EYNULLANIN İKİNCİ TOYU -novella

Gözəl məzmunlu və gözlənilməz bir sonluqla bitən bir novelladır. Qalib Şəfahət təəccübləndirməyi bacarır. Yazıçı kimi doğulan şəxsiyyəti həyatda seçdiyi peşədən asılı olmayaraq, yaşayışın alt qatı, insanların iç dünyası həmişə narahat edir. Qalib Şəfahət həkimdir, amma onun qələmi ömrünü yazıçılığa bağlamış çox-çox yaradıcı ziyalılarımızın qələmindən itidir, gördüyünü olduğu kimi təsvir edə bilir.
“Eynullanın ikinci toyu” kiçik həcmli əsərində böyük bir həyat lövhəsi verilib.

Hekayəni oxuyandan sonra istər-istəməz düşünürsən ki, mental Azərbaycan dəyərləri bəzən vaxtını başa vurmuş kimi görünür. Əsərin qəhrəmanı həyatını özü üçün yaşamır, ona bir dəfə verilmiş ömrü övladına həsr edir, özü üçün yaşamaq istəyəndə isə gec olur. Çünki bu yaşamın hədəfləri düzgün seçilməyib, vaxtı ötmüş istək qəhrəmanın gözündə qalır. Demək, vaxtında öz həyatını azca da olsa, özü üçün yaşamalıydı.
Hekayənin gözlənilməz sonluğu oxucunu silkələyir: Əcəba, təsvir olunan həyat hekayəti reallıq idimi? Bəlkə yuxu idi? Bəlkə hansısa bir filmin təəssüratıdır? Bax, buna cavab tapmaq üçün hekayəni başa qədər, mental buxovlardan xilas olmaq məqsədilə çırpınan bir qurbanın taleyinə içdən yanaraq oxumaq lazım gəlir.
Bilirsən, oxucu, bu qəhrəmanın taleyi mənim taleyimdir. Yox, səhv elədim, sənin taleyindir. Yaşın azdır? Allah iraq eləsin, həyat yoldaşın hələ dünyasını dəyişməyib? Hə, onda bu, gələcəyin hekayəsidir, sənin, mənim və hamımızın başına gələn bir hekayə! TƏYİN OLUNAN VAXT BAŞA ÇATANDA bu görüntülər gözlərimizin suyunu yalayacaq! Təəssüf, səndən ötdü, oxucu, bəs başqa hansısa bir oxucudan (oxuculardan) yan ötdümü müəllifin seçdiyi hədəflər?!
Oxuyun,  karantin rejimnin tarıma çəkdiyi ruhunuz  bir azca dincəlsin!


Bilal Alalrlı 
filologiya üzrə fəlsəfə doktoru

Qalib ŞƏFAHƏT

EYNULLANIN İKİNCİ TOYU 
(Novella)

Kişi durub-durub təzədən eşqə düşdüyü zaman, bu “Taclı mələk” deyilən məxluq Eynullanın kefinə lap soğan doğramışdı.

Aradan neçə illər keçmişdi. Eynullanı beyindən-başdan çıxarıb, başa sala bilmişdilər ki, -“Ay Eynulla, qızın da ərə gedib, özünün ailəsi-uşağı var, indi bir təhər özün öz başını girələyirsən, bir azdan sonra əldən-ayaqdan düşəcəksən, sənə kim baxacaq? Qulağı batmış kimi evin altında niyə tək oturmusan?
A bədbəxt oğlu bədbəxt, xəstə adamsan, şəkərin var, Allah eləməmiş, qəflətən şəkərin qalxar, heç bilən də olmaz başına nə iş gəlib. Birini al gətir evin altına qoy, hay deyəndə hayına çatıb, əlindən tuta bilsin”.
Eynulla çox götür-qoy edəndən sonra ağlı kəsib, axır qərara gəldi ki, yox, qohum-qardaş məni istədiyindən deyir. Yoxsa kimin nəyinə gərəkdi Eynulla evləndi, ya evlənmədi?!
Bircə qızı eşidəndə narazı qalmışdı. Atasına deməsə də, başqası ilə çatdırmışdı ki: “Vaxtı ilə atam-anam bir-birini ürəkdən istəyib. Mən o evdə anamın hənirtisini duyuram. İstəmirəm anamdan sonra o evə başqa bir qadının nəfəsi dəysin. Atamdı, düzə atası deyilik ki, əlimizdən gələn köməyi edəcəyik”.
Eynulla qızının dediyini eşidib çox dilxor olmuşdu. Yenə, Eynullanı başa salmışdılar ki, ay Eynulla, qızın dediyinə baxma, neynəyəsən, anasını sən öldürməmisən ki?! Bir qəza idi, başınıza gəlib. İndi qızının ailəsi-uşağı, öz işi-gücü var. Nə vaxta kimi sənin əlindən tuta biləcək? İki ev arasında itib-batar. Qız da bir az nəm-nüm edib, sonra başa düşəcək.
Qızın axırıncı ismarıcı belə olmuşdu:
– Gələn doğma anam deyil ki, yad qadındı, qorxuram, atamla aramıza girib, özü ilə bərabər soyuqluq gətirsin.

***
Eşidən, bilən əli üzündə mat-məəttəl qalmışdı. “Qətibə Eynullanın tayı-tuşu deyil. Bəs nə əcəb Qətibə Eynullaya gəlsin?”
Bir neçə nəfər də deyinərək:
-Əə, bu Eynullaya dedilər, get yaşına, başına uyğun birini tapıb evlən, daha demədilər, özündən 20 yaş kiçik qız al. Hələ orası bir yana, yenə qız ərdən çıxmış olsaydı, canı cəhənnəmə, deyərdin, ərdən çıxmış qızdı, daha cavan-sütül oğlana gedəsi deyil ki, qocadan-qoltaxdan birini tapıb özünə bir gün ağlayacaq. Qətibə subay-sultan bir qız, Eynulla da qartımış kişi, görəsən, Qətibə Eynullanın nəyinə gəlir? Yox, burda nəsə var!
Hərə bir tərəfə yozdu. Biri deyirdi, Eynullanın əlli iki yaşı var, Qətibənin otuz iki, arada iyirmi yaş fərq var. Yəqin, qızın problemləri var, yoxsa, bu yaşa evdə qız qalmazdı. Bir başqası dedi, Eynullanın imkanı yaxşıdı, yəqin, qız ona görə gəlir. eşidən-bilənin biri də dedi, noldu, Eynulla bu neçə ildə evlənmədi, durdu-durdu, əcəl girələyəndə evlənmək yadına düşdü? İnsanın bu yaşda yola gəlməyi adama qəribə gəlir.

***

Arvadı Sənəm dünyasını dəyişəndən sonra yaxınları Eynullaya məsləhət bilib, çox minnət elədilər ki, qağa, artıq olan olub, Allahın qəzasından heç kəs qaça bilməz. Bircə sənin başında görünməyib ki? Özünü toparlayıb bir halal süd əmmiş tap, evinə-eşiyinə sahib çıxsın. Yoxsa, sən tək başına itib batarsan. Qızın çox körpədi, onu da böyütmək lazımdı. Evdə qadın olmasa sənin üçün çətin olar. Bizim də özümüzün öz dərdimiz-sərimiz var, bir dəfə, iki dəfə əlindən tuta bilərik.
Eynulla daş atıb başını tutmuşdu:
-Yox! –demişdi: – İndiyə qədər Sənəmlə baş qoyduğum yastığa başqası ilə baş qoya bilmərəm. Heç biriniz narahat olmayın, uşağı özüm tək böyüdəcəm. Qoymaram, o uşağın boynunda kiminsə minnəti qalsın.
Eynulla ilə Sənəm İnistitutda oxuyarkən bir-birini sevib Leyli-Məcnun olmuşdular. Neçə illər uşaqları olmamışdı, kənardan müdaxilə olmasaydı, heç yadlarına da düşməzdi. Yaxınları demişdi ki, ay Eynulla sonsuz qalarsan, camaat bizə nə deyər? Hərə ağzında bir züy tutar. Adını sonsuz Eynulla çağıracaqlar. Ya onu boşa getsin, boşamırsan, eybi yox, əl altından biri ilə evlən, qoy sənin də bir uşağın olsun. Öləndə sonsuz ölmə.
Eynullaya söz çox təsir etmişdi. Qohumlarını əməlli başlı məzəmmət eləmişdi: -Mən tez-tez yuva dəyişən quşam, nəyəm?! –demişdi.
Evlənəndən yeddi il sonra qızları dünyaya gəlmişdi. Eynulla doğum evində tək qızını çıxarıb gətirmişdi, arvadı ilə bir yerdə övlad sevincinin tamını dada bilməmişdilər.
Arvadı, qızı doğulandan sonra ömrünü ona bağışlamışdı.
Çətinliklə də olsa qızını böyüdüb boya-başa çatdırdı. Qızı böyüdükcə Eynullanın arzuları, istəkləri də böyüdü. Mənəvi imkanları ilə yanaşı, maddi imkanları da xeyli böyümüşdü. Qızı Universiteti bitirib ailə qurmuşdu. Qızını köçürəndən sonra başa düşməyə başladı ki, yaxınları düz deyir, təklikdən, tənhalıqdan bir vaxtlar böyüyən maddi və mənəvi imkanları getdikcə kiçilib gözündən düşürdü. Ona elə gəlirdi, ya gözləri böyüyür, ya da istəkləri kiçilir. Onda nəsə çatışmır. Başa düşdü ki, gözünə su vermək lazımdi. Ona görə də qohumları ilə razılaşdı.

***

Qətibəyə quşu qonandan sonra Eynulanın sir-sifəti yaz günəşindən sonra təbiətin qırışığı açılan kimi açılmışdı. Üz-gözündən sevinc tökülürdü. Əvvələr arada nəm-nüm etsə də, daha qəti fikrə gəlmişdi:
– Düz deyirlərmiş, bunların sözündə həqiqət var. Mütləq evlənmək lazımdı.
Hər Qətibəni görəndə Eynulla sifətdən-sifətə düşür, cilddən-cildə dəyişirdi. Bilmirdi necə rəftar etsin ki, Qətibənin ürəyinə daha tez yol tapa bilsin. Qətibənin hər sözü, söhbəti yağ olub canına yayılırdı.
Qətibə demişdi ki, Eynulla, gərək bizim toyumuz böyük olsun. Xırda məclis qurmağı istəmirəm. Mən kimin qızından əksiyəm? Mənim tay-tuşlarım hamısı toyla evdən çıxıb, gəlin köçüb! Mən niyə el adət-ənənəsi ilə gəlin köçməməliyəm?
Eynulla həmin an razılaşmışdı:
-Baş üstə! –demişdi. –Təki sən məndən belə şeylər istə. Eynulla sənin bu arzularını yerinə yetirməyəcəksə, daha nəyi Eynulla olur?!
Təklikdə öz-özünə çox götür-qoy etmişdi. Axırda yenə Qətibənin sözlərinə haqq qazandırmışdı: “Qətibə düz deyir! Qətibə kimdən əksikdi! Qətibənin arxasında Eynulla kimi bir kişi dayanır! Elə Eynullanın özünü götürək, Eynulla kimdən əksikdi. Eləsi var, iki uşaq anasını evdə qoyub, yenidən özünə əməlli başlı toy çaldırır. Mən niyə çaldırmayım? Hələ üstəlik, arvadım çoxdan rəhmətə gedib. Qızımı da el adəti ilə gəlin köçürmüşəm. Elə mən özüm də subay-sultan oğlan kimi bir şeyəm”.
Eynulla əməlli başlı elçi göndərmişdi. El adəti ilə qızın “hə”si alınmışdı.Toyun vaxtı da müəyyənləşmişdi. Hər şey ölçüb- biçilib, hər şey planla getməli idi. Eynulla ilə Qətibə əvvəl özlərini toparlayıb, işlərini-güclərini sahmana salıb, sonra özlərinə bir toy çaldırmalıydılar, bir toy çaldırmalıydılar ki, dillərdə dastan olmalıydı. Bu “Taclı mələk” deyilən zəhərimar gəlib özünü ortaya pərçimlədi, elə pərçimlədi ki, bütün işlər öz məcrasından çıxıb kəllə-mayallaq oldu.
Qətibə ilə özlərinə təskinlik verdilər: “Eybi yoxdu! -deyirdilər, – Cəhənnəmə olsun taclı mələk də, onun bizim həyətimizə pərçimləyən də!.. Çox qalası deyil ki? Uzaq başı bir aya daşı atılıb çıxıb gedəcək”.
Arxasınca ciddi karantin rejimi lap amanlarını kəsdi: “Görüşmək olmaz, olsa da ara məsafəsi saxlamaq lazımdır. Ağızda masqanın olması mütləq vacibdir!”
Daha sonra karantin bir az da ciddiləşdirildi: “Çölə çıxmaq olmaz. Olsa da, gərək sms-lə icazə alasan. Çölə çıxmaq məqsədini bildirəsən. İki saatdan artıq çöldə gəzmək qəti qadağandır. İcazəsiz çöldə tutuldunsa, inzibati qaydada cəzalanmalısan!”
Eynulla dilxor olsa da, Qətibə ilə ancaq vatsapla əlaqə saxlaya bilirdi. Əvvəlcə “Taclı mələyi” söyüb bulayır, arxasınca da özlərinə təskinlik verirdilər.
Danışıb qurtarandan sonra Eynulla öz-özünə deyinirdi: “Bu nə bəla idi biz düşdük, daha denən get yıxıl öl, yaşama! Ev dustağısan Eynulla, ev dustağı!”
Sonra da özünə təskinlik verməyə çalışırdı: “Eh, ay Eynulla bu sənin bəxtindəndi… Amma neyləməlisən, dözməlisən, gələn bəla elnən gəlib, təkcə sənin başına gəlməyib ki? Atalar deyib, elnən gələn bəla toy-bayramdı.

***

Eynulla halsız vəziyyətdə yatağına uzanıb gözlərini tavana zilləmişdi. Zəng gələndə əlini zorla atıb telefonu götürdü. Dili söz tutar-tutmaz, zarıya-zarıya:
– Ölürəm, ay Qətibə, ölürəm! – kəlməsini birtəhər ağzından çıxara bildi.
Qətibə gördü bu xına, o xınadan deyil, təcili yardıma zəng edib, ünvanı vermişdi. Eynullanı komatoz vəziyyətdə xəstəxanaya yerləşdirdilər. Sərt karantin rejimi olduğundan xəstəxanaya heç kəs gəlib-gedə bilməzdi. Üç gündən sonra ölənlərin siyahısında Eynullanın da adı çıxdı.
Dəfn mərasimi polislər tərəfindən icra olunurdu. Eşidib-bilən qohum-tanış, ancaq onlayn vasitəsi ilə mərhumla vidalaşa bilərdi.
Telefonda Qətibənin hıçqırtısı eşidilirdi. Dəfnə rəhbərlik edən polis zabiti, soyuqqanlı cavab verdi:
–Bilirəm xanım ağırdı, amma neyləmək olar, bizi də başa düşün, bundan sonra hələ bir neçə nəfəri dəfn etməliyik. Xahiş edirəm, bir az yığıncam danışın.
Qətibə telefonda yenə hönkürüb ağladı. Əlində tutduğu “salfetka” ilə göz yaşını silib, iniltili səslə:
– Eyy, ay Eynulla, sən neylədin, indən sonra mən sənsiz nə edəcəm? Niyə məni yarı yolda qoyub getdin, ay Eynulla! Bu gün üçün bizim toyumuz olmalı idi! – deyə bildi.
Özü öz səsindən diksinən kimi oldu, diqqətlə gözünü ekrana zillədi. Ekranda yazılmışdı: “Təyin olunan vaxt başa çatdığına görə görüntü dayandırılmışdır”.

Share: