Kapitan Seydulla Əmirqunayev: Əminliklə deyə bilərəm ki, bizim dənizçilərimiz onlardan üstündülər

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı  AXDG QSC XDND idarəsinin “İ.Hüseynov” gəmisinin kapitanı Seydulla Əmirqunayevdir.

-Səninlə tələbə yoldaşı olmuşuq. Dəniz və dənizçilik fəaliyyətinə eyni zamanda start vermişik, necəsən, səhhətin necədir?

-Cox sağ ol yaxşıyam, sənin də yaxşı olmanı istəyirəm.. Səhhətim də yaxşıdı.

-Mümkünsə özün haqda bir-neçə kəlmə danışardın.

– Sənin qeyd elədiyin kimi tələbə yoldaşı olmuşuq, ondan sonra hərbi xidmət və XDND- da əmək fəaliyyəti. 1986-cı il dekabr ayının 25-i idi kadrlar şöbəsində Baxşiyev Asif ( Allah rəhmət eləsin) məni “AZƏRBAYCAN” kran gəmisinə matros kimi göndərdi və 2018- ci ilin noyabr ayının 15- nə kimi o gəmidə işlədim. Matros vəzifəsindən kapitan vəzifəsinə kimi qalxdım.

– “Azərbaycan” gəmisi ilə Dənizdə ən əhəmiyyətli işlər görüldü…

– Düz deyirsən, və “Günəşli” yatağinda olan dayaq blokların quraşdırılmasında iştirak etmişəm. Mənə qismət olub Azərbaycan Respublikası və xarici şirkətlər tərəfindən imzalanmış Əsrin Neft müqaviləsində iştirak etmək və az da olsa bu işdə əməyim olub.

– Seydulla bəy, hazırda Mucuqdasan. Ara-sıra paylaşımlar edirsən. Dənizçi olsan da deyəsən şəhərli ola bilmirsən, torpaq, yurd yuva səni daha çox çəkir.

-Onu düz qeyd elədin hal-hazırda Qusar rayonun ən səfalı yerlərindən biri olan Mucuq kəndindəyəm. Nə qədər dənizdə olsaq da şəhərdə olsaq da, bizi həmişə doğma torpağa çəkir və bu torpağın qədrini bilməliyik.

Özünün dediyin kimi, Azərbaycanımızın gözəl bir guşəsində istirahətdə olmağın dənizdəki stresləri atmağa kömək edirmi?

-Bu dəfə olan o çətin iş növbəsindən sonra 16 gün karantin və 60 günlük işdən sonra bura gəlməy lap yerinə düşdü. Hər dəfə bu torpağa gəlib nəfəs alanda, burdakı sudan içəndə, dənizdə olan bütün çətinlikləri və o yorğunluğu  yaddan çixarırsan burda olan gözəl insanlarla ünsiyyətdə olursan,  gələcək işlərə və çətinliklərə hazır olursan.

– Özün də qeyd etdiyin kimi, XDND-nin flaqmanı sayılan “Azərbaycan” gəmisinin kapitanısan, işinin çətinliyi nədədir?

-Gəmilərin balaca və böyüklüyünə baxmayaraq hərəsinin öz çətinliyi olur və o çətinliyini aradan qaldırmaq üçün peşəkar heyət olmalıdı. Uzun müddət “Azərbaycan” kran gəmisində kapitan işləmişəm və gəmidə olan o peşəkar heyətə inanmışam, Elə bu inamla da çətinliklərin öhdəsindən gəlmişik. Hər bir gəmidə heyət peşəkar olmayanda və çətinliklərə hazır olmayanda o gəmidə işləmək tək kapitan üçün çətin olmur, həm də bütün heyət üçün çətin olur.

– Səninlə “Dənizçi həyatı” layihəsində həmsöhbət olmağımın fərqindəsən, yəqin. Dənizçi hətayı deyiləndə, əsas nə nəzərdə tutulur?

– Biz dənizçilər həyatın çoxunu dənizdə və gəmidə keçirdirik. Biz evdə olanda da dənizi, gəmini fikirləşirik. Kim söyləsə ki, evdə olanda dənizi, yada gəmini və o gəmidə olan həmkarları fikirləşmirəm, demək o dənizçi deyil,  ya da o adam təsadüfən gəmiyə düşüb.
– Seydulla komandir, sənin doğulduğun Qusar rayonundan çox sayda dənizçi var. De, sənin dənizə gəlməndə onların rolu olubmu, yoxsa dağlar qoynunda yaşayan birisini dəniz özünə başqa səbəblərdən çəkib?

-Qusar rayonundandan,  bizim kənddən  də dənizşilər olub, hal hazırda da işləyən dənizçilər var. Ancaq mən hərbçi olmaq istəmişəm və dənizə də təsadüfən düşmüşəm. Bunun da səbəbkarı dayım Kərimov Siyavuş olub. O vaxtlar o, gəmidə  Elektromexanik işləyirdi. Bələ də mənim dənizçi həyatım başlayıb.

-De, dənizçilik həyatı sənə nə verdi, nələri qazandın, itirdiylərin oldumu? Oldusa nələri itirmisən?

-Dənizçilik həyatı mənə cox şey verdi, ən əsası da insanlar, yoldaşlar, dostlar. İşlədiyim müddət də mənim qazandığım “Azərbaycan” kran gəmisinin deyərdim bütün XDND- də seçilən o peşəkar və mehriban heyəti oldu. O heyət ki, qarşılaşdığı bütün çətinliklərə baxmayaraq işlərinin öhdəsindən gəlirdivə bu gün də elədir. Mənim qazandığım hal- hazırda işlədiyim “ İ. Hüseynov” gəmisinin heyəti oldu, hansı ki, 2019-cu il may ayında böyük fəlakətin qarşisini ala bildilər, yanğını söndürdülər. Əfsuslar olsun ki, o hadisələrdə bir əcnəbi vətəndaşı itirdik.

Bəzi həmkarlarımı cavan vaxtlarında itirmişəm, həmişə yadıma düşəndə həyifslənirəm. “Azərbaycan” gəmisində uzun müddət işlədiyim kapitanım, olmuş Çingiz  Əliyevi  tez-tez xatırlayırıq. “ İ.Hüseynov” gəmisində cavan həmkarımız Əmralı Əmirzadəni itirdik və bu itkiləri heyətnən söhbətlərdə daima xatırlayıb,  və çox heyifslənirik.

-Dost itkisinə kədərlnib heyfslənəyindən bəhs etdin, de, heç heyfsəndinni niyə dənizçi oldum?

-Uzun müddət dənizdə qalanda fikirləşirsən qıraqda işləsəydin həmişə hamı kimi ailənin yanında olardım, belə şeylər olur, ancaq yenə əmin deyiləm, qiraqda dənizdəki kimi iş maraqlı olardı mənim üçün.

 -Çoxlu sayda dənizçimiz var ki, xarici sularda işləyib, Azərbyacan dənizçisini, azərbaycanlı xarakterini dünyaya tanıdıb. Onlara həmkar kimi sözün nə olardı?

-Çoxlu dostlarım, həmkarlarım xarici sularda işləyirlər, birinci onlara o çətin işlərdə uğurlar arzulayıram, can sağlığı diləyirəm. Şox istəyirəm ki, heç vaxt unutmasınlar ki, onlar Azərbaycan vətəndaşıdılar və bizim vətənimizi təmsil edirlər. İşlədiyim müddətdə çoxlu əcnəbi dənizçilərlə işləmişəm və əminliklə deyə bilərəm ki, bizim dənizçilərimiz onlardan heç də geridə deyillər  və onlardan üstündülər. Cavan həmkarlara tövsiyyəm olardı həmişə çalışsın, təkmilləşsin və xarici dili öyrənsin.

– O dənizçilərimiz ölkəmizin düşdüyü siyasi oyunlara, cəlb olunan qarşıdurmaya, torpaq itkisinə, müharibəyə və təklənməyimizə görə təbliğat aparırlar. Sən Bakıda qaldın, getmək, bu işləri görmək və daha çox maaş almaq istəmədin. Nədən?

– 1995-ci ildə Əsrin Neft müqaviləsi işləri başlayanda “Azərbaycan” gəmisində Baş köməkçi vəzifəsində işləyirdim və o vaxtlar əcnəbilər gəmiyə gələndə yerlilərə başqa bir münasibət var idi. Amma  vaxt getdikcə bu münasibət deyişildi. 20 yanvar və Xocalı soyqırımı günləri gəmidə o hadisələrə aid təbliğat şəkillər yerləşdirirdik və onlara faciəmizi başa salırdıq,  izah edirdik. “Azərbaycan” gəmisində olan işçilər tərəfindən maliyə dəstəyilə Azərbaycan xəritəsi və Odlar Yurdu yazısı olan köynəklər sifariş verdik və “Saipem” şirkətinin işçisi tərəfindən İtaliyada uşaq futboll komandasına hədiyyə edildi. Yəni təbliğat etmək üçün heç də xarici sularda üzmək lazım deyil, yetər ki, istək olsun, vətənə bağlığılq olsun.

– 1990-cı ilin 20 yanvarında hansı gəmidə idin və vəzifən nə idi? O günləri xatırlayırsanmı. Nə deyə bilərsən?

-20 yanvar hadisələri ərəfəsində biz “Azərbaycan” gəmisində “Günəşli” yatağında işləyirdik və hava şəraitinən əlaqədar olaraq Çilov adasına gəldik və orda bu hadisələrdən xəbər tutduq. Kapitan Zeynal Məmmədov,  Baş köməkçi isə Çingiz Əliyev idi. Ayin 20-də səhər tezdən Çilov adasında olan gəmilər Bakı buxtasına tərəf getdilər və bizim gəminin hərəkət etməsinə bəzi manelər oldu. O zaman baş köməkçi Çingiz Əliyev gəmi komandanlığını öz özərinə götürdü, Bakı buxtasına tərəf hərəkət elədik. Buxtaya çatanda “S.Orucov” gəmisinin göstərişinə uyğun buxtadan çixiş kanalında lövbərdə  dayandıq.

– Dənizçilərimiz tərəfindən yeni bir qurum yaranıb. DSD İB adlanan bu qurumdan gəzləntilərin nədir?

– Sənə və bütün DSD-çilərə bu yolda uğurlar arzulayıram. İstərdim ki, siz dənizçilərin problemlərini işıqlandırasız və həllində köməklik göstərəsiniz. Bu günlərdə xarici sularda işləyən həmkarların banklarnan əlaqədar çətinlikləri yaranıb imkan daxilində bu məsələni işıqlandırardız. İstərdim siz təcrübəli dənizçilərlə müsahibə götürəsiz, onların keçdiyi yol, əslində bir məktəbdir.

– Müsahibəyə görə çox sağ ol.

-Təşəkkür edirəm ki, belə bir layihə ilə dənizçilərimizə dəyər verirsən.
Söhbətləşdi: Faiq Balabəyli

 

 

Share: