Tanrı, haqq üstünə qanadını gər, Hər oğul sinəsi səngərdi, səngə

AYSEL NAZIM

 

Turan ordusu

 
(Şanlı türk ordusunun yurdumuza gəlişi münasibətilə)
 
 
Fərəh donu geyib torpağım, daşım,
 
Sənə qucaq açıb bacım, qardaşım.
 
Sevinir ürəyim, gülür yaddaşım,
 
Yurduma xoş gəldin Turan ordusu!
 
 
Cahana bəllidir uca şöhrətin,
 
Dərmanı səndədir acı möhnətin.
 
Nicat bayrağısan ulu millətin,
 
Yurduma xoş gəldin Turan ordusu!
 
 
Döyüş meydanında qaya tək duran,
 
Amansız düşmənə zərbələr vuran.
 
Bir əlində qılınc, birində “Quran”,
 
Yurduma xoş gəldin Turan ordusu!
 
 
Qəlbi iman dolu, ürəyi varlı,
 
Dosta sədaqətli, düz etibarlı.
 
Atatürk əzmli, Heydər vüqarlı,
 
Yurduma xoş gəldin Turan ordusu!
 

Yenilməz qalam

 
Güllü yaylaqlarda çiçəyim ağlar,
 
Yurdda yurd həsrəti sinəmi dağlar.
 
Şuşada, Laçında axan bulaqlar,
 
Qürbətdə üşüyən laylamdır mənim.
 
 
Tanrı, haqq üstünə qanadını gər,
 
Hər oğul sinəsi səngərdi, səngər.
 
Qarabağ uğrunda döyüşən əsgər,
 
Doğma qardaşımdır, balamdır mənim.
 
 
Mələklər şahiddir bu həqiqətə,
 
Ömrün fəda edib ulu niyyətə.
 
Eşq ilə qovuşub əbədiyyətə,
 
Şəhidlər müqəddəs duamdır mənim.
 

Sevgidir

 
Oğrun-oğrun görüşəndə baxışlar,
 
Qəlbi bəzər ilmə-ilmə naxışlar.
 
Tanrı halal duyğuları bağışlar,
 
Ürəklərin qibləgahı sevgidir.
 
 
Sevən gözün qarasında, ağında,
 
Üzü gülür bağçanın da, bağın da.
 
Qanadlanıb arzuların bağında,
 
Diləklərin qibləgahı sevgidir.
 
 
Ocağım nur, atəşim ol, külüm zər,
 
Ürəyini ürəyimə, gülüm, sər.
 
Göy üzündən yer üzünə gülümsər,
 
Mələklərin qibləgahı sevgidir.
 
 
Kövrək duyğum, uçub getmə, qal daha,
 
Hər pıçıltım bir məktubdu sabaha.
 
Ləçəkləri əl eyləyir Allaha,
 
Çiçəklərin qibləgahı sevgidir.
 

Payız qoxusu

 
Bürüyür çölləri sarı naxışlar,
 
Ələnir göylərdən narış yağışlar.
 
İslanır yollara baxan baxışlar,
 
Havadan payızın qoxusu gəlir.
 
 
Qaldıra bilmirəm dərdin daşını,
 
Əl yetmir silməyə gözüm yaşını.
 
Sənsizlik sinəmə qoyub başını,
 
Havadan payızın qoxusu gəlir.
 
 
Şirin nəvazişli sözlərin hanı?
 
Ovutsun könlümdə arzu-gümanı.
 
Ömrümü bürüyüb həsrət dumanı,
 
Havadan payızın qoxusu gəlir.
 
 
Könül rübabımda qırılıb bu tel,
 
Vüsal yollarımı sel basıbdı, sel.
 
Qəlbi çiçək-çiçək kövrəlib Aysel,
 
Havadan payızın qoxusu gəlir.
Share: