaxın adam var idi. Bizi V.Dubinyakın yanına gətirdilər. Orada bizi döyüb incitdilər. Qışqırtı səsimiz ətrafı bürümüşdü. Bu zaman sən demə, “İnturist” mehmanxanasının rəisi komendant saatına düşmüşdü. Elə ona görə də o da bura gətirilmişdi. Burada erməni millətindən olan bir adam da var idi; o, erməni dilində danışırdı. Onu bir gündən sonra buraxdılar. Bizi – 70 nəfəri dar bir yerə yığdılar. Səhərisi çiynimizə minib qulağımızdan dartaraq, ağzımıza remen bağlayıb, bizi itlərlə şəkil çəkdirməyə məcbur etdilər. Bizi qəsdən alçaldırdılar. Sonra bizi həbsxana maşınlarına doldurub, Qara şəhər ərazisinə gətirdilər. Burada hündürboylu, enlikürək bir oğlan var idi. Həmin azərbaycanlı bu həbsxananın rəisi idi. O, bizə dedi ki, buranın rəisi mənəm; ona görə də nə deyirəmsə, ona əməl etməlisiniz. O, bizdən tələb etdi ki, əllərimizi boynumuzdan götürək. Sonra bizi yemək-içməklə təmin edəcəyinə söz verdi.
Heç on beş dəqiqə çəkmədi ki, həmin azərbaycanlı həbsxana rəisini yox elədilər. Oradan da bizi – 72 nəfəri yenidən maşınlara mindirib Binə həbsxanasına gətirdilər. Burada bir gecə qaldıq. Səhərisi bizi nömrələdilər və qollarımızı arxadan qandallayıb tankdaşıyan hərbi təyyarənin arxasını açıb, ensiz oturacaqlarda otuzdurub apardılar. Az sonra bildik ki, artıq Krasnodar şəhərindəyik. Azərbaycan televiziyasının rejissoru Vasif Babayev də bizimlə idi. Sən demə, onu o zaman çəkilişdən gətirmişdilər. Bir həftə bizi Krasnodarda saxladılar. Bizə olmazın əzab-əziyyəti verirdilər. Bir dəfə mənim üstümə də bərk qışqırdılar, doyunca döydülər, bizə qaxsımış duzlu balıq verdilər və məcburən yeməyimizi tələb etdilər. Sonra bizi (72 nəfər) təzədən maşınlara mindirib Ulyanov şəhərinə gətirdilər. Burada maşından bizi düşürərkən növbə ilə dubinka vasitəsilə döyərək bir-birinə ötürürdülər. Bizi içərisi dizə kimi su ilə dolu olan dar bir otağa salaraq səhərə kimi zülm verdilər.
Hamımız (72 nəfər) ayaq üstdə səhərə kimi dizə kimi suyun içində qaldıq. Bir gün həbsxananın rəisi içəri girib bizə dedi: “Deyəsən, sizi evə buraxacaqlar”.
O, zəng vurub xüsusi komendaturanın rəisi, əsli Göyçay rayonundan olan Fariz müəllimə məlumat verdi ki, həbsxanaya Bakıdan 72 nəfər gətiriblər. Amma Fariz müəllim dedi ki, iki gündən sonra bura gələrsən. Bu müddətdə bizim yatacaqlarımız, geyimlərimizi dəyişdilər. Sonra iki mülki şəxs içəri girib dedi: “Elə bilin ki, siz içəridə, biz çöldə həbsdəyik. Sizə yeməyə şorba verəcəklər, onu yeməyin, atın, çünki içərisinə kimyəvi məhlullar qatıblar. Mən sizə gətirdiyim yeməklərdən yeyərsiniz”.
Biz belə də etdik. Bundan bir ay keçdi. Bir gün dedilər ki, sabah çıxırsınız. Bizi əllidən çox qara, xarici maşınlara mindirdilər. Bizi müşayiət altında bir restorana gətirtdilər. Restorana çatanda gördük ki, qapının ağzına bir qara qoç bağlayıblar. Fariz müəllim dedi ki, bunu Bakıdan gətirmişəm. Nə isə, qoçu kəsdilər. Yaxşı yemək – içmək təşkil etmişdilər. Hamımız ac idik, könlümüzdən doyunca xörək yemək keçirdi. Nəsə fikirləşib, uşaqlara dedim: “Uşaqlar, xahiş edirəm bir dəqiqə əl saxlayasınız; mənim sözüm var. Fariz müəllim, bir aydır ki, siz həbsxanaya bizim üçün yemək göndərirsiniz. Bunun üçün biz sizə minnətdarıq. Amma sizdən bir xahişimiz var ki, bizimlə birlikdə çörək yeyəsiniz”.
Sağ olsun; sözümüzü yerə salmayıb, bizimlə birlikdə nahar etdi. Beləcə, bizim hamımızı həmyerlimiz, göyçaylı Fariz Məcidov Azərbaycana yola saldı…
Mən o günləri hərdən xatırlayanda həm 20 Yanvar şəhidlərimizin faciəsindən kədərlənir, həm də iftixar hissi keçirirəm ki, xalqımız öz azadlığı və müstəqilliyi uğrunda o günlərdə birlik nümayiş etdirib, sovet imperiyasının işğalçılıq siyasətinə qarşı çıxdı. 20 Yanvar millətimizin şərəf tarixidir.
Qənifə Məmmədova,
“Milli irs”in şöbə müdiri
25-02-2017