TARİX BƏŞƏRİYYƏTİN VİCDANIDIR – Adilə Nəzər yazır

TARİX BƏŞƏRİYYƏTİN VİCDANIDIR

                 (Akif Abbasovun “Sultan II Murad” romanı haqqında)

 

Adətən bir əsər yazılanda hər kəs müəllifə əsərinin uzun ömürlü olmasını arzulayır. Uzunömürlü əsər ortaya qoymaq, uzun zəhmət hesabına başa gəlir. Bu fikir tarixi əsər yazan müəlliflər haqqındaxüsusilə keçərlidir. Bu, yazılan dövrün tarixi hadisələri, obrazların həyat və fəaliyyəti ilə bağlı geniş araşdırma və məsuliyyət tələb edir.

 

Haqqında danışacağım əsər pedaqogika elmləri doktoru, professor, yazıçı, tərcüməçi Akif Abbasovun “Sultan II Murad” romanıdır. Akif müəllimin bu vaxtadək onlarla elmi əsəri, 40-a qədər hekayə və povesti, həmçinin romanları nəşr olunub. Bu roman onun tarixi əsər olaraq ilk əsəridir.

 

Qəbul etsək ki, tarixdə iz qoyan əsərlər əsasən, tarixdə iz qoyan şəxsiyyətlərə həsr olunan əsərlərdir, bu baxımdan Akif müəllimin də məqsədini alqışlamaq gərəkdir.Bu fikrə kifayət qədər sübut gətirmək olar. Uzağa getməyək, bir əsr əvvələ gedib Hüseyn Cavid yaradıcılığına nəzər salaq: qəhrəmanları Peygəmbər, Topal Teymur, Ömər Xəyyam, Şeyx Sənan və s.Yaxud yaxın dövrdə İsa Hüseynov Nəsimi, Nizami və b. obrazları yaratmaqla onları yeni qələmlə, yeni dünyagörü ilə müasir oxucuya təqdim edərək öz adlarını ədəbiyyat tarixinə yazmağı bacarıblar.

 

Sultan II Murad Osmalı sultanlarından altıncı Osmanlı padşahıdır. Əsər o tarixdə Osmanlı paytaxtı olan Ədirnə şəhərində Sultan I Məhmədin bir səhər ova çıxması, ov əsnasında atdan yıxılıb iflic olması səhnəsi ilə başlayır. Bu səbəbdən Məhməd Çələbi ölüm yatağına düşür və taxt-tacını bir vəsiyyətnamə ilə oğlu Sultan Murada ötürərək dünyasını dəyişir. Atasının ölümündən 42 gün sonra saraya yetişən Sultan Murad taxta çıxır.

 

Sonrakı hadisələrin xroniki ardıcıllıqla, dolğun bədii təsvirlərlə günümüzün Azərbaycan türkcəsinə uyğun, yeni ifadə tərzi ilə verilməsi oxucuda maraq doğurur. Bu həm də oxucunu zamanın ab-havası içərisində saxlayır, onu sanki hadisələrin canlı iştirakçısına çevirir.

Əsərdə cərəyan edən hadisələr bədii epizodik səhnələrlə müəllifin öz dilindən təqdim edilir. Sultan II Muradadək olan Osmanlı sultanlarının həyatı və ölümü haqqında qısa məlumatlar verilir.

 

Romanda həmin dövrdə və sonrakı zamanlarda Osmanlı tarixində Düzməcə Mustafa adı ilə anılan Mustafa Çələbinin taxt uğrunda Sultan Murada qarşı apardığı mübarizəsi də yer alır.Mustafa ÇələbiSultan I Məhmədin qardaşı, Osmanlının dördüncü padşahı İldırım Bəyazidin oğludur.

Əmir Teymurla İldırım Bəyazid arasında yaşanan Ankara savaşında İldırım Bəyazid məğlub olur, bunu özünə təhqir sayaraq zəhər içir, oğlu isə əsir düşür. Bu savaşdan18 il sonra meydana çıxan Mustafa Çələbi Osmanlı düşmənləri ilə birləşərək öncə qardaşı Sultan I Məhmədə, onun ölümündən sonra isə Sultan II Murada qarşı ömrünün sonunadək mübarizə aparır. Onun Mustafa Çələbi olduğuna heç kim inanmır, Osmanlılara görə o özündənrazı, yalançı – düzməcə biridir. Ləqəbi də bu səbəbdəndir.

Sin descripción disponible.

 

(Ümumilikdə Osmanlı sultanlığı tarixinə baxanda bu mövzu bir neçə sultanın dövründə gülüş, bəzən də heyrət  doğuran məqamlarla yenidən gündəmə gəlir. Hətta Osmanlının onuncu padşahı Qanuni Sultan Süleymanın dövründə də Düzməcə Mustafa adı ilə peyda olan dırnaqarası qəhrəmanlar olmuşdur. Bəlkə də bu haqsızlığın bir cəza kimi  insan cildində yenidən peyda olması, haqsızlıq edənləri şər qüvvə kimi izləməsidir. Bu başqa bir yazının mövzusudur.) 

 

Əsərdə Sultan II Muradın hökmdarlığı dövründəki müharibələr, zəfərlər qədər müharibələrdə yaşanan hadisələr də təsvir olunur. Belə ki, burada oxucu üçün maraqlı olan kiçik bir detal da savaşların birində yemək vaxtı iki gənc əsgərin bir kənara – xəlvətə çəkilməsi səhnəsidir. Digər əsgərlərin onları görməsi ilə aşkara çıxan səhnədə bu əsgərlərdən birinin qadın olması üzə çıxır. Savaş əmri verilən vaxtüç günlük evli yeni gəlin ərindən ayrılmaq istəməmiş və kişi paltarı geyinərək savaşa qatılmışdır.Bu təsvir türk qadınlarının sevgisini, sədaqətini, eləcə də bütün dövrlərdə öz ərləri, ərənləri ilə bərabər at belində mərdliklə savaşdıqlarını bir daha sübut edir.

 

Əsərin bir bölümündə kiçik Mustafanın sultanlıq iddiası səbəbilə Qaramanoğulları, Gərmiyan bəyləri ilə, sonradan Bizans imperatopu ilə birləşərək qardaşıSultan II Muradın üzərinə qoşun çəkməsi və savaşların birində məğlub olmasından bəhs edilir. (1422 avqust)

Osmanlı tarixində səltənət sahibliyi uğrunda qardaşın digər qardaşlarını, oğulun atanı, atanın oğulu öldürdüyü faktlar çox olmuşdur. Hakimiyyətin dəyişməz qanunu, yaşamaq üçün öldürməlisən, -teoremi o dövrlərdə özünü daha çox təsdiq etmişdir.

 

Dünyada hər şeyə qiymət qoyula bilər, amma bir müəllimin əsərinə qiymət qoyula bilməz. Bu, klassik fəlsəfənin banilərindən sayılan Sokratın sözüdür. Bu fikir “Sultan II Murad”da da özünü göstərir. Romanda müəllifin təhkiyəsi, obrazların təxəyyül gücü ilə bədii təsviri, onlar haqqında əlavə məlumatlarıözündə çox ustalıqla həzm etdirir.Əsərdə çoxlu atalar sözləri, məsəllər işlənmişdir ki, bunlar da onun bədii-estetik dəyərini və gücünü artırır. Məsələn: “Hər daş baş tutmaz”, “Ağılsız başın cəzasını ayaqlar çəkər” və s.

 

Müəllif əsərdə rəvayətlərdəndə nümunələr gətirir, Sultan II Muradın üçüncü xanımı Huma xatunun adının özünəməxsus izahını verir: Huma Hind okeanı adalarında məskən salmış göyərçin böyüklüyündə zümrüd, yaşıl qanadlı mifoloji quşdur. …Ərəb dilində ruh mənasını verən “Hu” və su mənasında işlənən “ma” kəlmələrindən yaranıb. Avrasiya əfsanəsinə görə, “həyat ağacının” kökünü (oxu – toxumunu) ilk dəfə olaraq səmadan və ya dağdan Yerə Huma quşu gətirib.

 

Osmanlı sultanları savaş ənənələri, zəfərləri ilə olduğu qədər hərəmxanaları ilə də məşhur olmuşlar. Bu əsərdə də hərəmxana çəkişmələri, xatunlar arasındakı intriqalar, qısqanclıqlar, hiylələr, yalanlar bir-birini təqib edir. Serb kralının qızı Mara xatun Sultan II Muradın beşinci arvadıdır.Atası tərəfindən məqsədli olaraq evləndirilsə də, sultan onu çox sevər və ona şeirlər söylər. II Murad dövlət xadimi, hökmdar, sərkərdə olmaqla bərabər həm dəşair idi. Onun günümüzədək gəlib çatan şeirləri olmasına rəğmən romanda Mara xatuna Yunus Əmrədən “Gəl gör məni eçq neylədi” şeirini oxuyur. Eyni zamanda Sultan o bölgədə yaşayıb yatarmışYunus Əmrədən əxlaqını, mərdliyini, etibarını, sülhsevərliyini, müdrikliyini nümunə götürmədikləri üçün Qaraman xalqını töhmətləyir.

 

Dünyaye gelen kişiler, yola bile gelmek gerek,

Ölümüni anuban-i dün-ü gün ağlamak gerek.

Bu dünya kahır evidir, ham baki degül, fanidür,

Aldanıban kalma buna tiz tevbeye gelmek gerek.

 

 

Akif Abbasov əsərdə bədii-poetik ovqatı daha da gücləndirmək üçün bu beytləri bilərəkdən seçib – sultanların, xanların qan töküb hökmranlıq qazandıqları dünyanı öz dilindən “qəhr evi” adlandırıb, insanları tövbəyə səsləmək niyyətilə onları əsərin ən emosional hissələrində verməyi bacarıb. Çünki tarix bəşəriyyətin vicdanıdır – dönüb baxdığında insanın insanlığı və insansızlığı görünür.

Qeyd edim ki, Akif Abbasovun “Sultan II Murad” romanı 2016-cı ildə nəşr olunub. Mövzunun davamı olaraq bu il müəllifin “Fateh Sultan Məhmət” romanı da işıq üzü görüb. Uzun ömürlü və oxucusunun bol olması arzusuyla…

 

Adilə Nəzərova,

filologiya üzrə fəlsəfə doktoru

 

Share: